Ordu.az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciətini oxuyub.
Xatırladaq ki, forumda 23 ölkədən 80-dən çox azərbaycanlı alim, ümumilikdə 200-ə yaxın elm xadimi iştirak edir.
Diasporla İş üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin dəstəyi, Dünya Azərbaycanlı Alimlər Dərnəyinin təşkilatçılığı ilə baş tutan tədbir üç gün davam edəcək.
Forumun məqsədi müxtəlif ölkələrdə yaşayan azərbaycanlı alimləri bir araya gətirmək, yerli alimlərlə görüşdürmək, bilik və təcrübə mübadiləsi aparmaq, dünya azərbaycanlı elm adamlarının şəbəkələşməsinə töhfə verməkdir.
Forum çərçivəsində tədbir iştirakçıları işğaldan azad edilmiş ərazilərin bərpası prosesində alimlərimizin bilik və təcrübəsindən yararlanmaq məqsədilə Şuşa və Xankəndi şəhərlərində olacaq, Qarabağ Universitetinin müəllim heyəti ilə müzakirələr aparırlar.
Tədbirdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib ki, müxtəlif ölkələrdə fəaliyyət göstərən “Azərbaycan Evləri”nin sayı 30-a çatıb.
“Xaricdə yaşayan soydaşlarımızın hər biri bizim üçün dəyərlidir. Azərbaycan dilinin inkişafı bizim əsas istiqamətlərimizdən biri idi. Alimlərimizin bir araya toplanması çox mürəkkəb bir proses oldu. Gözləntimiz ondan ibarətdir ki, alimlərimiz həm Azərbaycana, həm də yaşadıqları ölkələrə töhfə versinlər. Azərbaycan bunun üçün dəstək olur. Düşünürəm ki, xaricdə yaşayan alimlər Qarabağ Universitetinə gəlib müəllim, tələbələrə öz təcrübələri ilə töhfə verə bilər.
Diaspora Komitələrinin statistikada sayı çoxdur. Amma bu o demək deyil ki, onların hər biri elmlə məşğul olur. Azərbaycan dövlətinin imkanları çərçivəsində hər il tələbələr xaricdə təhsil almağa gedir. Mövcud olan diaspor təşkilatlarının güclənməsi üçün o tələbələr bu təşkilata qoşulmalıdır.
Əgər inkişaf istəyiriksə, problemləri də bildirməliyik. Biz alimlərin nüfuz qazanıb, gələcəkdə Azərbaycana töhfə verməsini istəyiriksə, problemləri aradan qaldırmalıyıq. Bu gün ən böyük maneə dil faktorudur. Digər bir əngəl isə texnologiya ilə bağlıdır.
Bu kimi texniki problemlər var və istəyirik ki, elmlə məşğul olan şəxslər buna diqqət yetirsinlər. Ümumiyyətlə, müşahidələrimiz göstərir ki, elmlə məşğul olan insanlar şəxsi inkişaf üçün ölkədən gedir. Burada həm mənfi, həm də müsbət tərəf var. Onlar nəticədə Azərbaycanda olan proseslərə dəstək verə bilərlər. Bu baxımdan, biz hazırıq ki, proses daha faydalı və yumşaq keçsin”, - deyə F.Muradov əlavə edib.
Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev isə qeyd edib ki, Azərbaycanda elmlə bağlı ən böyük problemlərindən biri ciddi bir tranformasiyadan keçməsidir.
Nazir qeyd edib ki, elm haqqında müzakirə aparmaq elmlə məşğul olmaqdan daha asandır.
“Müzakirələr hərəkətə keçmirsə, biz inkişaf görə bilmərik. Biz elmlə bağlı rəqəmlərə baxdıqda vəziyyətin nə yerdə olduğunu bilərik. Rəqəmlər heç də ürəkaçan deyil. Elmin inkişafı üçün onilliklər lazımdır. Azərbaycan 30 il ərzində kifayət qədər təlatümlü vəziyyətdən keçib. Vacib məqamlardan biri ölçüləbilən məqsəd müəyyən edilməsidir.
Müasir elmi tədqiqatlar çox böyük maliyyə tələb edir. Amma biz daha uyğun sahələrdə nailiyyət əldə edə bilərik. Kifayət qədər çox ictimai müzakirə var. Amma onların içərisində elm çox azdır. Bu hay-küylü fikirlərdən elmə gedən yollarda nümunələrə ehtiyac var. Elmlə məşğul olan insanları biz tanımırıq, görmürük.
Düşünürəm ki, vacib digər məqam xaricdə təhsil proqramlarıdır. Bu proqramlar Azərbaycanın gələcəyini müəyyən edə bilər. Son 3 il ərzində hər il 400-ə qədər şəxsi xaricdə təhsilə göndərdik. İnanıram ki, onların böyük qismi Azərbaycana töhfələr verəcək”,- deyə nazir əlavə edib.
Ordu.az