Azərbaycan Əsgəri: “Tapşırıqları cəld yerinə yetirmək üçün fiziki hazırlığımız yüksək olmalıdır”

2024/08/fd43b-1723303006.jpg
Oxunub: 386     15:45     16 Sentyabr 2024    
Azərbaycan Ordusunda xidmət edən hərbçilərimizin fiziki cəhətdən möhkəm, güclü olmaları onların döyüş ruhunu daha da artırır. Belə ki, fiziki hazırlıq döyüş hazırlığının tərkib hissəsi olduğu üçün ordu sıralarında bu məşğələyə xüsusi diqqət ayrılır. Yuxarı komandanlığın tapşırıqlarına əsasən bütün hərbi hissələrdə yeni və müasir idman şəhərcikləri salınır, müasir tələblərə cavab verən və ən son model idman qurğuları ilə təchiz olunan idman otaqları yaradılır.

Belə ki, "N" hərbi hissəsində olarkən qarşılaşdığımız mənzərə dediklərimizi bir daha təsdiqlədi. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nurlan Məmmədovun nəzarəti altında cəsur Vətən müdafiəçilərimiz fiziki hazırlıqlarını artırmaqla məşğul idilər. İlk öncə burada yaradılan səliqəli və geniş əraziyə sahib olan idman şəhərciyi diqqətimizdən yayınmadı. Müxtəlif və çoxlu sayda idman alətləri, basketbol və volleybol üçün ayrılmış meydançalar hər birimizdə xoş təəssürat yaratdı. Məğrur əsgərlərimizə mane olmamaq üçün onları kənardan seyr etdik. Əsgərlər sərbəst şəkildə və bir nəfər kimi verilən tapşırıqları icra etmələri bizləri qürurlandırırdı. Sonra isə hər birimizin diqqətini özündə cəmləyən isə burada idmanın qol güləşi üçün ayrılmış masa oldu. Əsgərlərimiz burada bir biriləri ilə qol güclərini sınayırdılar.

Gərgin mübarizə isə əsgər İlqar Paşayev ilə İlkin Kərimov arasında oldu. Onların mübarizəsi bitmək bilmirdi. Lakin bu idmandır və mütləq ki, burada biri qalib gəlməlidir. Çətinliklə də olsa əsgər İlkin Kərimov rəqibini məğlub edə bildi. Məşğələyə ayrılan müddət başa çatdıqdan sonra ilk öncə qalib əsgərə yaxınlaşıb həmsöhbət olduq. Bildirdi ki, bu gücə peşəkar komandirlərinin rəhbərliyi altında mütəmadi olaraq keçirilən fiziki hazırlıq məşğələsi ilə sahib olub. "Düzdür mülki həyatda idmanla peşəkar məşğul olmasam da ən azından marağım olub. Lakin ordu sıralarına qatıldıqdan sonra idmana olan marağım sevgiyə çevrildi. O sevgiyə ki, heç bir zaman bitməyəcək. Əlbəttə biz bunu üzərimizdə əziyyəti keçən peşəkar və qayğıkeş komandirlərimizə borcluyuq. Bu gün verilən istənilən tapşırıqların öhdəsindən asanlıqla gələ biliriksə bu məhz onların zəhmətidir. Fürsətdən istifadə edərək, bizi peşəkar döyüşçü kimi formalaşdıran komandirlərimizə minnətdarlığımı bildirirəm". Qol gücü mübarizəsində məğlub olan əsgər İlqar Paşayevə yaxınlaşdıq. O da bildirdi ki, bu bir yarışdır. Əlbəttə biri qalib gəlməlidir. Bizim bu mübarizədə əsgər yoldaşım, silahdaşım məndən daha güclü oldu. Lakin bu məni daha da qürurlandırır. Çünki görürəm ki, Vətənimizin necə güclü və qətiyyətli vətənpərvər oğulları var. Düzdür tariximizə qızıl hərflərlə yazılan şanlı Vətən müharibəsi bunu bütün dünyaya göstərdi. Hər kəs bilməlidir ki, Azərbaycan oğulları Vətəninin azadlığı və müstəqilliyi üçün istənilən an canından keçməyə bundan sonra da hazırdır".

Məşğələnin rəhbəri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Nurlan Məmmədov dedi ki, gördüyünüz kimi əsgərlərimiz çətinlik çəkmədən istənilən tapşırıqların öhdəsindən asanlıqla gəlməyə qadirdirlər. Onlar alətlərdə həvəslə, yorulmadan məşq edir, idman hərəkətlərini ustalıqla yerinə yetirirlər. Turnikdə dartınma, paralel qollarda enib-qalxma, ipə çıxma hərəkətlərini ustalıqla icra edirdilər. Bu isə onların nizam-intizamlı və güclü olmasından xəbər verir.

Əsgər Nail Əhmədov bildirdi ki, döyüş, mənəvi-psixoloji, atəş hazırlıqlarımızla yanaşı fiziki hazırlığımızı da artırırıq. Hərbi xidmətdən əvvəl idmanla az məşğul olurdum. Dayaqdan dartınma hərəkətində çətinlik çəkirdim. Komandirlərimin və əsgər yoldaşlarımın da dəstəyi ilə hər gün idman saatlarında ciddi məşğul olmağa başladım. Artıq normativə uyğun dartına bilirəm. İnanıram ki, bir az da məşq edib nəticəmi daha da yaxşılaşdıracağam. Xüsusi ilə onu da qeyd etmək istərdim ki, fiziki hazırlığımız bizə döyüş ruhu aşılamaqla bərabər, özümüzə olan inam hissimizi də artırır.

- Döyüş meydanında çevik, möhkəm, dözümlü olmaq və verilən tapşırıqları cəld yerinə yetirmək üçün fiziki hazırlığımız yüksək olmalıdır. Ona görə də fiziki hazırlıq məşğələlərində həvəslə iştirak edirik. Bunlarla yanaşı komandirlərimiz müxtəlif vaxtlarda idman yarışları da təşkil edirlər. Həmin yarışlarda həvəslə iştirak edir, idmanda qazandığımız nailiyyətləri nümayiş etdiririk, - deyə əsgər Riyad İmanov bildirdi.

Digər əsgərlər də öz fikirlərini bizimlə bölüşdülər. Onlar xidmət müddətində yaşanan xoş xatirələrdən, yaddaşlarına ömürlük həkk olunan günlərdən, komandirlərinin peşəkarlıqlarından, onlara göstərilən diqqət və qayğıdan, şəraitlərinin yüksək səviyyədə olduğundan, idmana xüsusi sevgi bəsləmələrindən, Vətənə xidmət etməyi özlərinə namus borcu bilmələrindən və Vətənimizin keşiyində hər an ayıq-sayıq durmalarından söhbət açdılar.

Orxan Hüseynli, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ordu   Azərbaycan  


Bizi "telegram"da izləyin