Türkiyə Müdafiə Sənayesində BAYKAR Diplomatiyası – ANALİZ (FOTOLAR)

2024/08/1722844515.jpg
Oxunub: 1378     10:30     15 Avqust 2024    
Türkiyənin müdafiə sənayesinin tarixi çox zəngin və maraqlı dövrlərdən keçib. Bu proses Osmanlı dövründə top tökmə zavodları və gəmiqayırma zavodlarından “Tophane” və “Haliç” gəmiqayırma zavodları kimi hərbi istehsal mərkəzlərinə qədər uzanır.

Cümhuriyyətin qurulması ilə Türkiyə öz müdafiə ehtiyaclarını qarşılamaq üçün daha sistemli bir quruluşa keçdi. 1927-ci ildə qurulan “Makine ve Kimya Endüstrisi Kurumu” (MKEK) bu dövrün mühüm addımlarından biridir. İkinci Dünya müharibəsindən sonra müdafiə sənayesinə daha çox əhəmiyyət verilib və müxtəlif hərbi zavodlar yaradılıb. 1980-ci illərdən etibarən Türkiyə müdafiə sənayesini yerliləşdirmə və milliləşdirmə siyasətləri ilə əhəmiyyətli bir transformasiyaya daxil olub.

Bu dövrdə müdafiə sənayesi üçün kritik texnologiyaların inkişafına böyük investisiyalar qoyulub. TUSAŞ, ASELSAN, ROKETSAN və HAVELSAN kimi təşkilatlar qurulub və mühüm inkişaflar qeydə alınıb. 2000-ci illərdən sonra Türkiyənin müdafiə sənayesi xüsusilə Pilotsuz Uçuş Aparatları (PUA), zirehli daşıyıcılar, müasir döyüş təyyarələri və Radioelektron Mübarizə (REM) sistemləri kimi sahələrdə əhəmiyyətli irəliləyişlər əldə edib və dünya miqyasında rəqabət qabiliyyətinə malik vəziyyətə gəlib.

Bundan əlavə, Türkiyə öz müdafiə ehtiyaclarını qarşılayacaq gücdə istehsal həyata keçirməklə yanaşı, müdafiə təyinatlı məhsullar da ixrac etməyə başlayıb. Bu gün Türkiyə müdafiə sənayesi texnoloji yenilikləri və yerli istehsal yönümlü böyüməsi ilə diqqət çəkən strateji sektora çevrilib. Bu inkişaflar Türkiyənin strateji müstəqilliyini artırır və beynəlxalq arenada daha fəal rol oynamasına şərait yaradır. Türkiyənin müdafiə sənayesi keyfiyyətli və sərfəli məhsulları ilə bir çox ölkənin diqqətini çəkir. Xüsusilə “Bayraktar TB2” PUA-ları bir çox münaqişə bölgələrində effektivliyini sübut etdikdən sonra dünyanın bir çox ölkəsi tərəfindən seçilib.


Bu, Türkiyənin müdafiə məhsullarının beynəlxalq miqyasda qəbul edilməsini təmin edib və Türkiyənin müdafiə ixracını artırıb. Bundan əlavə, Türkiyənin müdafiə sənayesinin ixracatı Türkiyənin xarici siyasətində və beynəlxalq əlaqələrində də mühüm rol oynayır. Müdafiə sənayesi məhsullarının ixracatı Türkiyənin strateji tərəfdaşlıqlarını gücləndirir və yeni əməkdaşlıqların qurulması üçün zəmin yaradır.

Türkiyənin müdafiə sənayesi ixracatının artması ölkənin texnoloji imkanlarını və innovasiya imkanlarını da ortaya qoyur. Bu vəziyyət Türkiyənin müdafiə sənayesinin yalnız daxili bazara yönəldilməsindən qlobal oyunçuya çevrilməsi istiqamətində mühüm addım sayıla bilər. Ancaq Türkiyənin xarici siyasət strategiyalarında müdafiə sənayesi mühüm rol oynayır və bu çərçivədə bir növ “müdafiə diplomatiyası” həyata keçirilir.


Sözügedən konyukturada isə ən önəmli aktor son illərdə xaricdə ortaq istehsal, texnologiya transferi müqavilələri kimi əməkdaşlıqlara imza atan və ölkə daxilində xüsusilə terorla mübarizə prosesində Türkiyənin regional, beynəlxalq təhlükəsizlik məsələlərində əhəmiyyətli bir aktor olmasını təmin edən “Baykar”dır. “Baykar”ın irəli sürdüyü strategiya və istehsal etdiyi texnologiya şirkətin təkbaşına “Baykar” diplomatiyası” həyata keçirməsini təmin edib. Müdafiə sənayesi məhsulları sadəcə iqtisadi gəlir mənbəyi deyil, Türkiyənin beynəlxalq arenada təsir dairəsini genişləndirməsinə və strateji tərəfdaşlıqlarını möhkəmləndirməsinə kömək edir.

Türkiyənin müdafiə sənayesi ixracatı NATO kimi hərbi ittifaqlar daxilində mövqeyini gücləndirməklə yanaşı, Afrika, Asiya və Yaxın Şərqdə yeni bazarlar tapmağa və bu regionlardakı ölkələrlə əlaqələri inkişaf etdirməyə imkan verib. Türkiyə xarici siyasət addımlarına əlavə olaraq, güclü kəşfiyyat və müdafiə sənayesi diplomatiyası inkişaf etdirir. Belə ki, regionunda baş verən Suriya, Liviya, Ukrayna və nəhayət Qəzza kimi bütün beynəlxalq böhranlarda fikrinə və hərəkətinə ehtiyac duyulan ən mühüm ölkədir.

Ölkənin bu gücü həm NATO üzvü güclü bir orduya sahib olması, həm də həyata keçirdiyi güclü xarici siyasət strategiyaları səbəbindən meydana gəlir. Bütün bu elementlər Türkiyənin qlobal müdafiə sənayesi şəbəkəsində daha fəal rol almasına, digər ölkələrlə texnologiya və məlumat mübadiləsinə imkan yaradır. Bu vəziyyət Türkiyənin həm regional, həm də qlobal səviyyədə strateji oyunçu kimi mövqeyini gücləndirməklə yanaşı, müdafiə diplomatiyası fəaliyyətlərinin bir hissəsi kimi vacibdir.


Əvvəllər yalnız quru platformaları ilə həyata keçirilən müdafiə sənayesi ixracatının diplomatiya alətinə çevrilməsi, şübhəsiz ki, bu platformaların indi təkmil, mürəkkəb və müxtəlif olmasına böyük təsir göstərib. İllərdir terrorla mübarizə üçün hərbi əməliyyatlar həyata keçirərək, həm insan, həm də maddi itkilər verən Türkiyə xüsusilə 2020-ci ildə və sonrasında inkişaf etdirdiyi müdafiə sənayesi ilə ABŞ kimi ölkələrdən olan ehtiyacını azaldaraq, həm regional, həm də qlobal səviyyədə təhlükəsizlikdə söz sahibi olub.

Xüsusilə PUA sahəsində çalışan “Baykar”ın TB2, “Akıncı” və “Kızılelma” kimi məhsullarını Şərqi Avropa və Asiya, Yaxın Şərq, Şimali Afrika, Asiya və Sakit okean kimi bölgələrə ixrac edərək əldə etdiyi uğur texnoloji səriştənin, habelə PUA-ların sahədəki performansının Türkiyənin müdafiə sənayesi diplomatiyasındakı və beynəlxalq əlaqələrdəki rolunu gücləndirib. Bu bölgələrdə əldə edilən ən mühüm nailiyyətlərdən biri, şübhəsiz ki, “Baykar” məhsullarının Suriyadakı performansıdır.

Şirkətin Suriyadakı uğurları bu sahədə PUA texnologiyalarının effektivliyini və strateji əhəmiyyətini sübut etdi. Suriyada əvvəlcə “Ərəb baharı”nın bir parçası kimi görünən, lakin sonda Bəşər Əsəd administrasiyasının sərt müdaxilələri ilə nəticələnən etirazlar vətəndaş müharibəsinə çevrildi və bu, ölkənin qonşularından biri olan Türkiyəyə də təsir etdi. Türkiyə sərhəd təhlükəsizliyini təmin etmək və terror təşkilatı kimi gördüyü qruplardan gələn təhdidləri aradan qaldırmaq üçün “Fərat qalxanı” (2016), “Zeytun budağı” (2018) və “Sülh bulağı” (2019) kimi hərbi əməliyyatlara başlayıb.

Bu müdaxilə Türkiyənin həm daxili siyasətdə, həm də beynəlxalq arenada regional güc kimi mövqe tutmasında mühüm nəticələr verdi.

“Baykar” Suriyada həyata keçirilən əməliyyatlarda TB2-lərlə göstərdiyi performans nəticəsində düşmən hədəflərini uzaq məsafədən aşkar edərək, uzun müddət havada qalaraq, davamlı kəşfiyyat təmin edərək, Türkiyə hərbi birləşmələrinə strateji üstünlük qazandırıb. Bu üstünlük və uğur son nəticədə Türkiyənin regional güc və stabilizator olduğunun sübutu oldu. Suriyadan sonra Liviya, Azərbaycan və Ukraynada nümayiş etdirilən performans da Türkiyənin diplomatik arqumentlərini gücləndirib. Regionda söz sahibi olan ölkə beynəlxalq aləmdə göstərdi ki, özü masa arxasında olmadan diplomatiya həyata keçirilə, sabitlik əldə oluna bilməz.


Diqqət çəkən digər məqam isə “Baykar” məhsullarının Burkina Faso kimi ölkələrdə sülhün bərqərar olmasına töhfə verməsidir. Bundan əlavə, Ukraynada istifadə edilən TB2-lər yüksək ayırdetmə qabiliyyətinə malik kameraları və uzun havada qalma vaxtı ilə ölkəni strateji müşahidə və kəşfiyyat məlumat toplama qabiliyyəti ilə təmin edib. Bu, münaqişə zonalarında vəziyyəti anlamaq və düşmən hədəflərini aşkar etmək üçün xüsusilə vacibdir.

Türkiyə bu uğurdan müdafiə və təhlükəsizlik məsələlərində diplomatiya aləti kimi istifadə edərək, NATO və digər beynəlxalq platformalarda daha çox söz sahibi olan ölkəyə çevrilib. “Baykar”ın Ukraynadakı uğuru Türkiyənin müdafiə diplomatiyasına mühüm töhfə verib və ölkənin qlobal müdafiə sənayesi bazarında daha rəqabətli, təsirli oyunçuya çevrilərək, beynəlxalq əlaqələrdə strateji üstünlüklər qazanmasına kömək edib. Rəsmi xarici səfərlər zamanı enerji, ticarət, sağlamlıq və ya nəqliyyat müqavilələri imzalanması ilə yanaşı, Türkiyə artıq öz ölkəsində ehtiyacları qarşılayıb və digər ölkələrdəki ehtiyacları qarşılamaq üçün addımlar ataraq, müdafiə sənayesi müqavilələrinin imzalanmasını təmin edib.

Bu sazişlər həm də ölkələr arasında diplomatik əlaqələri gücləndirib. Türkiyənin Ukraynaya dəstəyi onun Qərb dövlətləri və NATO ilə münasibətlərinə də müsbət təsir edib. Bu dəstək göstərdi ki, Türkiyə Qərblə əməkdaşlıq edə bilər və regional təhlükəsizlik məsələlərində mühüm tərəfdaşdır. Xarici siyasətin müdafiə sənayesi ilə birlikdə həyata keçirilə bilməsi Türkiyənin qlobal müdafiə sənayesi bazarında daha rəqabətqabiliyyətli və təsirli bir oyunçu olmasına və beynəlxalq əlaqələrdə strateji üstünlüklər qazanmasına şərait yaradıb.


Nəticə etibarilə Türkiyənin çoxşaxəli diplomatiyası qlobal və regional siyasətlərdə fəal rol oynamaq üçün müxtəlif diplomatik, iqtisadi və hərbi vasitələrdən birlikdə istifadə etməyi nəzərdə tutur. Bu strategiya Türkiyənin geosiyasi mövqeyini və maraqlarını dəstəkləmək üçün nəzərdə tutulub. “Baykar” kimi müdafiə sənayesi şirkətlərinin uğurları bu çoxşaxəli diplomatiya çərçivəsində mühüm rol oynayır. Bu vəziyyət Türkiyənin texnologiya istehsalçısı və etibarlı tərəfdaş kimi qəbul edilməsinə kömək edir və bununla da ölkənin çoxşaxəli diplomatiya səylərini dəstəkləyir.

Şübhəsiz ki, ölkələrin müdafiə sənayesi alətlərinə artan ehtiyacı Türkiyə kimi bu mövzuda tam müstəqil olmağı hədəfləyən ölkələr üçün mühüm diplomatik vasitə olmağa davam edəcək.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   MS   Baykar  


Bizi "telegram"da izləyin