İsveçrə Ukrayna ilə yanaşı Qafqaz cəbhəsində də sülh arzulayır? XİN rəhbərlərinin növbəti görüş yeri Berndir?

2024/06/1717838416.jpg
Oxunub: 550     21:36     08 İyun 2024    
İyunun 6-da İsveçrə Konfederasiyasının federal xarici işlər naziri İqnasio Kassis Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla telefon danışığı aparıb.

Bu baxımdan tərəflərin verdiyi rəsmi açıqlamalar siyasi baxımdan eynidir. Fərq ondadır ki, Kassis Ceyhun Bayramovla iqlim məsələlərinə dair konfransın hazırlanmasını müzakirə edib, Ararat Mirzoyana təbii fəlakət nəticəsində insan tələfatı ilə bağlı başsağlığı verib və dəyən ziyanın qiymətləndirilməsində ölkəsinin dəstəyini vurğulayıb.

Həm Ceyhun Bayramov, həm də Ararat Mirzoyanla telefon danışığı zamanı regionda təhlükəsizlik və sabitlik məsələləri də müzakirə olunub. İyunun 5-də Ceyhun Bayramov Macarıstanın xarici işlər naziri Peter Siyartonu qəbul edib, danışıqların sonunda mətbuat konfransında isə deyib ki, Ermənistan Bakının təkliflərinə cavab alıb və açıq qalmış sualların sayı azalıb, burada müsbət dinamika var.

Ceyhun Bayramov Tavus-Qazax sektorundakı demarkasiyanı da vurğulayıb. Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsinə dair saziş üzrə doqquzuncu tövsiyələr paketinin mübadiləsindən və xarici işlər naziri tərəfindən müsbət dinamikanın qeyd edilməsindən bir gün sonra İsveçrə Federal Xarici İşlər Departamentinin direktorunun İrəvan və Bakıya telefon zəngini “protokol” və ya “təsadüfi” kimi qiymətləndirmək çətindir.

2017-ci ilin payızında İsveçrə Ermənistan və Azərbaycan prezidentlərini qəbul edib. ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə aparılan danışıqlardan başqa, Serj Sarkisyan və İlham Əliyevin təkbətək görüşü olub. Həmin müzakirələrin nəticəsi olaraq həmsədrlər 2018-ci ilin yanvarında Bakı və İrəvana səfər ediblər.

İsveçrə niyə Ermənistan-Azərbaycan danışıqlarında maraqlıdır? Rusiya İsveçrəni neytrallığı pozmaqda, Ukrayna məsələsində Qərb alyansını dəstəkləməkdə ittiham edib və bu ölkədə Gürcüstanla danışıqları davam etdirməyəcəyini açıqlayıb. Həftənin əvvəlində Moskva yenə iddia edib ki, Ermənistan-Azərbaycan nizamlanması üçtərəfli qaydada, Putin-Paşinyan-İlham Əliyev razılaşmaları əsasında aparılmalıdır.

İsveçrə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünə ev sahibliyi etmək niyyətindədirmi, Kassis Ceyhun Bayramova və Mirzoyana belə bir təklif edibmi? İsveçrənin bir həftədən sonra keçiriləcək Ukrayna üzrə Sülh Konfransında Ermənistan və Azərbaycanın iştirak edib-etməyəcəyini anlamağa çalışdığı istisna edilmir.

Ceyhun Bayramov və Mirzoyan həmin konfransda iştirak edərsə, “yan salonlar”da Ermənistan-Azərbaycan görüşünü təşkil etmək mümkündürmü?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveçrə   Ukrayna   Qafqaz   Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin