Xronika: Qərbi Azərbaycan ərazisində türklərin Arşak, Sakan, Qarqar tarixinə hay iddiası

2024/06/ccfca-1718168491.jpg
Oxunub: 181     23:16     11 İyun 2024    
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Qərbi Azərbaycan ərazisində türklərin Arşak, Sakan, Qarqar tarixinə hay iddiası” adlı veriliş efirə gedib.

Ordu.az xəbər verir ki, verilişdə tarixçi alim Ramin Əlizadə Alban və Zəngəzur hökmdarlarının mənşəyindən söz açıb.

O, Zəngəzurun əsl adı və hökmdarlarının mənşəyindən, Mehranilərin Albaniyada hakimiyyətə gəlməsindən danışıb: “Sünik sözü Sakan adının haylaşdırılmış, təhrif edilmiş formasıdır. Ermənilər Zəngəzur tarixini bu məqsədlə saxtalaşdırdılar. Heç bir mənbədə Zəngəzur adı Sunik kimi göstərilməyib. Hayların Urartu, Alban, Ağvan, Arsak və Sünik tarixi iddiasına dünyada heç bir ciddi alim inanmır. Babəkin dönəmində adı çəkilən Sakan hakimliyi, Şəki qalası Zəngəzurun gerçək tarixidir. Qədim Roma mənbələrində qarqarların, Utilərin İskit tayfasından olduğu qeyd olunub”.

R.Əlizadə bildirib ki, türklər Azərbaycana gəlmə deyil və 2-ci əsrdə Roma coğrafiyaçısı Xəzərdən Qərb istiqamətə türklərin yaşamasından yazıb. Həmçinin VII əsrdə xəlifənin nümayəndəsi “əzəldən türklərin ölkəsi Azərbaycana getmişdim” sözlərini yazıb. Albaniyanı formalaşdıran, idarə edənlər məhz türklər olub.

Onun sözlərinə görə, e.ə. VII əsrdə Urartu hökmdarının Qarakilsədə tapılan kitabəsində Qərbi Azərbaycan kəndlərinin adı türkcə qeyd olunub.

Tarixçi sonda vurğulayıb ki, Mesopotamiyanın şimalında mağarada yaşayan hay tayfaları Urartu tarixinə, Qafqaza və türk sivilizasiyasına iddia edirlər: “Hay və erməni anlayışları tam ayrıdır və heç birinin Urartu, Albaniyaya, Qafqaza aidiyyəti yoxdur. Qərbi Azərbaycan boyunca Albaniyanın böyük tarixi izini ermənilər işğal edib. Bu ərazidə türklərin Arşak, Sakan, Qarqar tarixinə haylar iddia edirlər. Ona görə də Qərbi Azərbaycanın tarixi erməni işğalından azad olunmalıdır”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş iyunun 11-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Qərbi-Azərbaycan-Xronika  


Bizi "telegram"da izləyin