Ordu.az xəbər verir ki, bu məlumat BMT-nin Beynəlxalq Yerli Xalqlar Günü münasibətilə yaydığı bəyanatda yer alıb.
Bəyanatda qeyd olunur ki, BMT-nin Yerli Xalqların Hüquqları Bəyannaməsində təsbit edilən muxtariyyət hüququna baxmayaraq, könüllü təcriddə və ilkin təmasda olan yerli xalqlar ətraf dünya tərəfindən tez-tez məhəl qoyulmayan unikal problemlərlə üzləşirlər. Onların ərazilərində kənd təsərrüfatı, mədən sənayesi, turizm və təbii sərvətlərin inkişafı yerli xalqların yaşadıqları meşələrin qırılması, bu insanların həyat tərzinin pozulması və nəsillər boyu qoruduğu təbii mühitin məhv edilməsi ilə nəticələnir.
“Könüllü təcrid və ilkin təmasda yaşayan yerli xalqlar üçün xarici mühitdən gələn ən ciddi təhlükələrdən biri xəstəliklərə məruz qalmaqdır. İzolyasiya səbəbindən onlar ümumi xəstəliklərə qarşı immunoloji müdafiəyə malik deyillər. Beləliklə, xarici dünya ilə məcburi təmas dağıdıcı nəticələrə səbəb ola və bütün icmaları məhv edə bilər”, -deyə bəyanatda vurğulanır.
BMT qeyd edir ki, 2024-cü ildə Beynəlxalq Yerli Xalqlar Gününün mövzusu “Könüllü təcrid və ilkin təmasda olan yerli xalqların hüquqlarının qorunması”dır. Bu icmalar həm də meşələrin ən yaxşı qoruyucularıdır. Onların torpaq və ərazilər üzərində kollektiv hüquqların qorunması təbiətin mühafizəsinə də müsbət təsir edir. Bu, eyni zamanda, planetimizdə mədəni və dil müxtəlifliyinin qorunması üçün çox vacibdir. Bugünkü qlobal şəraitdə yerli xalqların könüllü təcridinin mövcudluğu bəşəriyyətin zəngin və mürəkkəb qobeleninin təzahürüdür.
Ordu.az