Əlbəttə niyə də olmasın deyə düşünürsən. Vətənini sevən, torpağına bağlı olan adam elə belə də olmalıdır. Axı bir vaxtlar hər anlarının ölümlə üz-üzə olduğu, bir göz qırpımında onları həyatdan qoparıb götürəcək top və “Qrad” mərmilərinin, avtomat, snayper güllələrinin həyəcanı altında yaşadıqları, həyətlərində belə rahat gəzə bilmədikləri bu yerlərdə indi rahat və təhlükəsiz bir şəkildə yaşayırlar. Daha doğrusu uzun bir aradan sonra yaşamağa gəliblər.
Ordu.az saytı olaraq doğma yurdlarına köçən xocalılardan daha biri ilə olan söhbətimizi Sizə təqdim edirik.
Uzun bir ayrılıqdan sonra, özünün də dediyi kimi, Xocalıda ilk gecəsini keçirib. Doğma elinin, ən əsası isə öz doğma ocağının istisində rahat və təhlükəsiz gecə keçirərək.
Söhbətimizə ölkə başçısına minnətdarlıq, şəhidlərin ruhuna rəhmət diləyərək başladı:
“44 günlük vətən müharibəsi başlayanda heç kimin bu vaxta qədər inanmaq istəmədiyi, amma ümidini də itirmədiyi bir tarixə şahid olduq. O zaman mən cənab prezidentin qətiyyətli duruşunu gördükcə ürəyim fərəh hissilə döyünürdü. Mən artıq bu başlanğıcın uğurlu sonlarının gəldiyinə inanırdım. Allah dua edirdim ki, mənim cənab prezidentə minnətdarlığımı üz-üzə deməyimi mənə nəsib etsin. Çox şükürlər olsun ki, mən bu arzuma çatdım. Mən ölkə rəhbərinə təşəkkürümü Xocalıda, öz evimdə bildirdim. Sizcə mənim üçün bundan gözəl hansı an ola bilər. Mən cənab prezidentlə görüşəndə bir daha şahidi oldum ki, o necə sadə biridir. Vətəndaşla necə xoş və səmimi ünsiyyət yaradır. Ölkə başçısı ilə söhbət etdikcə adamda elə xoş bir aura yaradır ki, adam sadəcə fərəh və qüruru hissi yaşayır ki, nə yaxşı mənim ölkəmin xalqını və torpağını sevən bu qədər gözəl ürəyə malik bir rəhbəri var. Bu günlərin şahidi olduğum üçün özümü çox şanslı və xoşbəxt hiss edirəm”.
Danışdıqca gah gülümsəyir, gah gözlərini tez-tez qırparaq yana baxıb, dolan gözlərindən yaş axmasına mane olur. Dediyi hər kəlmədən, üzündə yaranan dəyişikliklərdən keçirdiyi sevinc hisslərini hiss etməmək olmur.
Deyir ki, həyatının ən sevincli və qürurlu anlarını yaşayır:
“1992-ci il fevralın 25-dən, 26-na keçən gecə doğma vətənimizi, torpağımızı ermənilərin təcavüzü nəticəsində məcburi şəkildə tərk etməli olduq. Məcburi köçkün düşündüyümüz gündən ilkin olaraq Naftalana, daha sonra isə başqa-başqa bölgələrdə məskunlaşmalı olduq. 32 ildən də çox bir müddət keçib aradan. Düzdür normal yaşayışımızı təmin etmək üçün özümüzə müəyyən şərait yaratmışıq. Amma 2024-cü ilin bu günü mənim həyatımın ən xoşbəxt günüdür”.
Z. Muradov öz evinə köçdüyünü bildirib. Deyir ki, evinin bu cür təmir olunmasını gözləməyib:
“Mən 32 ildən sonra, bu gecəni öz evimdə keçirdim. Bu mənim 1986-cı ildə tikdirdiyim evdir. İndi şahidi oluram ki, evim çox əla bir şəkildə təmir edilib. Bunun üçün də dövlətimdən razıyam. Amma inanın ki, evim hazır olmasaydı da mənə Xocalıda olmaq belə yetərlidir, əsas odur ki, doğma elimdə, Xocalımdayam. Başqası üçün necədir deyə bilmərəm. Amma mən gənclik yaşlarımda tikib, ancaq içərisində doyunca yata bilmədiyim, acı göz yaşıyla tərk etməyə məcbur olduğum evimdə indi rahat yaşayıb, son nəfəsimi də elə burda verəcəm. Bu gün bu yaşadığım xoş anlardan sonra inanın ki, ölmək belə mənə xoşbəxtlikdir”.
Artıq həyatlarında yaşadıqları çətinliklərin geridə qaldığını, indi Xocalıda daha da qurub yaratmaq, Xocalını daha da böyütmək istədiyini dilə gətirir. Bu, tək onun yox, elə ailə üzvülərinin hər birinin istəyidir. “Xocalıdan çıxanda 4 nəfər ailə üzvümlə getmişəm. İndi çox şükür 10 nəfərlə geri dönürük. Bu həm də o deməkdir ki, düşmən bizi nə qədər məhv etmiş olsa da, biz daha da böyüyür və çoxalırıq”. deyə Z. Muradov bildirib.
Daşqın Güneyli
Ordu.az