Banqladeşin sabiq baş naziri Hasina ölkəsinə qayıtmaq niyyətindədir

2024/08/1723180642.jpg
Oxunub: 236     09:46     09 Avqust 2024    
Banqladeşin sabiq baş naziri, xanım Şeyx Hasina başqa ölkələrə sığınmayacaq və müvəqqəti hökumət ölkədə seçkilərin keçirilməsinə qərar verdiyi zaman vətəninə qayıdacaq.

Ordu.az xəbər verir ki, bu barədə onun oğlu Sacib Vazed Coy məlumat verib. Onun sözlərinə görə, anasının siyasi sığınacaq istəmək fikri yoxdur.

"O, hazırda Hindistandadır, müvəqqəti hökumət ölkədə seçkilər keçirmək qərarına gələn kimi Banqladeşə qayıdacaq”, - "The Times of India" qəzeti yazır.

O, həmçinin, Hindistanın baş naziri Narendra Modiyə anasının həyatını xilas etdiyinə görə təşəkkür edib.

Qeyd edək ki, sabiq baş nazir Şeyx Hasina avqustun 5-də istefa verərək Banqladeşi tərk etmiş və elə həmin gün Hindistana uçmuşdu.

Onun Böyük Britaniyadan sığınacaq istədiyi bildirilirdi.

Bu ilin iyun ayında Banqladeşdə etirazlar başlayıb.

Əsas hissəsi tələbələrdən ibarət olan etirazçılar dövlət vəzifələrinin 30 faizinin 1971-ci ildə Banqladeşin müstəqilliyi uğrunda müharibədə döyüşmüş veteranların ailə üzvlərinə ayrılmasına qarşı çıxıblar.

Onlar belə bir kvotanın ayrılmasını digər vətəndaşlara qarşı diskriminasiya hesab edir, bunun müstəqillik hərəkatına başçılıq etmiş “Avami Liq” partiyasının rəhbəri Şeyx Hasinanın tərəfdarlarının xeyrinə olduğunu bildirirlər.

Artan gərginlik donunda ölkədə komendant saatı elan edilib, mobil internet kəsilib, nəticədə ölkə iqtisadiyyatına 10 milyard dollar ziyan dəyib.

Etirazlar iğtişaşlara keçib, 2009-cu ildən Banqladeşin Baş naziri olan Şeyx Hasina ölkəni tərk etmək məcburiyyətində qalıb.

Bunun ardınca Banqladeşdə müvəqqəti hökumət formalaşdırılıb. Müvəqqəti hökumətə Nobel mükafatı laureatı Məhəmməd Yunus başçılıq edəcək.

Məhəmməd Yunus ölkədə hakimiyyətə inamı bərpa etməyin və seçki keçirməyin vacib olduğunu bəyan edib.

Qeyd edək ki, son məlumatlara görə, iyun ayından ölkədəki iğtişaşlarda 550-dən çox insan həlak olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Banqladeş   Baş-nazir  


Bizi "telegram"da izləyin