Moskva iki daşın arasında: Rusiya Polşaya hücum edəcəkmi?

2024/05/1716547120.jpg
Oxunub: 659     15:32     24 May 2024    
Rusiyanın Ukraynaya hücumundan dərhal sonra müharibəyə cəlb ediləcək üçüncü tərəf ölkələr kimi ilk olaraq Polşa və Belarusun adı hallanmağa başladı. Varşava, Minsk və Moskva arasında mövcud olan soyuq diplomatik münasibətlərdə hərbi ritorika ən üst müstəviyə yüksəldi... Rusiya-Ukrayna müharibəsinin ilk ilindən fərqli olaraq, Belarusun ehtiyat mövqeyə meyllənməsi, bunun fonunda isə ölkə ərazisində Rusiya Silahlı Qüvvələrinin nüvə bölmələrinə qərargah və döyüş mövqeyinin verilməsi görünür, Rusiyanın strateji planına daxildir və ola bilsin ki, aldadıcı manevr xarakteri daşıyır.

Rəsmi Minsk Ukraynadakı müharibəyə münasibətdə 2022-ci ilin yay-payız aylarındakı mövqeyində qismən korrektə eləsə də, ərazisindən Ukrayna və Polşaya qarşı hərbi məqsədlər üçün istifadəyə icazə vermək hüququnu özündə saxlayır və bu amilin aktual olduğunu nümayiş etdirir.

Bu fakt isə Rusiya-NATO qarşıdurmasının açıq müstəviyə, daha konkret desək, silahlı qarşıdurmaya keçə bilməsinə dair ehtimalları gücləndirir.

Polşa Rusiyanın hücumuna məruz qala bilərmi? İndi bu sual dünyanın bir çox siyasi dairəsini, təhli mərkəzlərini düşündürür.

Bəzi ekspertlər belə hesab edir ki, Polşa NATO-nun üzvü olduğuna görə, Moskva Varşava ilə müharibəyə girməz. Bu mövqe müəyyən mənada haqlı sayıla bilər.

Ancaq ötən ilin yayında Rusiyanın özəl hərbi şirkəti “Vaqner”in Belarusda düşərgələnməsi və hələ də bu ölkəni tərk etməsi barədə informasiyaların olmaması, son zamanlar bu hərbi təşkilatın Belarus-Polşa sərhədi yaxınlığında aktivləşməsi belə deməyə əsas verir ki, Kreml “Polşaya hücum kartı”nı ehtiyat tədbir kimi saxlayır. Sözsüz ki, Moskva Varşavaya hücum edəcəyi təqdirdə ilk olaraq, Rusiyanın Baltik dənizindəki donanması və Kalininqrad əyalətindəki hərbi qüvvələrinin müharibəyə cəlb ediləcəyini düşünmək olar. İstər strateji baxımdan, istərsə də taktiki nöqteyi-nəzərdən Rusiya sözügedən qüvvələri ehtiyat kimi saxlayacaq və Polşaya doğru Belarus üzərindən hərəkət edəcək.

Əslində, bunu son zamanlar Polşanın Belarus və Rusiya ilə bağlı gördüyü tədbirlər də təsdiqləyir.

Ukraynada müharibə başlayandan indiyədək-iki il ərzində rəsmi Kiyevə 9 milyard dollar məbləğində yardım edən Polşada Moskva və Minskin Varşavanın daxili işlərinə müdaxiləsi və ölkənin təhlükəsizliyinə yaratdığı təhdidləri aşkara çıxarmaq, qabaqlayıcı tədbirlər görmək üçün dövlət komissiyası yaradılıb. Belə ki, bu qurum 2004-2024-cü illəri əhatə edən 20 illik dövrdə baş verənləri təhlil edəcək, eləcə də Moskvanın və Minskin Polşada fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin fəaliyyətinə təsirlərinin tədqiqatını aparacaq.

Bununla yanaşı, Polşa Rusiya və Belarusla sərhədlərinin təhlükəsizliyini möhkəmləndirmək istiqamətində dövlət proqramı qəbul edib və bunun üçün təxminən 2,5 milyard dollar sərmayə qoyacaq.

Polşanın Baş naziri Donald Tusk bəyan edib ki, ölkənin təhlükəsizliyinə və hər şeydən əvvəl şərq sərhədinin möhkəmləndirilməsi üçün ölkəsi böyük layihəyə başlayır. Bu qərara əsasən, sərhəddə istehkam sistemi, landşaftın transformasiyası, eləcə də bu sərhədi potensial düşmən hesab edilən tərəflər üçün keçilməz edəcək ekoloji həllər daxildir. Bu layihə Polşanın sərhədini sülh dövründə təhlükəsiz, müharibə zamanı isə düşmən üçün keçilməz etmək üçün nəzərdə tutulur.

O, rəsmi Varşavanın Ukraynaya istər hərbi, istər humanitar dəstəyi davam etdirəcəyini vurğulayıb: “Rusiyanın hərbi intervensiyası dayandırılmasa, vəziyyət daha da mürəkkəbləşəcək. Bundan həm də Polşa zərər çəkəcək. O ki qaldı Ukraynaya iqtisadi yardımların göstərilməsinə, bu məsələ müzakirə olunmalıdır. Çünki həmrəylik qarşılıqlı olmalıdır. Yəni biz Ukraynaya dəstək verdiyimiz kimi bu ölkənin də müəyyən addımlar atmasını gözləyirik. Növbəti ildən ölkəmiz Avropa İttifaqına sədrlik edəcək. Bu dövrdə təhlükəsizlik əsas prioritetimiz olacaq.

Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış isə bildirib ki, rəsmi Varşava Belarusla sərhəddə qoşunlarının sayını artıracaq. Əsas məqsəd qeyri-dost ölkələrin həyata keçirdiyi qanunsuz miqrasiya və tranzit hallarının qarşısını almaqdan ibarətdir. Nazir deyib ki, Polşa şərhədində cəmləşdirilən miqrantların bəziləri ölkədə vəziyyəti gərginləşdirmək niyyəti güdür. Kamış Avropa İttifaqının təşəbbüsü ilə Ukrayna ordusunun 16 min nəfər hərbçisinin Polşa ərazisində hərbi təlim keçdiyini də bildirib.

Bununla yanaşı, Amerika Birləşmiş Ştatlarının Polşada Polşa-Ukrayna sərhəddindən cəmi 80 km uzaqlıqda bir neçə “Patriot” hava hücumundan müdafiə sistemi yerləşdirdiyinə dair məlumatlar da diqqət çəkir.

Bütün bunlar Rusiyanın və ya Belarusun Polşaya hücum ehtimalının kifayət qədər böyük olmasını ifadə edir.

Təbii ki, Rusiyanın Polşaya hücumu bu ölkə üzərindən Ukraynanın silah-sursatla təchizatını əngəlləmək üçün mümkün sayılır. Polşa ərazisinə müdaxilə sözsüz ki, Rusiyanın NATO ilə açıq cəbhədə müharibəyə girməsi deməkdir. Ona görə də analitiklər hesab edir ki, Moskva Varşavaya silahlı müdaxiləyə risk etməz.

Məsələyə Moskvanın prizmasından baxanda isə aydın görünür ki, Rusiya-NATO silahlı qarşıdurması faktiki olaraq aktiv fazadadır.

Bu gün Rusiya, Belarus və Qərb dövlətlərinin bəziləri tərəfindən nüvə silahının tətbiqi ilə bağlı səsləndirilən fikirlər nə qədər hərbi ritorika təsiri bağışlayırsa, bir o qədər də reallığa doğru meyllənməkdədir.

Düzdür, hazırda Ukrayna cəbhəsində mühüm dəyişikliklərə can atan rəsmi Moskva hərbi qüvvələrin və əmliyyat imkanlarının parçalanmaması üçün Polşaya müdaxiləni ən son variant kimi ehtiyatda saxlayır. Amma müharibənin uzanması, eləcə də Ukraynanın silah-sursatla təchizatının böyük hissəsinin Polşa üzərindən quru yolla həyata keçirilməsi bu riskin aktuallığını qoruyub saxlamaqdadır.

Hesab eləmək olar ki, Kreml Polşaya müdaxiləni Rusiya Silahlı Qüvvələrinin imkanları hesabına deyil, Belarusda düşərgələnmiş “Vaqner”in əli ilə reallaşdıra bilər. Ən azından, bu özəl silahlı təşkilatın Polşanın hüdudlarından içəridə həyata keçirə biləcəyi hər hansı əməliyyat bu ölkədə ictimai-siyasi təlatümə gətirib çıxara bilər. Nəzərə alsaq ki, iki düşmən qardaş sayılan ruslar və polyaklar arasında mübarizə hələ 16-17-ci əsrlərdən başlayıb, bu qarşıdurma dəfələrlə formasını dəyişsə də, mahiyyətini dəyişməyib. Hətta SSRİ və bir neçə Şərqi Avropa ölkəsinin qoşulduğu Varşava Müqaviləşi Təşkilatının mövcudluğu dövründə də Moskva və rəsmi Varşava arasında müftəlif ixtilaflar yaşanıb. 1990-cı ildə Varşava Müqaviləsi Təşkilatının fəaliyyəti rəsmən dayandırıldıqdan sonra azad iqtisadiyyata, demokratikləşməyə doğru can atan Polşanın Rusiya ilə münasibətləri daha da gərginləşdi. Hətta antirus mövqeyi ilə seçilən, eləcə də rəsmi Moskvanı Hitlerlə müqayisə edən Polşa prezidenti Lex Kaçinskinin olduğu təyyarənin 2010-cu ilin aprelində Rusiyanın Smolensk şəhərinin səmasında qəzaya uğraması hava gəmisinin ruslar tərəfindən vurulması iddialarını meydana gətirdi...

Rusiya-Ukrayna müharibəsinin gedişatı zamanı Ukrayna prezidenti Volodimir Zelenskinin səsləndirdiyi “Rusiya Ukraynanı işğal edərsə, növbəti hədəfi Polşa olacaq” fikrini xatırlayaq. Bu həmin ərəfələr idi ki, Belarusun Ukrayna ilə sərhəddə cəbhə açmaq ehtimalı çox yüksək idi.

Bu ehtimal hazırda da qüvvədədir və Moskva Belarus üzərindən “Vaqner” vasitəsi ilə bunu rallaşdıra bilər.

Rəsmi Varşava Rusiya istehsalı olan qırıcı təyyarələri Ukraynaya verə biləcəyini açıqladıqdan dərhal sonra Ukraynanın Polşa ilə sərhədində yerləşən Lvov şəhərinin ruslar tərəfindən vurulması Polşanın da hədəfə alına biləcəyinə dair ciddi bir mesaj idi. Bu da özlüyündə strateji baxımdan dalana dirənəcəyi halda, Moskvanın Polşaya hücum edə biləcəyini qüvvədə saxlayır.

Mümkündür ki, Rusiya Polşaya hücum etmək istəməsə belə, müttəfiq qüvvələr Moskvanı buna vadar etmək haqqında düşünsün. Əgər Rusiyanın səbirini daşırıb Moskvanı Varşavaya hücum etmək məcburiyyəti ilə üz-üzə qoymaq mümkün olsa, bu, Qərbə imkan verəcək ki, NATO-nun Şərqə doğru genişlənməsi planını silahlı şəkildə həyata keçirə bilsin. Hazırda Ukraynadakı üzləşdiyi durum illər ərzində barəsində formalaşdırılmış imiclə ziddiyət təşkil edən Rusiya NATO-nun bu gedişinə qarşılıq olaraq, Belarusun müharibəyə cəlb edilməsindən yayına bilməyəcək. Belə olduğu halda, rəsmi Minskin daxili siyasətdə hansı situasiya ilə üz-üzə qalacağı bəlli deyil. Söz yox ki, Belarusda Qərb dəyərlərinə meylli siyasi qüvvələr və ictimai rəy mövcuddur. Bunun isə müharibəyə cəlb olunacaq Belarusun mövcud siyasi quruluşuna necə təsir göstərəcəyini demək çox çətindir.

Düzdür, Kremldə oturanlar, Ukraynadan fərqli olaraq, Polşanın NATO ölkəsi olduğunu gözəl dərk edir. Moskvanın Polşaya silahlı müdaxiləsi söz yox ki NATO-Rusiya müharibəsini avtomatik olaraq reallaşdıracaq. Amma bununla yanaşı, Ukraynaya istər maddi, istər hərbi yardım edən digər Avropa ölkələrinin Rusiya ilə müharibəyə qoşulub-qoşulmayacağı bu günün özündə də sual altındadır.

Çoxları hesab edir ki, NATO ilə müharibə Rusiyanın tam məhvi ilə nəticələnə bilər. Amma görünən odur ki, istər NATO, istərsə də Rusiya açıq döyüş meydanında rastlaşmamaq üçün mümkün qədər ehtiyatlı davranır. Bütün diplomatik manevrlərə rəğmən, müharibənin daha da dərinşləşdiyi müşahidə edilməkdədir.

Polşa Xarici İşlər Naziliyinin Varşavanın Rusiya raketlərinə qarşı Hava Hücumundan Müdafiə sistemlərinin tətbiqi imkanlarını öyrənməsinə dair açıqlaması da belə deməyə əsas verir ki, Rusiyanın Polşaya hücumu reallığa yaxındır və rəsmi Varşava gizli və ya açıq şəkildə müharibəyə hazırlaşır.

Yuxarıda qeyd etdiyimiz kimi, ya Rusiya Ukraynanın strateji əhəmiyyətə malik quru əlaqələrini kəsmək üçün bu addımı atacaq, ya da Qərb Rusiyanı Poşaya hücum etməyə məcbur qoyub NATO-nun Şərqə doğru genişlənməsini silahlı şəkildə reallaşdırcaqlar.

Almaniya, Fransa və Polşanın təhlükəsizlik sahəsində qüvvələrini birləşdirmək niyyətini açıqlaması da, bundan xəbər verir.

Almaniyanın xarici işlər naziri Annalena Berbok Fransa və Polşadan olan həmkarları Stefan Sejourne və Radoslav Sikorski ilə görüşündə bu məsələ ətrafında geniş müzakirələr apardığını açıqlayıb. O bildirib ki, bu üç ölkə daha güclü və geosiyasi Avropa yaratmaq üçün konkret iş planı qəbul etmək niyyətindədir.

Maraqlı bir sual yaranır: “Avropa zəif deyildi axı… Necə bir güclü Avropa yaratmaq barədə düşünülür?”

Cavab çox sadədir: NATO Şərqə doğru genişlənməlidir…

Hərbi-siyasi ekspert Teymur Zahidoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Rusiya   Polşa  


Bizi "telegram"da izləyin