Türkiyə HHQ üçün kritik imkanlar | “Anka-III” F-35-in qabiliyyətlərini təklif edir? (FOTOLAR)

2024/07/ankas-12054418908.jpg
Oxunub: 978     16:45     09 Avqust 2024    
Türkiyənin pilotsuz platformalardakı səyahəti indi başqa bir səviyyədədir. Önümüzdəki illəri bu sahədə dünya nəhəngləri ilə başabaş keçirməsi gözlənilir. Bu məqamda diqqət çəkən işlərdən biri də “Anka-III”dür. “Anka-III” xarici görünüşü, faydalı yükləri və digər imkanları ilə bizə nə deyir?

2023-cü ilin mayında insanlar Ankaradakı TUSAŞ obyektlərinə getdikdə, bütün gözlər əslində Milli Döyüş Təyyarəsinə yönəlmişdi. Axı bu mərasim onun üçün təşkil olunmuşdu və adı həmin gün açıqlanacaqdı. İnsanların önündən nəhəng döyüş təyyarəsi keçərkən, adının “Kaan” olması hər kəsi həyəcanlandırdı.

Mətbuat mənsubları daha sonra mərasim sahəsindəki bütün platformalara yaxından baxa biləcəkləri başqa yerə aparılıb. “Anka-III” ilk dəfə o dəqiqə özünü göstərdi. Bu, həqiqətən də ABŞ filmindən bir şeyə bənzəyirdi. Daha əvvəl belə bir platforma Türkiyədə yox idi. Hər kəsin beynində həm “Anka-III”ün həqiqətən uçub-uçmayacağı, həm də Ankaranın bu hava vasitəsilə ilə nəyi hədəflədiyi sualı yarandı.

“Anka-III” ilk uçuşunu 2023-cü ilin son günlərində uğurla həyata keçirib. Beləliklə, birinci suala cavab verildi. Daha sonra dəfələrlə səmaya qalxdı. Layihə üzərində işlər davam edir. İkinci sualla bağlı müdafiə və aviasiya mütəxəssisi Kubilay Yıldırım danışıb. Jurnalistlərin Yıldırımla söhbəti zamanı əsas məqsəd “Anka-III” üçün ümumi, lakin ədalətli bir çərçivə çəkmək idi. Ancaq jurnalistlər söhbət edərkən düşündülər ki, yalnız bu günə diqqət yetirmək yarımçıq ola bilər. Bu səbəbdən “Anka-III” üçün xüsusi olaraq Türkiyə istehsalı Pilotsuz Uçuş Aparatlarının (PUA) səyahətini əhatə edən bir mətn ortaya çıxdı.


2004-cü il dönüş nöqtəsi oldu

Yıldırım deyir ki, Türkiyə aviasiya sənayesinin PUA-lara doğru inkişafı ilə bağlı ən kritik qərarlardan biri 2004-cü ildə məşhur Müdafiə Sənayesi Məsləhət Şurasının (SSİK) toplantısında qəbul edilib.

O qeyd edir ki, bu qərar iki məsələyə səbəb olub: TUSAŞ-a orta sinfə məxsus PUA inkişaf etdirmə layihəsinin verilməsi. Bu layihənin adı sonradan “Anka” oldu. Bundan əlavə, layihə tamamlanana qədər Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) eyni qabiliyyətdən istifadə edə bilməsi üçün İsraildən “Heron” adlı PUA-ların satın alınması.

Yıldırım qeyd edir: “Heron”ların tədarükü və istifadəsi çox məşəqqətli bir layihəyə çevrilsə də, qısa müddətdə Türkiyə Silahlı Qüvvələrinə terrorla mübarizədə əhəmiyyətli imkanlar yaradıb”. O, həmin illərdə PUA-lardan kəşfiyyat/müşahidə və silah yönləndirmə platforması kimi istifadə etmək üçün Türkiyə Silahlı Qüvvələrinin öz doktrinalarını inkişaf etdirdiyini və bu qabiliyyəti mənimsədiyini vurğulayır.

“Anka” və TB-2 ilə yeni bir proses başladı

Yıldırım deyir ki, möhtəşəm inancın əksinə olaraq, məhdud imkanlara malik çox az sayda “Heron” belə Türkiyə Silahlı Qüvvələrinə terrorla mübarizədə üstünlük təmin edir. O, illər ərzində daha müasir sensorlarla və yüksək miqdarda inventara qəbul edilə bilən, çox daha uzun müddətlər ərzində havada qala bilən TAI istehsalı “Anka” və “Baykar” istehsalı TB-2 platformaları ilə də dünyada bənzərsiz bir qabiliyyət qazanıldığına diqqət çəkir.

Sonradan bu platformalar silahlandırıldı və olduqca etibarlı silah daşıma platformaları halına gəldi. Yıldırım keçilən yolu bu cümlələrlə ümumiləşdirir: “Təxminən 15 il davam edən bu prosesin nəticəsi olaraq Türkiyə Silahlı Qüvvələri bütün qüvvələri ilə PUA-ları və zərbə PUA-larını öz doktrinasına daxil edərək, onları mənimsədi və əməliyyat quruluşlarının ayrılmaz hissəsinə çevirdi”.


“Bir-birini qidalandıran proses başlayıb”

Yıldırımın qeyd etdiyi illər həqiqətən kritikdir. Ancaq o zaman prosesə yaxın adamlarla söhbət edəndə, hər kəsin beynində oxşar sual var idi. Türkiyəli mühəndislər bu uğuru davam etdirə, özlərini ötüb keçə biləcəkdilərmi, yoxsa səyahət “Anka” və TB-2 səviyyəsində qalacaqdı?

Yıldırım bu sualın cavabının artıq verildiyini bildirir və belə davam edir:

“Bu dövr təbii ki, texniki inkişafa da səbəb oldu. Müxtəlif PUA layihələri ilə bir çox şirkətlərimiz avtomatik uçuş idarəetməsi, çoxsaylı avionik sistemlərin koordinasiyası və qabaqcıl uçan gövdə korpusunun dizayn/istehsalı qabiliiyyətlərini qazandı.

Platformalar qabiliyyət qazandıqca, onlardan atılacaq xüsusi sursatlar hazırlanmağa başladı. Bu baxımdan Türkiyə müdafiə sənayesi dünyada demək olar ki, görünməmiş bir dinamizm və məhsuldarlıq əldə edib. Kobudcasına pərli, sursat və sensorlarını gövdəsindən kənarda daşıyan, radarda parlaq şəkildə görünən, nisbətən yavaş platformalar inkişaf etdirmək və istehsal etmək mövzusunda sektor bir müddət sonra doyma səviyyəsinə çatdı.

Bununla belə, bu tip platformalar Hava Hücumundan Müdafiə (HHM) təhlükələrinin nisbətən az olduğu və manipulyasiya edilə bilən ərazilərdə həqiqətən effektiv ola bilər. Məsələn, TB-2 və “Anka” Türkiyə Silahlı Qüvvələrinin antiterror əməliyyatlarında, Liviya və Azərbaycanın Ermənistanın işğalı altında olan Qarabağının azad edilməsi əməliyyatlarında qismən qurban verilərək, yalnız uğurlu bir şəkildə istifadə edilə bildi.

Bütün bu toqquşmalar bizim inkişaf etmiş adlandıra biləcəyimiz HHM təhdidlərinin olmadığı ərazilərdə olub. Türkiyə PUA imkanlarını bununla məhdudlaşdırmadı və daha inkişaf etmiş platformalara sərmayə qoymağa başladı”.


İnsanlı və insansız platformaları birlikdə görəcəyik

Bu anda Yıldırım başqa bir məlumatı da paylaşaraq izah edir ki, 2015-ci ildən etibarən açıq şəkildə aşağı radara görünmə qayğısı ilə dizayn edilmiş reaktiv mühərrikli platformaların konseptual dizaynları ilk dəfə Türkiyə ictimaiyyətində müzakirə olunmağa başlayıb.

Xatırlayırıq ki, 2022-ci ildə “Baykar” reaktiv mühərrikli, aşağı radara görünmə qabiliyyətli və gövdə içərisində sursat yükünü daşımaq üçün nəzərdə tutulmuş “Kızılelma” platformasını ictimaiyyətə açıqlayıb. Eyni dövrdə TUSAŞ Baş direktoru Temel Kotil “Anka-III” adlı platformanı elan etdi və ilk konseptual dizaynlarını təqdim etdi. Yıldırım bildirir: “Bu layihələrin hər ikisində daha ağır, yük daşıma qabiliyyəti yüksək və bunu gövdə daxilində daşıya biləcək, reaktiv mühərrikli və olduqca yüksək sürətli platformaların hədəfləndiyi görünür”.

“Kızılelma” ilə “Anka-III” arasındakı fərq nədir?

“Baykar”ın təqdim etdiyi “Kızılelma” kənardan baxdıqda, sadəcə pilotu və kokpiti olmayan yeni nəsil reaktiv təyyarə kimi görünərkən, “Anka-III” çox fərqli, “uçan qanad” tipli dizayn idi. Bu fərqin nə demək olduğunu soruşduqda Yıldırım belə cavab verir: “Baykar”ın “Kızılelma” ilə çox sürətli, yüksək performanslı, çox yüksək manevr qabiliyyətinə malik aerodinamik gövdəni hədəflədiyi aydın olur. Yenə bu dizaynla aşağı radara görünmə qabiliyyətli, səsdən aşağı və səsdən yüksək sürətlərdə uça biləcək bir platforma ortaya çıxardılar”.

Yıldırım TUSAŞ-ın “Anka-III” dizaynına da toxunur və çox aşağı radara görünmə qabiliyyətinə malik, səsdən aşağı sürətlə uçacaq, manevr qabiliyyəti çox aşağı olan bir platformanın hədəfləndiyini vurğulayır:

“Kızılelma”nın yüksək sürətlə, yüksək manevr qabiliyyəti ilə həm təkbaşına, həm də Milli Döyüş Təyyarəsi kimi təyyarələrlə müəyyən bir hava məkanında, radarlara daha az görünərək, ona veriləcək hər cür missiyanı yerinə yetirməsi istənilir. “Baykar” şirkəti rəhbərlərinin verdiyi açıqlamalara görə, bura “hava-hava” sursatları, hətta bir avtomatik topla hava məkanının qorunması, lazım gələrsə yüksək performanslı düşmən təyyarələri ilə “it davaları”nda (iki hərbi təyyarənin arasında baş verən hava döyüşü – red.) iştirak etmək daxildir.


“Anka-III”də isə düşmən radarlarına bəlkə də heç görünmədən, optik müşahidə sistemlərinə heç fikir vermədən çox uzun məsafələrə uçmaq, lazım gələrsə çox uzun müddət müəyyən hava məkanında qalmaq və verilən tapşırığı yerinə yetirmək əsas hədəfdir. Bu baxımdan “Anka-III” inkişafa açıq, gövdəsinə inteqrasiya edilmiş və aşağı yayım edən və ya heç etməyən sensorları ilə düşmən tərəfindən çox çətin müəyyən ediləcək, bəlkə də heç müəyyən edilməyəcək bir platforma olmağa namizəddir.

Eyni şəkildə düşmən hava məkanında optik, radioelektron aşkarlama və müşahidə, hədəfin aşkarlanması və müəyyən edilməsi, müxtəlif sursatları ilə düşmənin hava məkanına nüfuz edərək, kritik və qiymətli hədəflərin məhv edilməsi ağla gələn ilk vəzifələr sırasındadır. “Kızılelma”ya görə, yuxarıda izah etdiyim dizayn fəlsəfəsi səbəbilə “Anka-III”ün sıx təhlükə mühitində belə düşmən radarlarına düşmədən düşmən hava sahəsindəki hədəfləri qiymətləndirməsi və sursat buraxma mənzillərinə qədər daxil olması mümkün ola bilər”.


“Anka-III” çox kritik imkanlar verəcək

Hazırkı şəraitdə düşmən hədəflərinə çox uzaq mənzilli, mürəkkəb proqram təminatlarına malik, çox bahalı və hədəfə çatanda məhv olan qanadlı raketlərlə hücum edilir. Əvəzində “Anka-III” kimi çox qaranlıq bir platforma ilə düşmənin hava məkanının platformanın imkan verdiyi ölçüdə dərinliyinə daxil olaraq, burada daha birbaşa sursatlarla hücum etmənin mümkün ola biləcəyini öyrənirik.

Yıldırım qeyd edir: “Yenə də döyüş meydanının sisi, xaosu və hətta missiya planlaşdırmasının tələbi ilə missiyaya gedən bir neçə platformanın məhv olması isə lazım gəldikdə nəzərə alına bilər. Bu da əməliyyat planlaşdırmasına böyük çeviklik gətirir. Bu kontekstdə “Anka-III” Türkiyə HHQ-yə F-35 ilə əldə etməyi hədəflədiyi bir qabiliyyətə MMU platformasının xidmətə daxil olmasından öncə qovuşması imkanı verəcək”.

Bir-birlərinə rəqib deyil, “tamamlayıcı” olacaqlar

Bu nöqtədə Yıldırım izah edir ki, “Anka-III” və “Kızılelma” əslində bir-birinə rəqib deyil, “tamamlayıcı” ola bilər. O deyir ki, Milli Döyüş Təyyarəsi “Kaan” şübhəsiz ki, bu qabiliyyət cədvəlinin başındadır.

Biz bilirik ki, başda ABŞ olmaqla, insanlı və insansız sistemlərin havada operativ və kinetik olaraq qarışıq istifadəsi üçün konsepsiyalar inkişaf mərhələsindədir. Yıldırım bu prosesi belə izah edir:

“Daşa yazılmış, dəqiqləşmiş bir doktrina yoxdur. Müxtəlif inkişaf və istehsal layihələri yeni imzalanmağa başlayıb və bu layihələrin harada inkişaf edəcəyi və nə dərəcədə uğurlu olacağı bəlli deyil. Başqa sözlə, Türkiyə bu baxımdan dünyada öndə olub. Fəaliyyətini intensiv şəkildə davam etdirir. Bu, şübhəsiz ki, Türkiyənin aviasiya ekosistemi üçün bir şansdır”.


“Mühərrikin və kritik sistemlərin yerliləşdirilməsi çox vacibdir”

Həm “Anka-III”, həm də “Kızılema” son nəticədə platformadır. Hər iki platforma uçuş sınaqlarını davam etdirir. Yıldırım kritik alt sistemlər və mühərrik məsələsini də şərh edir və sözlərini belə yekunlaşdırır:

“Bu platformaların kifayət qədər qabiliyyətdə və miqdarda istehsal edilməsi üçün mühərrik kimi uçuş üçün kritik olan bir çox alt sistemin tədarükü və lazım gəldikdə yerliləşdirilməsi böyük əhəmiyyət kəsb edir. Bu baxımdan riski minimuma endirmək üçün bəzən bir-birinə paralel müxtəlif tədqiqatlar aparılır. Bu inkişaf etdirmə layihələrinin həyata keçirilməsi ilə hər iki platforma sensorları, avtonom və yarımavtonom uçuş idarəetmə imkanları, missiya planlaması və icra konsepsiyaları ilə Türkiyədə, eləcə də dünyada cığır açacaq səviyyədə sistemlər olmağa namizəddir.

TB-2 və “Anka” ilə yaşanan bir proses var idi... Platformanın yetkinləşməsi, bunun yeni əməliyyat konsepsiyalarında istifadəsi, burada öyrənilən dərslərlə yeni sensor və silahların hazırlanması və uçan sistemlərə inteqrasiyası, qazanılan bu yeni qabiliyyətlərin sahədə sınaqdan keçirilərək, yenə yeni əməliyyat konsepsiyalarının inkişaf etdirilməsi və bunun ən sonda qüvvələrin doktrinası halına gəlməsi... İndi bu prosesi daha təkmil sistemlərlə bir daha yaşayacağıq.

Haqqında danışdığımız bu proses son dərəcə kritikdir. Çünki biz çox qeyri-müəyyən bir coğrafiyada yaşayırıq. Bu imkanların əldə edilməsi Türkiyə Silahlı Qüvvələrinin çəkindirici və təsirli olması üçün həyati əhəmiyyət kəsb edir”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   HHQ   Anka-III   F-35  


Bizi "telegram"da izləyin