NATO liderləri Ukrayna üzərində raketlərin vurulması potensialını müzakirə edirlər

2024/09/1725693450.jpg
Oxunub: 398     18:32     09 Sentyabr 2024    
NATO liderləri Ukrayna səmasında Rusiya raketlərinin müttəfiqlərin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulması imkanını müzakirə ediblər.

Ordu.az xəbər verir ki, Litva prezidenti Gitanas Nauseda və Polşa prezidenti Anjey Duda Varşavada birgə mətbuat konfransında bu planı müzakirə etdiklərini bildiriblər.

Bir çox ölkələr bu cür müzakirələrə təşəbbüs göstərir və bu qərarın NATO səviyyəsində qəbul edilməsini istəyir.

“NATO ölkələri bu məsələ ilə bağlı müzakirələrə başlayıblar. Bu gün biz mübahisənin bitdiyini və ya konkret nəticə əldə etdiyimizi deyə bilmərik”, - deyə Duda qeyd edib.

Duda həmçinin qeyd edib ki, o, fevralda Parisdə dövlət başçılarının görüşündə Ukrayna ərazisi üzərində Rusiya raketləri və pilotsuz uçuş aparatlarının vurulması təklifi ilə bağlı hesabat təqdim edib.

Lakin verilən məlumata görə, NATO liderlərinin bu məsələ ilə bağlı fikirləri fərqlidir.

Sentyabrın 2-də NATO üzv ölkələrin hava məkanını hücumdan müdafiə etmək hüququnu tanıyıb. Lakin NATO ölkələrin Ukrayna sərhədi yaxınlığında Rusiya raketlərini vurmağa başlayacağı təqdirdə bütövlükdə Alyans üçün mümkün nəticələr barədə xəbərdarlıq edilib.

NATO sözçüsü isə bəyan edib ki, NATO münaqişə tərəfi deyil və münaqişənin bir hissəsi olmayacaq. Sözçü xəbərdarlıq edib ki, əgər müttəfiqlər Rusiya raketlərini vursalar, bu, bütün Alyans üçün nəticələrə gətirib çıxaracaq.

Bundan əvvəl Polşanın xarici işlər naziri Radoslav Sikorski demişdi ki, Polşa Ukrayna ərazisində Rusiya raketlərini vurmalıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   NATO  


Bizi "telegram"da izləyin