“Polad Günbəz”i Anlayaq: Türkiyənin strateji obyekti “Akkuyu” necə qorunacaq?

2024/08/1724846846.jpg
Oxunub: 3743     10:32     29 Avqust 2024    
“Polad Günbəz” (Çelik Kubbe) İnteqrasiya Edilmiş Hava və Raket Hücumundan Müdafiə Sistemini daha yaxşı başa düşək. Türkiyə “Akkuyu” Atom Elektrik Stansiyasını (AES) hava təhdidlərindən necə qoruyacaq?

Hava Hücumundan Müdafiə (HHM) son vaxtlar çox populyarlaşıb. Xüsusilə Türkiyə Müdafiə Sənayesi İcraiyyə Komitəsinin son iclasından sonra “Polad Günbəz” ilə bağlı qərar onu daha da populyarlaşdırdı. Daha əvvəl “Polad Günbəz”dən dəfələrlə bəhs etdiyimiz üçün təfərrüata varmayacağıq.

Ancaq bir cümlə ilə ümumiləşdirək: “Polad Günbəz” bütün HHM silahı, sensor və komanda-nəzarət infrastrukturunun tək bir şəbəkəyə qoşulmasını və bölmələrin bu şəbəkə üzərindəki vəzifə öhdəliklərinə uyğun olaraq müvafiq bölmələrə komandanlıq etmələrini təmin edəcək.

“Polad Günbəz”i başa düşmək üçün əvvəlcə HHM-in nə olduğunu başa düşməliyik. Bu yazıda əsas prinsipləri ilə HHM-in nə olduğundan bəhs edəcəyik.


“Akkuyu” Nümunəsi Üzərindən HHM

Məsələn, Türkiyə “Akkuyu” AES-i hava təhlükələrindən necə qoruyacaq? İndi hava təhdidləri əsasən iki yerə bölünür. Bunlar “hava ilə nəfəs alan” və ballistik təhdidlərdir. Hava ilə nəfəs almaq dedikdə, döyüş təyyarəsi, Pilotsuz Uçuş Aparatı (PUA), qanadlı raket, helikopter və s. nəzərdə tutulur.

Balistik təhdidlər isə, adından da göründüyü kimi, ballistik raketlərdir. Bunlara artilleriya, minaatan və raket sursatları da əlavə edilə bilər.

HHM Təbəqələri

1. Çox Aşağı Hündürlük
2. Aşağı Hündürlük
3. Orta Hündürlük
4. Yüksək Hündürlük

Çox Aşağı Hündürlük

Çox Aşağı Hündürlük təbəqəsindəki sistemlər maksimum 3 min metr yüksəkliyə qədər təsirli olur. “Korkut” HHM Top Sistemi və ya “Sungur” Portativ HHM Raketi kimi sistemlər bu təbəqənin üzvləridir.


Əsas hədəfləri arasında qanadlı raketlər, aşağı hündürlükdə uçan hava vasitələri, “hava-yer” raketləri, artilleriya və minaatanlar yer alır. Bu sistemlər qısa mənzilə malik olduğu üçün “Nöqtə HHM-i” funksiyasını yerinə yetirir. Yəni qorunacaq obyektin daxilində yerləşir. Çox Aşağı Hündürlük təbəqəsindəki sistemlər 3 ilə 5 min metr yüksəkliklərə qədər təsirli olur.

Aşağı Hündürlük

Bu gün “Çox Aşağı Hündürlük” və “Aşağı Hündürlük” təbəqələri bir-birinə qarışmağa başlayıb. “Hisar-A” və ya “Rapier” kimi sistemlər Aşağı Hündürlük təbəqələrində yerləşir. Onun əsas hədəflərinə sabit qanadlı və kvadrokopter tipli pilotlu/pilotsuz uçuş aparatları, qanadlı raketlər və “hava-yer” raketləri daxildir.


Bu sistemlər 6 ilə 15 kilometr mənzilə malikdir. Buna görə də obyektin daxilində və ya obyektə yaxın ərazidə yerləşdirilir.

Orta Hündürlük

Orta Hündürlük təbəqəsindəki sistemlər 5 ilə 10 min metr yüksəkliyə qədər təsirli olur. “Hisar-O” və ya “Hawk” kimi sistemlər bu təbəqədə yerləşir. Digər iki təbəqədəki sistemlərlə müqayisədə daha mürəkkəb bir batareya quruluşuna malikdir. Əsas hədəfləri arasında sabit qanadlı və kvadrokopter tipli pilotlu/pilotsuz uçuş aparatları və xüsusilə qanadlı raketlər yer alır.

Bu sistemlərdə ümumiyyətlə birdən çox önləyici raket variantı var. Məsələn, “Hisar-O” RF və ya IIR axtarış başlıqlı 2 fərqli raketdən istifadə edə bilər. Biri 25+ kilometr, digəri isə 40+ kilometr mənzilə malikdir. Əslində, orta hündürlükdə HHM sistemlərinin mənzili 15 ilə 40 kilometr arasında dəyişir.


Bu sistemlər ümumiyyətlə bir-birinə yaxın iki kritik obyektin ortasında yerləşdirilir. Orta hündürlük sistemlərini aşağı hündürlükdən gələn hücumlardan qorumaq üçün aşağı və çox aşağı hündürlük sistemləri lazımdır. Çox aşağı və aşağı hündürlükdə olan HHM sistemləri orta hündürlük sistemlərinin missiyasını yerinə yetirməyəcəyi kimi, orta hündürlük sistemləri də onların missiyasını yerinə yetirməyəcək. Bu səbəbdən biz buna təbəqəli HHM deyirik.

Yüksək Hündürlük

Yüksək hündürlüyə gəldikdə, 10 min metrdən yuxarı yüksəkliklərdə təsirli olan sistemlərdən danışırıq. “Siper”, S-400 və ya “Patriot” kimi sistemlər bu liqadadır. Onların mənzili 40 kilometrdən çoxdur. Bu sistemlər son dərəcə mürəkkəb sistemlərdir, qabaqcıl radar və elektro-optik sensor sistemlərinə və komanda-nəzarət mərkəzlərinə malikdir.

Bu cür sistemlər yalnız bir nöqtənin HHM-i üçün deyil, həm də geniş ərazinin HHM-i üçün istifadə olunur. Yəni çox aşağı hündürlük və ya aşağı hündürlük sistemləri ilə bir nöqtə və ya kənd/məhəllə ölçüsündə bir ərazi, orta hündürlük sistemləri ilə isə bir neçə kənd qorunarkən, yüksək hündürlük sistemləri ilə bütöv bir rayon qorunur. Orta hündürlük və çox aşağı/aşağı hündürlük sistemləri də yüksək hündürlük sistemlərini hava təhlükələrindən qoruyur.


Yəni təbəqənin deşilməsinin qarşısını almaq və bu səbəbdən ərazini effektiv şəkildə qorumaq üçün bu 4 fərqli təbəqədə bütün sistemlərə sahib olmalısınız. Biz bu təbəqəyə Anti-Ballistik Raket Sistemlərini də daxil edə bilərik. Hazırda dünyada ABŞ və İsraildən başqa elə bir ölkə yoxdur ki, özünün anti-ballistik raket sistemini tam inkişaf etdirsin və onu döyüşlərdə sübut etsin. Türkiyə yəqin ki, “Siper” Layihəsi çərçivəsində anti-ballistik raket də inkişaf etdirəcək.

Nəticə olaraq “Akkuyu” kimi kritik bir obyektin təhlükəsizliyi üçün “Korkut” və “Hisar-A+” sistemlərindən ibarət qarışıq batareya obyektə, “Hisar-O+” batareyası obyektin yaxınlığında, “Siper” batareyası isə obyektin yerləşdiyi şəhərə yerləşdirilməlidir.

6. Türkiyədə təbəqəli HHM-in vəziyyəti necədir?

Çox Aşağı Hündürlük sahəsində “Korkut” və “Sungur” sistemləri inventardadır. Onların tədarükü davam edir. Bundan əlavə, MAR və AKR kimi bir çox sensor sistemləri də inventardadır. Bundan əlavə, dəniz sahəsində də “Gökdeniz”dən istifadə olunur. “Burç” və “Gürz” kimi yeni sistemlər də inkişaf etdirilir.

Aşağı Hündürlük sahəsində “Hisar-A” inventardadır və tədarüklər davam edir. Dəniz platformaları üçün də “Göksur” və “Levent” kimi sistemlər inkişaf etdirilir. MAR və AKR kimi radarların daha təkmil versiyaları da bu təbəqədəki sistemlərdə istifadə olunur. “Hisar-A”nın təkərli versiyası ilə yanaşı, tırtıllı avtomobilə quraşdırılmış avtonom “Hisar-A” da inventardadır. Avtonom “Hisar-A”da raketlər və sensor sistemləri tək bir vasitəyə yerləşdirilir və bu vasitə tək başına hava hədəflərini nişan ala bilir. Tədarüklər də davam edir.


Orta Hündürlük təbəqəsində “Hisar-O” inventardadır. 25+ kilometr mənzilli IIR axtarış başlığına malik “Hisar-O” Raketi və 40+ kilometr mənzilli RF axtarış başlığına malik “Hisar-RF” Raketi mövcuddur. Bu sahədə hədəfləri aşkar etmək üçün “Kalkan” Radarı fəal şəkildə istifadə olunur. Tədarüklər də davam edir. “Gökdemir” kimi yeni sistemlər də inkişaf etdirilir.

Yüksək Hündürlük sahəsində “Siper”in qəbul fəaliyyətləri hazırda “Siper Blok I” Raketi ilə davam edir. Yəqin ki, tezliklə inventarda olacaq. 400-500 kilometr mənzilə malik “Eralp” Radarı inventara qəbul edilib və xüsusi atəşə nəzarət radarı da mövcuddur. Bundan əlavə, aşağı hündürlükdə radar kimi bəzi əlavə sensor sistemləri də “Siper”i dəstəkləyəcək. “Siper” çox mürəkkəb, “Patriot” və S-400-ə bərabər bir sistemdir.

“Siper” ilə Türkiyənin “hava ilə nəfəs alan” hədəflərə qarşı təbəqəli HHM şəbəkəsi tamamlanacaq. Bundan sonra əsas məqsəd bu sistemlərin yayılması və anti-ballistik raketlərin inkişaf etdirilməsi olacaq.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polad-Günbəz   Türkiyə   HHM  


Bizi "telegram"da izləyin