Qaradağlı soyqırımına aparan yol| 12 yaşlı Zakirin anonsu və bir ailənin faciəsi (FOTOLAR)

2024/08/3-15505622703.jpg
Oxunub: 2367     14:32     05 Avqust 2024    
Uzun bir ayrılıqdan sonra Xocavənd rayonu Qardağlı kənd sakinləri doğma kəndlərinə qayıdıblar. Amma bu dəfə də göz yaşlarıyla. Arada olan fərq isə qürur, sevinc, həyəcan və fərəh dolu anlarıyla seçilirdi. Bu an çoxuna yuxu təəssüratı bağışlasa da bir reallıq yaşanırdı. Bəli, nə az, nə çox, düz 32 il əvvəl erməni silahlıları tərəfindən vəhşicəsinə dağıdılan və günahsız insanları işgəncələrlə öldürülən bu kənddə indi taleyi uzun illər məlum olmayan doğmalarını dəfn etməyə gəlmişdi Qaradağlı kənd sakinləri. Həmçinin gün həm də işğala qədər olan müddət ərzində keçirdikləri mübarizə dolu günlərə qayıtardı Qaradağlı sakinlərini. Bu faciələrdən biri də kəndin ferma binasında yaşanan dəhşətli faciədir.

Ordu.az saytı olaraq Qarabağ münaqişəsi başlayan ilk gündən ermənilərin azərbaycanlılara qarşı etdikləri amansızlıqları və vəhşiliklər dolu tarixi anları işıqlandırmaqda davam edirik. Bu gün bu faciələrdən biri olan Qaradağlı kənd fermasındakı faciəni Sizə çatdıracağıq.

Xocavənd rayonu Qaradağlı kəndi əvvəllər iki kənddən ibarət olub. Bunlardan biri Qaradağlı, digəri isə Vərəndəli kəndi olub. Sovetlər dövründə kəndlərin birləşdirilməsinə qərar verilir. Əvvəllər bir kolxoz olan iki kəndin əsas əmlakları Vərəndəli kəndində olub. Vərəndəli kəndində olan evlər Qaradağlıya köçürülsə də, burada olan fermalar saxlanılır. Fermalarda həm sağmal, həm də bordaq heyvanlar saxlanlılardı. Fermada işçi kimi qalan ailələr isə fermanın yardımçı tikililərində yerləşdirilir. Beləliklə də yerli sakinlər burada əmək fəaliyyətilə məşğul olur, mal-qara saxlayırdılar. Ərazinin geniş olması, həm də burada sakinlərin fərdi mal-qaralarını da saxlamağa imkan verirdi.


Ana, atamgili öldürəcəklər orda maskalılar varıydı

Fermada baş verən hadisə barədə bizə məlumat verən Gülçöhrə Sarı qızı Tağıyevadır. Həmin faciə zamanı onun həyat yoldaşı da vəhşicəsinə qətlə yetrilərək yandırılanlardan biri olub. Gülçöhrə ana o anları belə xatırlayır: “1991-ci il 27 iyun tarixiydi. O günü heç vaxt unuda bilmərəm. Evdə oturmuşdum. Böyük oğlum gəldi, 12 yaşı varıydı onda. Mən əlimdə iş görürdüm, məni səslədi, uşağa tərəf çönəndə həyəcanlı və rənginin qaçdığını gördüm. Nə olduğunu soruşdum dedi ki, mama atamgili öldürəcəklər. Onun bu sözü məni narahat etsə də, uşağın qorxmaması üçün özümü soyuqqanlı göstərməyə çalışdım. Ona narahat olmamasını deyəndə, dedi ki, bu elə deyil. Mən fermadan gələndə fermadan bəri dərədə hərbi geyimli, maskalı adamlar gördüm. Orda texnikalar da varıydı. Mən uşağı ovundurub, qaynım Mamedgilə getdim. Qaynım xəbəri eşidən kimi dedi ki, indi gedirəm ora. O və bir neçə nəfər həmin yerə tərəf gedirlər. Artıq ermənilərin bir yerdə toplaşdıqlarını müşahidə ediblər. Geri qayıdıb, kənddən kömək götürərək fermaya getmək istəyirdilər. Hava qaralırdı, birdən göyə fişəng atıldı. Fişəngin atılmasından sonra bunun yaxşı əlamət olmadığını bildik. Kənddə hamı uşaqlı-böyüklü fermaya tərəf getdik. Biz fermadakılara kömək etməyə çalışsaq da, bunu bacara bilmədik. Çünki ermənilər fermaya gedən yolu bağlamışdılar”.

Gülçöhrə nənə deyir ki, kənardan yanan fermanın alovu ətrafı işıqlandırmışdı. Demək olar ki, açıq hərəkət edərək fermanı söndürməyə cəhd etmək mümkün deyildi.

“Kənd camaatı köməyə getmək üçün çox can atdılar. Amma mümkün olmadı. Arada bir müddət atışma səsləri şiddətləndi. Atışma səsləri kəsiləndən sonra isə ermənilərin ara-sıra havaya atəş açaraq, mal-qaranı yığıb aparmaqlarını alovun fonunda görmək olurdu. Başqa əlac yoxuydu, fermadakılardan xəbər almaq üçün camaatın elədiyi cəhd əlavə itkilərimizin olmasına yol aça bilərdi. Ona görə də, gücümüz yalnız acı göz yaşlarımıza çatırdı. Səhərə qədər o dağlar bizim ah-naləmizə şahidlik etdi. Sabah fermaya gedəndə isə orda olan yaxınlarımız və mənim yoldaşımın da öldürüldüyünü gördük”.

O gecə baş verənlər Qaradağlı sakinlərinin ürəyində sağalmaz yara açsa da, ruhlarını sındıra bilmədi. Bundan bir neçə gün sonra ermənilərin yaşadığı Kəndxord kənd sakini Emin Balayan Qaradağlı sakinləri tərəfindən oğurlanır. Emin Balayan ferma faciəsində iştirak edənlərdən biri olduğunu etiraf edir.


“Balayan əvvəl danışmaq istəmirdi. Lakin sonra həmin hadisəni danışmağa başladı. Onun dediyinə görə, fermaya hücum etməyi hələ bir neçə gün öncədən planlaşdırıblar. Onun dediyinə görə, guya orda kimlərinsə yaşadığını bilməyiblər. gündüz mal-qaraya baxandan sonra camaatın Qaradağlıya gəldiyi və səhəri yenidən fermaya döndüklərini zənn ediblər. Amma mən adım kimi əminəm ki, o yalan danışırdı. Çünki Vərəndəlidən camaat Qaradağlıya köçəndən sonra ordanın sahibsiz buraxılmadığını və kolxozun mal-qarasına baxanların olduğunu hamı bilirdi. Emin Balayan deyirdi ki, əsas məqsədləri guya təkcə heyvanları aparmaq olub. Amma, axşam fermada olanların onlara güc göstərmələri, yaxınlarımızın qətlinə səbəb olub. Deyirdi ki, onlar fermaya yaxınlaşanda sadəcə malları götürüb gedəcəklərini deyiblər. Amma qadınlardan birinə İrəvandan gələn saqqallı erməninin təpik vurmasından sonra ara qarışıb. Ermənilər çox olsa da, bizim yaxınların onların qarşısından çəkilmədiklərini gördükdən sonra atəş açıblar. Bundan sonra mənim yoldaşım onlardan bir neçəsini öldürməyi bacarıb. Elə bizim gecə qısa müddətli eşitdiyimiz atışma da o olub”.

Beləcə ermənilərin XX əsrin sonlarında azərbaycanlılara qarşı daha bir ünvanda daha bir neçə dinc və günahsız soydaşlarımızı qətlə yetirmələri, yaxın gələcəkdə daha böyük cinayətlərin olmasından soraq verirdi. Lakin sadə Qaradağlı sakinləri ağıllarına belə gətirməzdilər ki, o vaxtkı dövlətə qarşı olan ümidləri sarsılacaq, Qaradağlı üçün daha böyük bir faciəni yaxın zamanlarda yaşayacaqlar.

Uzun bir ayrılıqdan sonra doğma yurdlarına dönən qaradağlılar, təkcə kəndlərinin işğalı günü deyil, ilk günlərdən o ana qədər yaşadıqlarını, başlarına gətirilən o acılı günləri, əzizlərinin qanı axıdılan o torpaqlarda yaşananları hər gün ürək ağrısıyla xəyalən yenidən yaşayacaqlar.

Xocavənd rayonu Qaradağlı kənd fermasında yaşanan faciələrdə dünyasını dəyişənlər aşağıdakılardır:


Hüseynova Məxmər Məcid qızı 1928-ci ildə Qaradağlı kəndində doğulub. Məxmər Hüseynova gülərüz, səmimi, işgüzar və qayğıkeş ana kimi tanınan biri olub.


Hüseynova Səbiqə Mürsəl qızı 1936-cı ildə Qaradağlı kəndində anadan olub. İlk təhsilini doğma kəndində alıb, hələ gənc yaşlarından başlayaraq əmək fəaliyyəti ilə məşğul olub. Ermənilərin törətdiyi bu dəhşətli teror aktı nəticəsində həlak olan 6 nəfərdən biri olub.


Məmmədov Tohid Cəlil oğlu 1936-cı ildə Xocavənd rayonu Vərəndəli kəndində doğulub, Qaradağlı kənd orta məktəbində ibtidai təhsil alıb. Xatırladaq ki, onların 11 övladı var.

Şirinov İltifat Əjdər oğlu 1962-ci ildə Qaradağlı kəndində doğulub. İltifat sadə peşə, halal zəhmət adamı olub. Məlum qətl zamanı İltifatın yanmış meyitini onunla eyni vaxta qətl edilmiş anası Qaragöz Həbil qızının meyitindən çətinliklə ayıra bilmişdilər. O, mümkün olduğu qədər - son nəfəsini verincəyədək anasını qorumağa çalışıb, lakin bunu bacarmayınca ... onunla birlikdə həlak olub. İltifat Şirinov 2 uşaq atası idi.


Şirinova Qaragöz Həbil qızı 1936-cı ildə Xocavənd rayonu Vərəndəli kəndində doğulub. Zəhmətkeş insan olan Qaragöz Şirinova Əjdər Şirinovla ailəli olub, 5 qız, 2 oğlan olmaqla 7 uşaq anası olub. Həmin hadisə zamanı Qaragöz Şirinovanın və oğlu İltifat Şirinovun yanmış cəsədləri bir-birinə bitişik halda idi.


Tağıyev Bakir Qaçay oğlu 1948-ci ildə Xocavənd rayonu Vərəndəli kəndində doğulub. Orta təhsilini Qaradağlı kənd tam orta məktəbində başa vurduqdan sonra bir müddət kalxozda çalışıb, sonra hərbi xidmətə çağırılıb və xidmətin ardınca yenidən kolxozda əmək fəaliyyətini davam etdirib. 2 qız, 4 oğlan olmaqla 6 övladı olub.
Məlumat üçün bildirək ki, fermanın yandırılması zamanı faciəli şəkildə dünyasını dəyişənlər, Xocavənd rayonu Qaradağlı kənd məzarlığında dəfn ediliblər.

Həmin fermada yanğın baş verdiyi zaman Qaradağlının qorxmaz oğulları öz həmkəndlilərinə kömək etmək üçün tələsik fermaya yollandılar. Onlar hadisə yerinə çatanda cinayətkarlar oradan uzaqlaşmışdılar. Tohid kişinin ortancıl oğlu Rüzgar atasının yanmış cəsədini bağrına basaraq “qisasını düşməndən alacağıma and içirəm ata” deyib hönkür-hönkür ağladı.

Rüzgar andına sadiq qaldı. Həmin hadisədən 2 gün sonra avantürist erməni jurnalisti Zori Balayanın anadan olduğu Kəndxord kəndinin yaxınlığında, azərbaycanlılara qarşı cinayətlərdə “ad-san” çıxarmış bir erməni quldurunu məhv etdi.

Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qaradağlı   Ferma-faciəsi  


Bizi "telegram"da izləyin