Həyatını Vətənin müdafiəsinə həsr edən kapitan Hikmət Şubay oğlu Hacıyev Azərbaycan zabiti adını həmişə şərəflə daşıyıb, Vətənə xidmətdən qürur duyub. O da tarixi Zəfəri qazananların sırasında olub. Onun haqqında silahdaşları, yaxınları bildirirlər ki, Hikmət Vətənə, xalqa hədsiz sədaqəti olan, geniş dünya görüşünə malik vətənpərvər bir zabit kimi tanınırdı. 7 dekabr 1984-cü ildə Şəmkir şəhərində hərbçi ailəsində anadan olub. Onda Hacıyevlər ailəsinə gözaydınlığı verənlər onun Vətənə, xalqa ləyaqətli oğul olmasını arzu ediblər.
Hikmət 1991-ci ildə Məhəmməd Füzuli adına tam orta məktəbin birinci sinfinə daxil olub. Uşaqlıq, yeniyetməlik çağları qanlı-qadalı müharibə illərinə düşən Hikmət çalışqan, intizamlı şagirdlərdən olub. Həmişə əla qiymətlərlə oxuyub. Bilik yarışlarında, müsabiqələrdə fəal iştirak edərək fəxri fərmanlar, mükafatlar alıb.
1992-ci ildən Azərbaycan Ordusu sıralarında xidmət edən atasının zabit həyatı ona təsirsiz ötüşməyib. Onda hərbçi olmaq istəyi yaranıb. Atası Birinci Qarabağ müharibəsində iştirak edib. Hikmət müharibə dəhşətlərinin, ağrılı-acılı günlərin şahidi kimi böyüyüb. Atası cəbhə bölgəsindən geri dönəndə sevincinin həddi-hüdudu olmayıb. Həmişə atasının cəbhə haqqında söhbətlərinə diqqət kəsilib. O Vətənimizə qarşı elan olunmamış müharibənin törətdiyi dəhşətlərə biganə qala bilmirdi. 5-ci sinifdə oxuyanda müəllimlərinin "Kim hərbçi olmaq istəyir?" sualına ilk cavab verən də Hikmət olub. Atası kimi zabit olub, Vətənə xidmət edəcəyini bildirib. 1999-cu ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. Kursant formasını geyindiyi gün çox qürurlanıb. Hərb sənətinin ilkin sirlərini dərindən öyrənməyə çalışan Hikmət nümunəvi kursantlardan olub. 2002-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) daxil olub. Təcrübəli zabitlərdən seçdiyi peşənin sirrlərini öyrənmək üçün ilk günlərdən fəallıq göstərib. Təlimlərdə fərqlənib. Ulu Öndər Heydər Əliyevin bir müdrik kəlamını o da unutmayıb: “Zabit peşəsi ən şərəfli peşədir. Bu peşəni seçənlərə xalqımız həmişə minnətdar olacaqdır”.
Hikmət Hacıyev ali hərbi məktəbi bitirərək “leytenant” rütbəsi aldığı günün qürurunu heç zaman unutmayıb. Atası kimi Vətənə xidməti hər şeydən uca tutan Hikmət həmişə göstərilən etimadı doğruldub. Tabeçiliyindəki şəxsi heyətin mənəvi-psixoloji hazırlığının, vətənpərvərlik ruhunun yüksəldilməsinə xüsusi diqqət yetirib. Xidmətini 2007-ci ildən cəbhə bölgəsində davam etdirib. Burada da vətənpərvər, fədakar zabit kimi tanınıb. Vətən torpaqlarının keşiyində ayıq-sayıq dayanaraq, düşmən təxribatlarının dəf edilməsində yaxından iştirak edib, komandanlığın rəğbətini qazanıb. Həmişə Vətənə, xalqa sədaqətli xidməti ilə seçilərək göstərilən etimadı doğrultmağa çalışıb. Rumıniyada, Bolqarıstanda keçirilən təlimlərdə Silahlı Qüvvələrimizi ləyaqətlə təmsil edib. Fəxri fərmana, diplomlara layiq görülüb.
Xidmətini yenidən cəbhə bölgəsində davam etdirən Hikmət "N" hərbi hissəsinə bölük komandiri təyin olunur. Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlıq səviyyəsinin həmişə yüksək olmasına çalışıb. Komandirlik etdiyi şəxsi heyət qarşıya qoyulan döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirib. Onlar Vətən torpaqlarının işğaldan azad edilməsi üçün Ali Baş Komandanın əmrini yerinə yetirməyə həmişə hazır olduqlarını qətiyyətlə bildiriblər.
2020-ci il sentyabrın 27-də genişmiqyaslı təxribatlar törədən Ermənistan ordu hissələri torpaqlarımıza yenidən hücum etdi. Şəhər və kəndlərimiz, qəsəbələrimiz atəşə tutuldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev düşmən hücumlarını dəf etmək, işğalda olan torpaqlarımızı azad etmək üçün əks-hücum əmri verdi. Ordumuz ilk günlərdən düşmənin ərazilərimizdə yaratdığı istehkamları, sədləri keçərək torpaqlarımızı işğaldan azad etməyə başladı. Cəbhə boyu ərazilərdə düşmən qüvvələrə sarsıdıcı zərbələr vurulur, döyüş mövqeləri, atəş nöqtələri, istehkamlar məhv edilirdi. Həmin günlər kapitan Hikmət Hacıyevin xidmət etdiyi hərbi hissə də Füzuli bölgəsində döyüşürdü. Kəndləri, yaşayış məntəqələrini düşmənlərdən təmizləyirdilər. Qarşıya qoyulan döyüş tapşırıqları qələbə ilə yerinə yetirilirdi. Növbəti döyüş zamanı kapitan Hikmət Hacıyev ağır yaralanır. Həkimlər onun həyatını xilas edə bilmir.
Ölümündən sonra kapitan Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə 2-ci dərəcəli “Rəşadət" ordeni və "İgidliyə görə", "Füzulinin azad olunmasına görə", "Vətən uğrunda" medalları ilə təltif olunub. Şəmkir şəhərində yaşadığı küçə indi onun adını daşıyır. Oğlu Bayram 5-ci sinif şagirdidir, qızı Alya bu il məktəbə gedəcək. Onlar Vətən uğrunda şəhidlik zirvəsinə ucalan ataları ilə həmişə qürur duyacaqlar...
Mübariz Musayev, "Azərbaycan Ordusu"
Ordu.az