Neft ticarətində “dollarsız dövr” qlobal iqtisadiyyata necə təsir edə bilər? – ANALİZ

2024/06/17181-1718949685.jpg
Oxunub: 1395     14:25     08 Avqust 2024    
Səudiyyə Ərəbistanı ilə Amerika Birləşmiş Ştatları (ABŞ) arasında neftin qiymətinin yalnız dollarla müəyyən edilməsinə dair neft-dollar razılaşması 1970-ci illərin əvvəllərinə təsadüf edir. 1974-cü il iyunun 8-də ABŞ-nin qızıl standartını tərk etməsindən qısa müddət sonra imzalanan bu müqavilə neft və dollar üzərində gücünü davam etdirən ABŞ-nin qlobal iqtisadi təsirinin mühüm bir hissəsi oldu.

ABŞ-nin “Bretton Woods” sazişindən çıxması dəyəri sabit olan dolların dəyişkən olmasına səbəb oldu. Bu dövrdə sənayeləşən ölkələr, xüsusilə Böyük Britaniya öz milli valyutalarını sərbəst məzənnəyə çevirib və görünməmiş səviyyədə pul çap edərək, ehtiyatlarını artırıblar. Belə bir konyukturada ortaya çıxan neft-dollar razılaşması Səudiyyə Ərəbistanından neft ixracını yalnız ABŞ dolları ilə qiymətləndirməyi və artıq neft gəlirlərini ABŞ xəzinə veksellərinə yatırmağı tələb edirdi.

Bu, aşağı faiz dərəcələrini və möhkəm istiqraz bazarını dəstəkləyərək, ABŞ-nin xəzinə istiqrazlarına xarici kapital axınına töhfə verdi. Bunun müqabilində Birləşmiş Ştatlar kral ailəsinə hərbi dəstək və əlavə qoruma təmin edəcəkdi. Son 50 il ərzində saziş qlobal neft ticarətinin təməl daşı oldu. Bu razılaşma dollara sabit tələbi təmin etdi və ABŞ-yə neftlə zəngin Yaxın Şərqdə əhəmiyyətli geosiyasi təsir bağışladı.

Səudiyyə Ərəbistanı ABŞ ilə münasibətlərini yenidən formalaşdırır

BRICS blokunun ən yeni üzvlərindən biri olan Səudiyyə Ərəbistanı ABŞ ilə xüsusi münasibətdən kənara çıxmaq üçün addımlar atmağa başlayıb. Bu yaxınlarda ABŞ və Səudiyyə Ərəbistanı arasında neft-dollar razılaşmasının müddətinin sona çatmasına icazə verildiyi barədə mətbuatda məlumat yayılıb. Neft dolları sazişinin uzadılmaması yeni və naməlum paradiqmadan, eləcə də beynəlxalq neft ticarətinin dinamikasında potensial dəyişiklikdən xəbər verə bilər. Müqavilənin uzadılmaması qərarı, xüsusilə dolların dünyanın əsas ehtiyat valyutası olması nöqteyi-nəzərindən baxıldıqda, qlobal iqtisadiyyata geniş təsir göstərə bilər.

Bu qərarın qlobal siyasətə təsiri qlobal iqtisadiyyata təsirindən daha çox ola bilər. Razılaşmanın sona çatmasına icazə vermənin hərəkətverici qüvvəsi olaraq artan qlobal gərginliklərə və dəyişən geosiyasi bağlılıqlara işarə edən bir çox siyasətçi və ekspetlər bu məsələ ilə bağlı müxtəlif fikirlərini bildirməkdə davam edirlər. Bununla belə, dünyanın alternativ enerji mənbələrinə doğru irəliləməsi, bərpa olunan enerji mənbələrinin və təbii qazın artması son 10 ildə neftdən asılılığı durmadan azaldıb.

İndi hətta Səudiyyə Ərəbistanı kimi neftlə zəngin ölkələr də 2030-cu ilə qədər elektrik enerjisinin yarısını bərpa olunan enerji və təbii qazla istehsal etmək yolundadır və 2060-cı ilə qədər xalis sıfır emissiyaya nail olmaq niyyətindədir. Səudiyyə Ərəbistanı ABŞ ilə neft-dollar müqaviləsini yeniləməmək qərarına gəlsə, bu, dolların neft ticarətində dominant valyuta statusunun əhəmiyyətli dərəcədə zəifləməsinə səbəb ola bilər. Bu, çox güman ki, neft əməliyyatlarında istifadə olunan valyutaların diversifikasiyasına gətirib çıxaracaq.

Neft ticarətində avro, yuan və hətta kriptovalyutalar potensial olaraq bazarda daha böyük rol oynayacaq. Bu, ABŞ iqtisadiyyatına əhəmiyyətli təsir göstərə bilər, çünki dolların dominantlığının azalması daha yüksək borclanma xərclərinə və inflyasiyaya səbəb ola bilər.

Neft ticarətində rəqabətli bazara doğru

Bundan əlavə, neft-dollar müqaviləsinin yenilənməməsi son illərdə vüsət alan dolların ləğvi prosesinə töhfə verə bilər. Rusiya, Çin və İran kimi ölkələr beynəlxalq ticarətdə dollardan asılılığını azaltmağa fəal şəkildə çalışırlar. Səudiyyə Ərəbistanının neft dollarından imtina qərarı bu tendensiyanı daha da sürətləndirəcək. Bu qərar ABŞ-nin qlobal miqyasda iqtisadi və siyasi gücünü saxlamaq imkanlarını zəiflədərkən, dolların dünyanın əsas ehtiyat valyutası statusunu potensial olaraq təhlükə altına sala bilər.

Neft ticarəti nöqteyi-nəzərindən, neft-dollar müqaviləsinin yenilənməməsi neft əməliyyatlarında müxtəlif valyutaların üstünlük təşkil etmək üçün rəqabət apardığı daha parçalanmış və rəqabətli bazara gətirib çıxara bilər. Bu, potensial olaraq neft qiymətlərində və valyuta məzənnələrində artan dalğalanmalara səbəb ola bilər, çünki fərqli valyutalar bir-birinə qarşı dəyərdə dəyişir. Yeni vəziyyət, həmçinin neft müqavilələrinin qiymətqoyma prosesini çətinləşdirə və bazarda daha böyük qeyri-müəyyənliyə səbəb ola bilər.

Bütövlükdə, Səudiyyə Ərəbistanı ilə ABŞ arasında neft dolları razılaşmasının yenilənməməsi qlobal iqtisadiyyata və neft ticarətinin strukturuna əhəmiyyətli təsir göstərə bilər. Bu, dolların dominantlığının zəifləməsinə, de-dollarizasiya prosesinin sürətlənməsinə və neft bazarında volatilliyin artmasına səbəb ola bilər. Ölkələr öz valyuta ehtiyatlarını diversifikasiya etməyə və dollardan asılılığını azaltmağa davam etdikcə, beynəlxalq valyuta sistemində yaxın illərdə əhəmiyyətli dəyişikliklər baş verə bilər. Birləşmiş Ştatlar da bu yeni reallığa uyğunlaşmalı və çoxqütblü dünyada iqtisadi və geosiyasi təsirini qoruyub saxlamağın yollarını tapmalı olacaq.

Nəticədə neft-dollar razılaşmasının potensial olaraq sona çatması ilə ABŞ-nin ehtiyat valyuta statusu üçün təhlükənin şişirdilmiş olduğu düşünülsə də, bu razılaşmanın müddəti bitdikdən sonra dollara qlobal tələbin azalması qısa müddətdə inflyasiyanın artmasına, faizlərin artmasına və istiqraz bazarının zəifləməsinə səbəb olacaq. Bu vəziyyət ABŞ iqtisadiyyatında azaldıla bilməyən yüksək faiz dərəcələrinə və davamlı inflyasiyaya mənfi təsir göstərəcək.

Bundan əlavə, cari gündəm ABŞ maliyyə bazarlarını zəiflətmək üçün uzunmüddətli potensiala malik ola bilər. Ötən il beynəlxalq neft ticarətində dolların payı 80 faiz təşkil edib. Hazırda digər valyutalarla neft ticarətinin payı 20 faiz olsa da, Rusiya, İran, Səudiyyə Ərəbistanı, Çin və digərləri enerji ticarətində getdikcə daha çox yerli valyutalardan istifadə edirlər. Odur ki, müqavilənin uzadılmaması qərarı dolları çap edən ABŞ Federal Ehtiyat Sisteminin (FED) senyoraj gəlirlərinin azalmasına və qlobal iqtisadiyyatda genişmiqyaslı nəticələrə gətirib çıxara bilər.

Siyasətçilərin və bazar iştirakçılarının neft-dollar razılaşmasının qüvvədə olmadığı potensial bir gələcəyə indidən hazırlaşmaları vacib ola bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Neft   Ticarət   Dollar  


Bizi "telegram"da izləyin