Hərbi həkim: “Hər iki müqəddəs peşənin sahibi olmağımla qürur duyuram”

2024/08/d0c36-1723302359.jpg
Oxunub: 395     15:34     10 Sentyabr 2024    
Azərbaycan Ordusunda tibb xidməti də daim diqqət mərkəzində saxlanılır. Savadlı və təcrübəli hərbi həkimlərimiz qısa müddətdə səhhətində problem yaranan əsgərlərimizin sağlamlığını bərpa edirlər. "N" hərbi hissəsinin tibb məntəqəsində xidmət edən peşəkar tibbi personal da hər zaman belə xidmət edir.

Digər hərbi hissələrdə olduğu kimi, burada da tibb məntəqəsində yaradılan yüksək şərait, səliqə-sahman və təmizlik var. Qəbul otağında əsgər həkim yoxlanışından keçirdi. Hərbçiyə lazımi profilaktik tədbirləri gördükdən sonra hərbi həkim tibb xidməti leytenantı Əkrəm Əlili ilə peşəsi barədə söhbətləşəndə öyrəndim ki, o, Cəlilabad rayonunda anadan olub. Bakı Atatürk liseyində orta təhsil aldıqdan sonra hərbi həkim olmaq istəyib. Tibb Universitetinin Hərbi Tibb fakültəsinin məzunudur. Dedi ki, həkimlik və hərb sənətinin nə qədər ağır peşə olduğunu bilsə də, bu şərəfli yolu sevgilərlə seçib.

"Hərbçi olmaq qədər həkimlik də məsuliyyətli peşədir. Mənim kiçik yaşlarımdan hərbi formaya və həkimlərin geyiminə marağım olub. Zaman keçdikcə bu maraq düşüncəmə hopdu, sevgiyə çevrildi, həm həkim, həm də zabit olmaq istədiyimin fərqinə vardım. Vətənimizi və onun müdafiəçilərini qorumaq istəyi daim mənə stimul verib. Bu gün hər iki müqəddəs peşənin sahibi olmağımla qürur duyuram".

Tibb xidməti leytenantı Ə.Əlili onu da qeyd etdi ki, tibb məntəqəsinə müraciət edən xəstələrin hamısına xüsusi diqqət göstərilir. "Onlara hər cür xidmət göstərmək bizim borcumuzdur. Biz bu borcu layiqincə yerinə yetiririk. Müraciət edən xəstələrin hamısını dinləyir, onlara dəqiq diaqnoz qoyur, sonra müalicəyə başlayırıq. Məntəqəmizin müasir tibbi avadanlıqlarla təchiz edilməsi, müraciət edən xəstələri tez bir zamanda müalicə edib, xidməti yerlərinə göndərməyə imkan yaradır".

Əsgərlər də yaradılan şəraitdən məmnun olduqlarını, həkimlərin onlara qayğı ilə yanaşdıqlarını bildirdilər. Əsgər Xəyal İsgəndərov tibb məntəqəsinə ilk dəfəmüraciət etdiyini dedi, o qeyd etdi ki, həkimlər və tibb personalı müalicə və müayinə üçün müraciət edənlərə həmişə diqqət və qayğı ilə yanaşır, lazımi köməklik göstərirlər.

Əsgər Kənan Yusubov göstərilən qayğıdan razılığını bildirdi. "İki gündür burada müalicə alıram. Həkimlər bizə doğma münasibət bəsləyir, qayğı ilə yanaşırlar. Özümü yaxşı hiss edirəm. Bu gün bölməyə qayıdacağam".

Hərbi hissədə müşahidə olunan yüksək şərait, hər cür tibbi avadanlıqla təchiz olunmuş tibb məntəqəsi bir daha sübut edir ki, hərbi qulluqçularımız bütün növ təminatlarla tam təmin olunmaları üçün həyata keçirilən islahatlar səmərəsini verib...

Oruc Mustafayev, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ordu   Tibb  


Bizi "telegram"da izləyin