Düşmən necə darmadağın edilib?| Ermənistanın Horadiz və Şuşa istiqamətində planlaşdırdığı əməliyyatdan DETALLAR

2024/06/1717996253.jpg
Oxunub: 6877     11:23     10 İyun 2024    
“168.am” nəşri 44 günlük müharibə ilə bağlı növbəti məqaləsini dərc edib. Məqalə Qarabağ müharibəsinin tarixşünaslığı üçün çox vacib məlumatları ehtiva edir. Döyüşün ilk günlərindən sonra Azərbaycan Silahlı Qüvvələrinin irəliləyişinin qarşısını ala bilməyən Ermənistan Horadiz-Cəbrayıl avtomobil yolu istiqamətində hücum təşkil etmək barədə qərar qəbul edir. Məqalədən məlum olur ki, Azərbaycan Silahlı Qüvvələrinin güclü zərbəsi ilə uğursuzluğa düçar olan sözügedən əməliyyat Samvel Babayan tərəfindən təklif edilib, Ermənistanın keçmiş Baş Qərargah rəisi Onik Qasparyanın göstərişi ilə Cəlal Harutyunyan tərəfindən qiymətləndirilib və sonuncu tərəfindən həyata keçirilib. Məqalədə Şuşa azad edildikdən sonra ermənilərin həyata keçirmək istədikləri işğal planı barədə də məlumat verilir.

Ordu.az nəşrin məqaləsini olduğu kimi təqdim edir:

““Qarabağ müdafiə ordusu”nun (ləğv edilmiş qanunsuz “hərbi birləşmə”-red.) “keçmiş komandanı”, 2020-ci ilin 44 günlük müharibəsi zamanı “Qarabağ təhlükəsizlik şurası”nın (ləğv edilmiş qondarma qurum-red.) “katibi” olmuş Samvel Babayan “Alik Media” stendində məşhur əks-hücum və Şuşa əməliyyatlarına toxunub. Əvvəlcə məşhur əks-hücum əməliyyatı haqqında (1:06:35-1:11:52).

Əks-hücum əməliyyatı Samvel Babayan tərəfindən təklif edilib və Cəlal Harutyunyan tərəfindən təşkil olunub

“Əks-hücumu komandir qolu olan Cəlal (“müdafiə ordusunun komandiri” - “168.am”) öz resursları, vəzifələri ilə təşkil edib. Əks-hücum mən təklif etmişəm. Rəqib buranı yarıbsa, 10-12 km açıbsa və 100-200 km açılıbsa, sənin qoşunun yoxdursa, bu 200 km-i möhkəmləndirməli, müdafiə yaratmalısan.

Sənə bir yol qalır ki, o, yardığı yerdən dərinliyə gedib, bura daxil olub, sən kəsməlisən. Bunu kəsməklə, onu isxodniyə (çıxış nöqtəsi - “168.am”) qaytarırsan. Yəni o bunu açmağa, ərazini geri açmağa gəlməlidir, buradan o, sağ-salamat geri qayıtmayacaq, çünki artıq əks tərəfdəki qoşunlar da onu məcbur edirlər, arxa da bağlıdır.

Buna görə də müharibədə taktika mövcuddur. Ancaq sual budur ki, sən bu tapşırığın öhdəsindən gələ bilərsənmi? Yəni iştirak etməyə və bu tapşırığı yerinə yetirməyə təyin etdikləri hərbi hissə bunu yerinə yetirmək iqtidarındadır? Sən “kamanduşçi”sən, bu tapşırığı yerinə yetirəcək qüvvələri qoymalısan. Sən bu qüvvələri tanıyırsan, mən tanımıram, elə deyilmi? Tanımadığım üçün təklif etmişəm ki, bu, bu, bu... Xəritə üzərində işlədikdən sonra çatışmazlıqları görmüşəm, onları göstərmişəm, demişəm.

Məsələn, bu şəxs bu vəzifəni yerinə yetirə bilməyəcək. Elə deyil ki, mən bilməmişəm və əməliyyata başlayıblar, sonra görmüşəm. Xeyr, elə yerindəcə demişəm. Ümumiyyətlə bunu düzgün hesab edirəm ki, mən təklif vermişəmsə, yerindəcə əmrlə məsuliyyəti mənim üzərimə qoyurlar və həyata keçir deyirlər. Amma onlar həyata keçirə biləcəklərini görüblər, həyata keçirməyə çalışıblar.

Birinci sual budur ki, bunların irəliləməsini kimlər təmin ediblər? Dediyimiz əks-hücum Xankəndinin motoatıcı və tank briqadaları olub, Qarabağın “kamanduşçi”si o əməliyyatı həyata keçirmək üçün öz qərargahı ilə ora gedib. Lakin bunun ən böyük cavabdehi qərargah rəisi olur, yəni qərargah rəisi qərar verir ki, səni “kamandir briqada” təyin etsinlər.

Lakin başa düşməliyik ki, o insanlar o vəzifəni Onik Qasparyanın dövründə tutublarmı? Onik Qasparyanın dövründə tutublarsa, deməli cavabdeh Onik Qasparyandır. Onik Qasparyandan öncə olubsa, başqa bir qərargah rəisinin dövründə onlara o vəzifələri veriblərsə, deməli cavabdeh odur. Yaxşı, Onik Qasparyan da deyir ki, 3 aydır gəlmişəm...

Əgər səni bu briqada komandiri təyin ediblərsə, sənə silah veriblər, verilmiş qərargahın rəisi, komandir sənin imkanlarından, resurslarından xəbərdardır və sənə tapşırıq verəndə bilir ki, o resursla o problemi həll edə bilərsən. Sadəcə ideya vermişəm, kənar adamam. Amma sən bir komandir olaraq bu tapşırığı yerinə yetirmək üçün hansı hərbi hissənin uyğun olduğunu seçməlisən. İndi siz “praval” verirsiniz, niyə günahı başqasının üzərinə atmaq istəyirsiniz?”, - deyə Samvel Babayan qeyd edib və vurğulayıb ki, o, əməliyyatı həyata keçirən qüvvələri tanımayıb və problem də məhz bunda olub.

Qeyd edək ki, 2022-ci ilin sentyabrında “müdafiə ordusunun keçmiş komandanı” Cəlal Harutyunyana yuxarıda qeyd olunan məşhur əks-hücum epizodu üzrə ittiham irəli sürülüb. 2023-cü ilin iyununda isə onun barəsində cinayət təqibinin dayandırılması barədə qərar çıxarılıb və komissiya hərbi-elmi ekspertizası təyin edilib. Artıq 2023-cü il noyabrın əvvəlində məlum olub ki, 44 günlük müharibə zamanı baş verən əks-hücum epizodu üzrə “müdafiə ordusunun keçmiş komandiri”nə qarşı cinayət təqibi dayandırılıb.

Məlum əks-hücum epizodu üzrə hərbi-elmi ekspertiza təyin etdikdən təxminən 2 həftə sonra Nikol Paşinyan İstintaq komissiyasında Cəlal Harutyunyanın işi üzrə məlum əks-hücum əməliyyatının uğursuzluğuna görə məsuliyyəti Baş Qərargahın keçmiş rəisi Onik Qasparyanın üzərinə qoyub. Paşinyan bu əməliyyata toxunmazdan əvvəl parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Andranik Köçəryan deyib ki, əks-hücumların hazırlanması mərhələsində Onik Qasparyan əks-hücumun müəllifi Samvel Babayanla danışaraq, Cəlal Harutyunyana ərazini öyrənməyi tapşırıb.

“Səhv etmirəmsə, Onik Qasparyan dedi ki, Cəlal gedib baxdı və “gözüm yeyir” dedi, yəni nəzərdən keçirilən əməliyyat yarana bilər, bu cəbhə sekorunda vəziyyəti dəyişə biləcək əməliyyat hərbi rəhbərlik tərəfindən izlənilirdi. “Müdafiə ordusunun komandiri”nin müsbət cavabı alındıqda, əks-hücuma başlayıb”, - deyə Köçəryan vurğulayıb.


Öz növbəsində Nikol Paşinyan əlavə edib ki, şəraitdən xəbərdardır və oktyabrın 5-6-da Xankəndidə, “müdafiə ordusu”nun komanda məntəqəsində olub, artıq 9-cu müdafiə rayonunun yarması baş verib.

“Mənim üçün Baş Qərargah rəisinin fikri əhəmiyyətli olub. Mən obyektiv və subyektiv şəraitə görə Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsində olan insanlara inanmışam və demək olar qeyd-şərtsiz etibar etmişəm. Onların general rütbələri daşıması faktı mənim üçün etimadın ilkin variantı üçün çox böyük avansdır. Bu etimad tamamilə pozulana qədər bu, çox uzun müddət amil olub, üstəlik, pozulma konkret epizodlarla bağlıdır. Və oradan Onik Qasparyanla əlaqə saxlamışam, cənab Babayandan öz ideyasını təqdim etməsini xahiş etmişəm. Onik Qasparyan deyib ki, bunda məntiq var və onun fikrincə, “müdafiə ordusunun komandiri” plan formalaşdırmalı və özü bu planın həyata keçirilməsi imkanını, bunun mümkün olub-olmadığını qiymətləndirməlidir. Demişəm ki, çox yaxşı, müsbət və ya mənfi cavab halında mənə məlumat verərsiniz”, - deyə Paşinyan qeyd edib və əlavə edib ki, o, siyasi baxımdan bunu etməyi qadağan etməyib, lakin hərbi baxımdan əməliyyatın həyata keçirilməsinə hərbi rəsmilər qərar verməli idilər.

“Mən artıq İrəvanda idim və Onik Qasparyan mənə dedi ki, həmin əməliyyatın həyata keçirilməsinə qərar verilib. Onik Qasparyan problemi Cəlal Harutyunyanın qarşısına belə qoyub: “Bax, gözün yeyir, yoxsa yox?”. Bundan sonra Harutyunyan bəli deyib. Bilirəm ki, həmin epizodla bağlı cinayət işi başlanıb, araşdırma aparılır və bunun qeyri-real, əsassız bir şey olması qətiyyən fakt deyil”, - deyə Paşinyan əslində Samvel Babayanın bunun bağlı bütün dediklərini əsas qəbul edərək, sözlərini yekunlaşdırıb.

Məlum əks-hücum epizodu üzrə yuxarıda qeyd olunan hərbi-elmi ekspertiza hələ yeni təyin olunanda və Nikol Paşinyan hələ də İstintaq komissiyasında dindirilmədikdə, “168.am” bir neçə faktı xatırladaraq, başa düşməyə çalışmışdı ki, hərbi-elmi ekspertiza kimi xilas edir, Cəlal Harutyunyanı, Nikol Paşinyanı, yoxsa ikisini birlikdə və ya başqa birini də? Əvvəla, Cəlal Harutyunyanın vəkili 2022-ci ildə jurnalistlərlə görüşdə bildirib ki, Cəlal Harutyunyan əks-hücum qərarının təsdiqini ali baş komandan Nikol Paşinyandan alıb.

“Hesab edirəm ki, o vəziyyətdə həm Baş Qərargah, həm də ali baş komandan tərəfindən razılıq verməmək səhv olardı, çünki bu qərarın verildiyi anda qərarın qəbulu üçün bütün ilkin şərtlər mövcud idi. Bu qərarla əks-hücumu aşağı halqalarda yüksək səviyyədə həyata keçirə bilsəydilər, bütün müharibə üçün fərqli bir mənzərəyə sahib ola bilərdik”, - deyə Arsen Sardaryan bildirib.

O, konkret olaraq Horadiz-Cəbrayıl avtomobil yolu istiqamətində əks-hücum təşkil etmək barədə danışaraq qeyd edib ki, bu istiqamətlə bağlı kəşfiyyat məlumatlarımız olub ki, bizim üstünlüyümüz var və o əməliyyatə cəlb edilə biləcək ehtiyat qüvvələrimiz rəqibin həmin ərazidə yerləşən qüvvələrindən bir neçə dəfə güclüdür. “Təsadüfi deyil ki, bu əks-hücum kifayət qədər yaxşı nəticələr verib”, - deyə vəkil vurğulayıb.

İkincisi, müharibədən sonra, 2021-ci ilin aprelində Samvel Babayan bildirib ki, “Kənd-Horadiz” əməliyyatı ideyası onun tərəfindən təklif edilib və bunun bəlkə də Cəlal Harutyunyana qarşı ittihamın birinci epizodu ilə müəyyən əlaqəsi var.

“Əməliyyat ideyasını mən təklif etmişəm. Ayın (oktyabr - “168.am”) 5-6-da, rəqibin bir qanadı artıq Cəbrayılın ağzında olanda, o biri qanadı Xocavənd rayonunun Binədərəsi kəndini tutanda, üçüncü qanadı Xudafərinə gedəndə, cənab Paşinyan Onik Qasparyanla əlaqə saxlayır ki, buradakı generallar belə bir şey deyirlər. Söhbət əsnasında müdaxilə edirəm, deyirəm ki, əgər siz o ərazidə müdafiə təşkil etməyi bacarırsınızsa, biz etməyə bilərik, amma bacarmırıqsa, yalnız bu addım qalır. Adam deyir ki, olmur, o üç istiqamətdə rəqibi dayandırmaq üçün resurslarımız yoxdur, yəni Horadiz qalır, Lələtəpə oradan 9-10 km aralıdadır. Horadizdən Araz çayına düz bir yol enir, əgər o 12 km-i bağlaya bilmiriksə, onda 100 km-də necə müdafiə yaradırıq? Təklif mənim tərəfimdən olub, 1993-cü ildə o əraziləri bu şəkildə “azad etmişik” (işğal – red.). Ağrılısı odur ki, iştiraçılardan biri bunu deyir: yolu bağlamışıq, halqaya götürmüşük, kimi İran tərəfə keçib, kimi də ölüb. Eyni şəkildə hərəkət etmək təklifi olub, həm Cəlal, həm də Onik Qasparyan qəbul edib ki, bəli, yeganə yol budur”, - deyə Samvel Babayan ətraflı məlumat verib.

Üçüncüsü, Nikol Paşinyan 2020-ci il oktyabrın 6-da “Facebook”da Qarabağa səfərindən bəhs edən paylaşım edib.

“168.am” yazmışdı ki, Paşinyan həmin paylaşımı bir neçə dəfə redaktə edib. İlkin versiyada Paşinyan qeyd edib ki, “Qarabağ prezidenti” Arayik Harutyunyan və Silahlı Qüvvələrin yüksək rütbəli heyəti ilə rəqibə layiqli əks-hücum etmək üçün növbəti addımları müzakirə ediblər”. Redaktədən sonra “rəqibə layiqli əks-hücum” ifadəsi “rəqibə layiqli antiterror zərbəsi” ifadəsinə çevrilib.



Lakin 2020-ci il oktyabrın 6-da Ermənistan Baş nazirinin rəsmi saytında Nikol Paşinyanın Qarabağa səfəri ilə bağlı açıqlamada qeyd edilirdi ki, Cəlal Harutyunyan “iki erməni respublikasının rəhbərləri”nə rəqibin başlatdığı müharibə əməliyyatlarına layiqli əks-zərbə vurmaq addımları barədə məruzə edib.


Əlavə edək ki, Argişti Kyaramyan Milli Təhlükəsizlik Xidmətinin direktoru kimi oktyabrın 5-də Qraabağda məlum əks-hücum əməliyyatının hazırlanmasında və ya onun müzakirəsində iştirak edə bildi və uğursuzluqdan sonra oktyabrın 8-də tutduğu vəzifədən azad edildi. Samvel Babayanın yuxarıda qeyd etdiyimiz müsahibəsinə gəlincə, burada bir neçə sual yaranır.

Əvvəla, 44 günlük müharibə zamanı “Qarabağ təhlükəsizlik şurasının katibi”, özünün başqa bəyanatlarına görə, məsləhətçi səlahiyyətlərinə malik olmuş Samvel Babayanı hansı prosedurla əməliyyatın rəhbəri təyin etməli idilər? Əgər deyilənin dipnotunda ən azından “müdafiə ordusunun komandanlığı”nı üzərinə götürmək üçün istək yoxdursa, bu necə ola bilərdi?

İkincisi, belə bir təəssürat yaranır ki, Samvel Babayan əks-hücum əməliyyatını ali baş komandan kimi təsdiqləyən Nikol Paşinyana “qənaət edir”. Başqa bir sual isə onun 44 günlük müharibə zamanı ali baş komandan olmaq hüququnun olub-olmamasıdır.

Üçüncüsü, Samvel Babayan yanlış kadrlar məsələsini irəli sürəndə unudur ki, hakimiyyət dəyişikliyindən sonra, 44 gülük müharibədən əvvəl “müdafiə ordusu”nda və Ermənistan Silahlı Qüvvələrində düzgün olmayan kadr təyinatları edilib, siyasi “qisas”dan çıxış edərək, təcrübəli hərbçilər uzaqlaşdırılıb, “müdafiə ordusu”nun vacib sektorlarında əraziyə bələd olmayan komandirlər təyin edilib. Bunu son zamanlarda Paşinyan da qəbul edib. Və biz bilmirik ki, Onik Qasparyan və ya ondan əvvəlki hansı təyinatla razılaşıb və ya razılaşmayıb və s.

“168.am” bütün bunlar barədə ətraflı təhlillər təqdim edib. Yəni, bu barədə daha öncə danışmaq lazım idi. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Samvel Babayan bu müsahibəsində əvvəlki açıqlama və müsahibələri ilə müqayisədə Silahlı Qüvvələrinin keçmiş rəisi Onik Qasparyan haqda daha ehtiyatlı danışıb. Bəlkə bunun səbəbləri var?

Mən Şuşa əməliyyatında iştirak etməmişəm, bəzi fəaliyyətləri təklif etmişəm

“Alik media”nın stendində “Qarabağ müdafiə ordusunun keçmiş komandiri”, 2020-ci ilin 44 günlük müharibəsi zamanı “Qarabağ təhlükəsizlik şurasının katibi” olmuş Samvel Babayan, artıq yuxarıda qeyd etdiyimiz kimi, Şuşa əməliyyatına da toxunub (55:13-55:55).

Sözügedən müsahibədə Samvel Babayan əməliyyatda iştirak etmədiyini, bəzi fəaliyyətləri təklif etdiyini vurğulayıb və qeyd edib ki, onun istənilən təklifini həyata keçirsəydilər, qalib gələrdik. İnternetdə Şuşa ilə bağlı olan video yayıldığı barədə suala “müdafiə ordusunun keçmiş komandiri” belə cavab verib:

“Şuşanın müdafiəsi əməliyyatına gedirsən, iki tabor Ermənistandan, bir tabor Qarabağdan, məsləhətləşmə keçirirsən, “kambat”lar dayanıblar, gecə saat 2-də səni cavabdeh qoymuşam ki, o insanlar filan yerə gəlsinlər. “Kamanduşçi armi” (“müdafiə ordusunun keçmiş komandiri” Mikayel Arzumanyanı nəzərdə tutur - “168.am”) əmr yazmalıdır ki, o əməliyyatın məsuliyyətini mənim üzərimə qoyur. “Kamanduşçi armia”nın əmri yoxdur, taborlar imtina edirlər. Ermənistanın təhlükəsizliyində cinayət işi açılıb, haradadır? Gedişat verin”.

Babayan həmçinin eyham vurub ki, “kamanduşçi armi” müvafiq yerdən təyin edilir, niyə təyin olunmadığı artıq başqa məsələdir.

Xatırladaq ki, 2021-ci ilin növbədənkənar parlament seçkiləri ərəfəsində, iyunun 18-də Paylak Arakelyan adlı istifadəçi öz “Facebook” səhifəsində müharibə zamanı Xankəndidəki bunkerdə baş tutmuş və Samvel Babayanın xatırlatdığı müzakirənin videosunu “2020-ci ilin noyabrında həyata keçirilməmiş, müharibənin bütün gedişatını dəyişəcək Şuşa əməliyyatı” qeydi ilə paylaşır.

Yeri gəlmişkən, Arakelyanın “Facebook” səhifəsində onun “Qarabağ təhlükəsizlik şurasının ofisi”ndə işlədiyi yazılıb. Qeyd edək ki, müharibə zamanı Samvel Babayan “Qarabağ təhlükəsizlik şurasının katibi” olub. Arakelyan hazırda parlamentin müdafiə və təhlükəsizlik məsələləri komissiyasının administrasiyasında işləyir, onun köməkçisidir.

Videoda isə xüsusilə Samvel Babayan deyir: “Artıq Sığnağı keçirsən, bunun altında, Sığnağın bu tərəfiylə bura gəlirsən. Bundan bu tərəfə, bir kilometr, bir kilometr yarım Kirsə doğru. Yolunuz varmı, onunla taxta çatdırırdınız, bilmirəm nə edirdiniz, yolunuz varmı?”.

Daha sonra Babayan davam edir: “Problem belədir: rəqib artıq Şuşanı mühasirəyə alıb, bütün Qarabağın taleyi sabahkı hərəkətimizdən asılıdır”.

“Nə dediyimi başa düşürsünüz? Yəni bir dəqiqə gecikmək və ya problemlər yaratmaq olmaz. Hansı vəzifəni almısınızsa, hər bir adam öz vəzifəsini yerinə yetirir. Rəqibin arxası bağlansa, qidalanma mexanizmi bağlansa, rəqibi məhv edə biləcəyik. Əks halda buradan birbaşa İrəvana getməli, “Qarabağ, hələlik” deməli, torpaqları verməli, getməliyik. Azərbaycanın qoşunlarımızı, xalqımızı çıxarmağımıza icazə verib-vermədiyi hələ sualdır. Yəni, bu əməliyyat formal deyil”, - deyə o vurğulayıb.

Sığnaq əməliyyatı uğursuz olur, Şuşanı itiririk. 2020-ci ildə Samvel Babayan KİV-lərdən birinin efirində azərbaycanlıların Sığnaq kəndində baza yaratdıqlarını və Şuşaya doğru irəlilədiklərini də qeyd edib.

“Əməliyyat aşağıdakı kimi idi. 3 tabor: 2-si Ermənistandan, 1-i Qarabağdan, Dovşanlı taboru. Vəzifə aşağıdakı kimi idi: Çanaqçı kəndinin qarşısında oturmalı və yüksəkliyi götürməli, rəqibi yoldan kəsməli, ikincisi, Sığnağı iki tərəfdən mühasirəyə almalı, rəqibi Şuşadan geri çəkilməyə məcbur etməli idilər. Şuşakənd kəndində komandirlərə əməliyyat izah edilir ki, Şuşa problemi həll olunacaq. Noyabrın 5-i gecə saat 2-də mənə deyirlər ki, ilk növbədə Dovşanlı taboru imtina edir, sonra Ermənistanın iki taboru bunu yerinə yetirməkdən imtina edir”, - deyə o davam edib.

Bu mövzunu davam etdirmək, Dovşanlı taboruna və məsələn, Ermənistandan Qarabağa getmiş taborların niyə imtina etdiklərinə toxunmaq olar. Daha sonra isə Samvel Babayan “Qarabağ ictimai televiziyası”na verdiyi müsahibədə “müdafiə ordusunun keçmiş komandirləri” Cəlal Harutyunyandan və Mikayel Arzumanyandan sonra növbəti günahlandırılanın 44 günlük müharibə kontekstində özünün olacağı söz-söhbətlərini gülməli hesab edib.


“Bütün iştirakçılar həm Kənd-Horadiz istiqamətində baş verənlər, həm Şuşa əməliyyatı, həm də bunun arxasını bağlamaq ilə bağlı ifadələr yazmağa gedirlər. Mən bilirəm ki, gedənlər çox pis vəziyyətədirlər. Mənə sual veriblər, necə olduğunu təsvir etmişəm. Sonra o şəxsləri çağırmışam və məlum olub ki, həqiqət mənim dediyimdir. Onların dediyi həqiqətə uyğun gəlmir. Şahid statusum var. Biz 1000 faiz haqlıyıq. Burada insanlar var, onlar KİV-lərdə deyirlər ki, budur, növbə mənimdir... Camaat, güldürməyin. Biabırçı vəziyyət olub”, - deyə o vurğulayıb.

Şuşa əməliyyatı kontekstində isə “Alik media”ya verdiyi müsahibədə Samvel Babayan Paşinyanın rolunu və noyabrın 7-də Şuşanın əldən çıxdığını öyrənərək, şəhəri geri götürməyi əmr etdiyini, bunun üçün resursa sahib olub-olmadığımızı görməzdən gəlib. Yaxud İstintaq komissiyası niyə “müdafiə ordusunun keçmiş komandanı” Mikayel Arzumanyanı dindirmək və Şuşanı itirmək ilə bağlı onun həqiqətini dinləmək üçün variant tapmayıb?

Yeri gəlmişkən, 2023-cü ilin iyul ayında o, bəyanat yayıb və bəyanatda xüsusilə qeyd edib:

“Qarabağ “müdafiə ordusunun komandanlığı”nı 2020-ci il oktyabrın 27-də son dərəcə ağır vəziyyətdə üzərimə götürmüşəm. Belə ki, rəqib artıq bir neçə müdafiə zonasını keçərək, Şuşa yaxınlıqlarına yaxınlaşmışdı, orduda xaos vəziyyəti hökm sürürdü, rəqib həm havada, həm də yerdə qeyd-şərtsiz üstünlüyə sahib idi.

Mövcud vəziyyətdə say, silah baxımından dəfələrlə üstün olan rəqibə müqavimət göstərmək üçün maksimumu etmişəm və bəzi hallarda da ciddi uğurlar əldə etmişik. Lakin rəqib daha böyük qüvvələr və vasitələr cəmləşdirib, erməni tərəfi buna müqavimət göstərmək üçün nə insan, nə də silah baxımından kifayət qədər resursa sahib olmayıb. Bunu siyasi rəhbərlik də yaxşı bilib”.

İndi yuxarıda qeyd olunan müsahibədə Samvel Babayan mümkün prosedur problemləri ilə yanaşı, Şuşa əməliyyatının məsuliyyətinin də onun üzərinə qoyulmalı olduğunu deyəndə, o, insan və silah resursu problemini necə həll edəcəkdi? 2023-cü ilin oktyabrında KİV-lərdən birinə verdiyi müsahibədə o, aşağıdakıları açıqlayıb:

“Mən “Qarabağ prezidenti”nin xahişi ilə noyabrın 6-da Qarabağdan gəlmişəm. Burada “nayomnik”lərlə məşğul olan bir rus şirkəti ilə danışıqlar aparmışam. Ayın 6-da məni danışıqlar üçün bura göndərirlər, “nayomnik”in burdan getməsi üçün danışıq aparmağa gəlirəm və siz ayın 9-da akta imza atırsınız. İndi nə etməliydim, istefa verməliydim, söhbət bundan gedir. Mən vəzifəmi tərk etmişəm, çünki “təhlükəsizlik şurasının katibi” kimi danışıqlara göndərirlər və arxamca sənəd imzalayırlar. Etibarsızamsa, “təhlükəsizlik şurasının katibi” vəzifəsindən istefa vermişəm və etiraz olaraq “Qarabağ qəhrəmanı” medalımı təhvil vermişəm”.

Yəni, bəlkə 44 günlük müharibədə qalib gəlmək üçün siyasi iradə olmayıb? Axı, elə müharibənin ilk günündə Nikol Paşinyan məğlubiyyətlə barışmağa çağırmışdı. Şuşada baş verənlərlə bağlı isə hələ açıqlanacaq çox şey var və bir gün hakimiyyət dəyişikliyindən sonra 44 günlük müharibədəki məğlubiyyətə görə siyasi rəhbərlik də cavab verməlidir.

Axı, özünün dediyi kimi, komandirlərdən gələn əmrləri nə siyasi, nə mənəvi, nə də hərbi baxımdan başa düşməmək də məsuliyyəti nəzərdə tutur. Üstəlik, müharibə şəraitində ali baş komandanın hərbi və siyasi qərarlar qəbul etmək hüququ var”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin