Ömər aşırımından keçib Kəlbəcərə getmək...

2024/08/1725011241.jpg
Oxunub: 807     14:23     06 Sentyabr 2024    
Bundan sonra biz əbədi bu yolla gedəcəyik

Bunu xəyal etməyi ağlımıza da gətirməzdik. Çünki bir zamanlar o yol keçilməz idi, frazeoloji anlamda deyil, əsl mənada. Ömər aşırımı yerdən 3260 metr hündürlükdədir. O dağların altından tunel çəkmək isə bir ayrı qəhrəmanlıqdır, möcüzədir. Yay aylarında Kəlbəcərə, İstisuya yalnız Ağdərənin kələ-kötür yolları ilə gedərdik zamanında. Yay gəldimi, Arandan dağa daşınan elatın qoyun-quzu, mal sürüləri, alaçıqlı köç karvanları Kəlbəcərə yetişmək üçün günlərlə Ağdərə yollarında qalardı, amma getmək üçün o yollarda əziyyət çəkməyə dəyərdi. Çünki Kəlbəcər dağı-daşı, meşələri, dərə kənarları, yalı-yamacı ilə bir cənnət idi. Dövlətimiz və xalqımız onu yenidən cənnətə çevirəcək. Azərbaycan dövlətinin və xalqının birinci məqsədi azad edilmiş torpaqlarında həm iqtisadi, siyasi, həm də hərbi cəhətdən möhkəmlənmək, ikinci məqsədi isə 30 ildir ağır şəraitdə yaşayan insanları layiqli bir şəkildə ev-eşiklərinə, yurd-yuvalarına qovuşdurmaqdır. Bunun üçün ilk növbədə dağıdılmış, viran edilmiş yurd yerlərimizi yaşanacaq vəziyyətə gətirməkdir.

İşğal dövründə ermənilər Laçın dəhlizindən başqa Kəlbəcərdən Basarkeçərə yol çəkmişdilər, yəni bizim Göyçə mahalımıza. Bu azmış kimi, üçüncü yol - Ermənistanı Cəbrayıl rayonuna birləşdirən yol da çəkmək istəyirdilər. Yəni Qarabağı və Şərqi Zəngəzuru hər üç tərəfdən Ermənistana birləşdirmək...

Dünya isə sakitcə tamaşa edirdi bu teatra. Onların başı teatra qarışmışkən, 2021-ci ilin avqustunda Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan xanımı ilə bərabər həmin o "birləşdirici" yollardan rahatca keçib Ömər aşırımının zirvəsinə qalxdılar və bayrağımızı orada əbədi dalğalandırdılar. Çünki Azərbaycanın qəhrəman Ordusu qısa zamanda strateji yüksəklikləri götürərək, erməniləri istifadə etdikləri nəqliyyat-kommunikasiya infrastrukturundan məhrum etmişdi.

Qısa müddətdə Daşkəsəndən 70 kilometr məsafədə 110 kv-luq yüksəkgərginlikli ikidövrəli elektrikötürmə xətti çəkildi. Murov dağını aşmaqla çəkilən xətt dəniz səviyyəsindən 3400 metr yüksəklikdə quraşdırıldı. Bu, böyük peşəkarlıq və məharət tələb edirdi. Cəmi 6 aydan sonra 110/35/10 kv-luq "Kəlbəcər" yarımstansiyası Azərbaycanın ümumi enerji sisteminə qoşuldu. Qamışlı kəndində 80 MVA gücündə transformatorlar quraşdırıldı. Yarımstansiyada 110 kilovoltluq açıq, 35 və 10 kilovoltluq apalı paylayıcılar yaradıldı. Bundan sonra Kəlbəcərdə genişmiqyaslı layihələrin həyata keçirilməsinə başlanıldı. Sovet dövründə işığın, elektrikin olmadığı ucqar bölgələrdə müasir elektrik şəbəkələri yerləşdirilir. Ümumilikdə, rayon ərazisində müxtəlif güclərdə 15 komplekt transformator məntəqəsi quraşdırılıb. 2021-ci ildə Azərbaycan Prezidenti Lev çayının üzərində generasiya gücü 4,4 meqavat olan elektrik stansiyasının təməlini qoydu. Sonra da Levin sahilində çay içərək, gerçək ədalətin necə bərpa edildiyini dünyaya nümayiş etdirdi.

Ən başlıcası Kəlbəcər və Laçın istiqamətində dövlət sərhədimiz möhkəmləndirildi. Müdafiə Nazirliyinin və Sərhəd Qoşunlarının xətti ilə bütün sərhəd boyu - Murovdağdan Araz çayına qədər sərhəd infrastrukturu, hərbi hissələr yaradıldı, möhkəmləndirildi. Şəhidlərimizin qanıyla qazandığımız Zəfər ölkəmizin mənəvi-psixoloji ovqatını yüksəltdi. Hazırlanan sosial-iqtisadi inkişaf proqramları, böyük qayıdış layihələrini insanlarımız həyəcanla izləyir.

Bundan sonra daxili əhəmiyyət daşıyan 700 kilometrlik yolların tikintisinə start verildi. Paralel şəkildə şəhərlərarası yolların da çəkilişi sürətlə davam etdirilir. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun layihə uzunluğu 81 kilometrdir. Dövlət başçısının tapşırığına əsasən, yol 2-4 hərəkət zolaqlı olmaqla, 1-ci və 2-ci texniki dərəcəyə uyğun inşa edilir. Layihənin 16-cı kilometrlik hissəsindən Murovdağ silsiləsi başlayır və yüksəklik 1900 metrdən Murovdağ zirvəsinədək 3260 metrə qədər artır. Murovdağ silsiləsinin altından isə 11.6 kilometrlik tunelin tkintisi sürətlə davam etdirilir. Mütəxəssislər bu mühüm əhəmiyyətli yolların artıq 80 faizinin başa çatdığını bildirirlər. Bu cür mürəkkəb relyefli ərazilərdən yol çəkmək üçün onilliklər sərf olunurkən, Azərbaycan həqiqətən möcüzələr yaradır, dağların altı ilə qısa müddətdə on kilometrlərlə tunellərin tikintisini başa çatdırmaq üzrədir. Nəhəng tunelin tikintisi ilə bərabər, Kəlbəcərdən İstisuya 26 kilometrlik yol tikintisi davam edir, Kəlbəcərdən Laçına salınacaq yol isə Laçın Beynəlxalq Hava Limanına qədər uzanacaq.

Kəlbəcər faydalı qazıntı yataqları, şəfalı təbiəti ilə yanaşı, İstisu mineral ehtiyatı və "İstisu" sanatoriyası ilə məşhur idi. Dövlətimiz milli dəyərlərinə, maddi və mənəvi sərvətlərinə sahib çıxmaqla yeni inkişaf istiqaməti götürüb. Kəlbəcərdə görülməsi nəzərdə tutulan işlərdən biri də "İstisu"ya öz əvvəlki şöhrətini qaytarmaqdır. 2022-ci ilin iyun ayında Azərbaycan Prezidenti cənab İlham Əliyev Kəlbəcərdə "İstisu" mineral su zavodunun təməlini qoydu. Zavodda həm şüşə, həm də plastik butulka istehsalı xətlərinin qurulması nəzərdə tutulur. Müəssisədə gündə 327 min, ildə isə 95 milyon butulka mineral su istehsal olunacaq. 200 metr dərinlikdə yeni quyu qazılıb. Akademik tədqiqatlarlar sübut edib ki, bəzi kimyəvi tərkibi, fiziki xüsusiyyətləri və müalicəvi əhəmiyyətinə görə İstisu dünyada yeganədir. Kiçik Qafqazın silsilə dağ yamaclarından qaynayıb axan Kəlbəcərin isti və köpüklü suları Karlovı Varı suları ilə eyni keyfiyyətə malikdir. 12 bulaqdan ibarət olan İstisu mineral bulaqlarının kimyəvi tərkibinə görə dünyada analoqu yoxdur. Burada suyun temperaturu müsbət 58,8 dərəcədir. Bəzən temperatur səthdə 74, dərinlikdə 90 dərəcəyə çata bilir.

Artıq "İstisu" sanatoriyasının da tikintisi sürətlə davam etdirilir. Mütəxəssislərin hesablamalarına görə 34 hektar ərazidə salınan "İstisu" İstirahət-Müalicə Kompleksi gündəlik 300 nəfər qəbul etmək imkanına malik olacaq. Kompleksdə 10 kottecin də tikilməsi də nəzərdə tutulub. Heyvandarlar, arıçılar da artıq Kəlbəcər yaylaqlarına geri dönüb. Yamaclarda, yaylaqlarda qoyun sürülərimiz otlayır.

İşğal və Zəfər muzeyləri də çox keçmədən kəlbəcərlilərin və turistlərin ziyarətgahına çevriləcək. Şəhərin mərkəzində çoxmənzilli binalar, ətrafda isə həyətyanı sahəsi olan fərdi evlər tikiləcək. Mütəxəssislərə görə, növbəti 20 il ərzində Kəlbəcər şəhərinin ərazisi 237 hektara, əhalisi isə 17 min nəfərə çatacaq.

Kəlbəcərdə qısa vaxt ərzində davam edən nəhəng qayıdış layihələri cildlərə sığmayacaq qədər çoxdur. İşğaldan azad olunmuş digər bölgələrimiz kimi, Şərqi Zəngəzur İqtisadi Regionuna aid olan Kəlbəcərdə də sürətli bərpa-quruculuq işləri aparılır, orada yenidən həyat canlanır...

Yazı "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsinə təqdim etmək üçündür.

Lalə Hüseynova, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ordu   Vətən   Azərbaycan  


Bizi "telegram"da izləyin