İsrailin ən yeni havadan buraxılan ballistik raketi: “Air LORA” (FOTO+VİDEO)

2024/06/2024--1717833343.jpg
Oxunub: 1567     10:33     18 İyun 2024    
İsraildə yerləşən IAI əvvəlcə qurudan buraxılmaq üçün inkişaf etdirilən qısa mənzilli ballistik raket olan LORA-nın havadan buraxılan versiyasını rəsmi olaraq təqdim edib.

Yeni raket İsrailin “Sparrow” ballistik raket sınaq hədəflərindən inkişaf etdirilən “Rafael Rocks” və yenə uzun mənzilli bir artilleriya sursatına əsaslanan “Israel Military Industries (IMI) Rampage” də daxil olmaqla, havadan buraxılışa uyğunlaşdırılmış ballistik raket və artilleriya raketi dizaynlarının genişlənən arsenalına qoşulur.

“Air LORA”nın elan edilməsi İsrailin İranın quru əsaslı Hava Hücumundan Müdafiə (HHM) sisteminə hücum etmək üçün oxşar görünüşlü raketdən istifadə etməsindən iki aydan az bir müddət sonra baş verdi. “Air LORA” kimi tanınan və bir müddətdir mövcud olduğu deyilən silah bu həftə Almaniyanın paytaxtında keçirilən “ILA Berlin” aerokosmik sərgisində nümayiş etdirilib.

“Air LORA” “dərin mənzilli “hava-yer” raketi” kimi təsvir edilir. Əsasən ciddi şəkildə mühafizə olunan strateji hədəfləri vurmaq vasitəsi kimi təklif edilən silahın əsas xüsusiyyətləri arasında yüksək supersəs sürəti və gecə-gündüz, habelə hər cür hava şəraitində istifadə edilə bilməsini təmin edən “atdım-unutdum” ətalətli/GPS idarəetməsi yer alır.

Raket təyyarəyə inteqrasiya edildikdə, hədəf koordinatlarını qəbul edə bilər, bu da “anidən ortaya çıxan” hədəflərə reaksiya verə biləcəyi anlamına gəlir və istehsalçı idarəetmə sisteminin düşmən müdaxilələrinə davamlı olduğunu iddia edir.

“Air LORA”nın müxtəlif təyyarələrlə inteqrasiyasının asan olduğu bildirilir və IAI tərəfindən yayımlanan videoda “Boeing P-8” dəniz patrul təyyarəsindən buraxılan (F-15 və F-16-larda quraşdırılan) nümunələr göstərilir. Bu, raketin ixrac məhsulu kimi təklif olunduğunu təsdiqləyir, lakin İsrail ordusunda özünə yer tapması, əgər hələ tapmayıbsa, mümkündür.

Videoda İsrail Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus F-16I-lərin faktiki sınaq görüntüləri də yer alır.


IAI bildirir ki, bu sinfə məxsus bir silaha olan ehtiyac döyüş təyyarələrini məhv etmək tapşırılan hədəflərdən daha da uzağa gedən quru əsaslı HHM sistemlərinin yaratdığı artan təhdiddən qaynaqlanır. Bu narahatlıqlar illərdir İsrail HHQ-nin doktrinasına təkan verən bir amildir, lakin bu, əksər hava qüvvələrinin mübarizə apardığı bir vəziyyətdir.

IAI, həmçinin “Air LORA”nın arxasındakı digər bir hərəkətverici qüvvənin hədəfin minimum sayda sursatdan istifadə edərək, təsirli bir şəkildə təqib edilə bilməsini təmin edərkən, ikinci dərəcəli zərər riskini azaldan daha yüksək bir dəqiqlik səviyyəsi tələbi olduğunu deyir. ILA-da göstərilən modelə və IAI tərəfindən yayımlanan şəkillərə əsaslansaq, “Air LORA” raketi görünüşcə bazası əsasında hazırlandığı LORA-ya çox bənzəyir.

Artilleriya sistemi kimi təsvir olunsa da, LORA, daha dəqiq desək, qısa mənzilli ballistik raketdir (SRBM) və ilk növbədə qurudan mobil buraxılış qurğularından atılmaq üçün nəzərdə tutulub. O, həmçinin dənizdən buraxılan formada təklif edilib və 175 mil mənzilə malik olduğu bildirilir.

Təxminən 17 fut uzunluğunda olan LORA-nın buraxılış çəkisi 3500 funtdan bir qədər çoxdur və bunun təxminən 1300 funtunu döyüş başlığı təşkil edir. Yüksək partlayıcılı və alt sursatlı döyüş başlığı variantlarının mövcud olduğu anlaşılır. İsrail tərəfindən istifadə olunmaqla yanaşı, orijinal quru əsaslı LORA 2020-ci ildə Qarabağ müharibəsinin ikinci mərhələsi zamanı Azərbaycan tərəfindən də Ermənistana qarşı tətbiq edilib.

IAI orijinal raketlə müqayisədə “Air LORA”da bəzi dəyişiklikləri təsdiqləyib. Bunlar arasında partlama-parçalanma və ya dərin dəlici döyüş başlığı seçimi də yer alır. Dəlici tip güclü mühafizə olunan komanda mərkəzləri kimi möhkəmləndirilmiş hədəflər üçün istifadə olunacaq. Qeyd olunan digər hədəflərə aviabazalar, kritik infrastruktur və maraqlı bir şəkildə “sıx sahillərdəki donanma gəmiləri” daxildir.


Hərəkətdə olan gəmiləri vurma qabiliyyəti radar, infraqırmızı və ya elektro-optik axtarıcı kimi başqa bir əlavə idarəetmə sistemini göstərə bilər, lakin bu təsdiqlənməyib. Bu ssenari yalnız sabit gəmilərə qarşı hücumları əhatə edə bilər. Vəziyyət necə olursa-olsun, “Air LORA” son dərəcə sürətli silah olacaq və ehtimal ki, uçuşunun son mərhələsində hipersəs sürətinə yaxınlaşacaq.

Bu da onu koordinatlarının tələb olunan vaxt çərçivəsində müəyyən edilə bilməsi şərtiylə mobil HHM sistemləri və ya mobil ballistik raketləri də ehtiva edə biləcək, zamana həssas hədəflərə hücum etmək üçün çox uyğun hala gətirir. İstehsalçı, həmçinin raketi “münaqişə mühitlərində yüksək sağ qalma qabiliyyətini və missiya müvəffəqiyyətini təmin etmək” üçün “maksimum hücum bucağı”ndan istifadə edən raket kimi təsvir edir.

Yüksək sürət və hədəfə şaquli bir dalışın birləşməsi bu sinfə məxsus raketlər üçün xarakterikdir və düşmən HHM sistemləri tərəfindən dayandırılmalarını xeyli çətinləşdirir. Ballistik raketlər terminal mərhələsində əslində çox sürətlidir və bu da xüsusilə “Air LORA” üçün önəmli olan sərtləşdirilmiş hədəflərə nüfuz etmələrinə kömək edir.

Ümumiyyətlə, ballistik raketlər müdafiəsi çox çətin olan təhlükələr yaradır. “Air LORA” üçün mənzil rəqəmləri hələ açıqlanmayıb, lakin buraxılış platformasının potensial sürəti və hündürlüyünü nəzərə alsaq, yerdən buraxılan LORA-ya aid edilən 175 mildən çox məsafədəki hədəfləri vurmaq mümkün olmalıdır.

Ən azından “Air LORA” hazırda istifadə olunan ən uzun mənzilli HHM sistemlərinin nişanalma zərflərinin çox kənarından buraxıla biləcək, bu sistemlər tərəfindən müdafiə olunan ərazilərə çatmalı olan ev sahibi təyyarənin və digərlərinin sağ qalma qabiliyyətini əhəmiyyətli dərəcədə artıraq. Hazırda “Air LORA”nın xidmətdə olması və ya İsrail, yaxud ixrac üçün hər hansı istehsal müqaviləsinin imzalandığına dair heç bir təsdiq yoxdur.

Lakin yeni silahın ortaya çıxması havadan buraxılan ballistik raketlərin intibahının daha bir sübutudur. Bu silahlar uzun inkişaf tarixinə malik olsa da, indi onlara təkcə İsraildə deyil, Çin, Rusiya və başqa yerlərdə də böyük maraq var. Yeni raket yüksək dərəcədə çeviklik, sürətli reaksiya müddəti və düşmənin əksər HHM vasitələrinə nüfuz etmək imkanı təklif etməklə, bir çox müxtəlif ölkələrin havadan buraxılan, dəqiq “standoff” zərbəsi qabiliyyətini genişləndirmək üçün çox faydalı seçim kimi görünür.

“Air LORA”, həmçinin İsrailin havadan buraxılan artilleriya raketləri və ballistik raket silah sistemlərindən ibarət nisbətən yeni portfelini ən ağır və ən sərt vuruşa sahib silah olaraq tamamlayır kimi görünür.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: AirLORA   İsrail  


Bizi "telegram"da izləyin