Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Laçına səfəri başa çatıb - YENİLƏNİB

2024/05/12bb3-1716549071.jpg
Oxunub: 309     14:55     24 May 2024    
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri - səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların təmsilçilərinin mayın 24-də Laçın İqlim Fəaliyyəti Dialoqu çərçivəsində şəhərə səfəri başa çatıb.

Ordu.az xəbər verir ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Zerti Aqro-Sənaye Parkında olublar.

Diplomatlara Zerti Aqro-Sənaye Parkındakı heyvanlar, yem istehsalı, həmçinin göyərti və pomidor becərilməsi üçün konteyner tipli təsərrüfatlar barədə məlumatlar verilib.

Qeyd edilib ki, burada fəaliyyət göstərən bütün müəssisələr ən müasir texnologiyalarla təchiz olunub. Laçınlılar xaricdən dəvət edilmiş mütəxəssislərdən dərs alaraq həm işlə təmin olunur, həm də peşəkar vərdişlərə yiyələnirlər.

Sonra diplomatik korpusun nümayəndələri “Hoçazfilm” studiyasına gəliblər. Məlumat verilib ki, çoxşaxəli yaradıcılıq məkanı olan “Hoçazfilm”in fəaliyyət istiqamətləri çox genişdir. Bu istiqamətlərə Qarabağ regionunun genişmiqyaslı təbliğatı ilə bağlı layihələrin həyata keçirilməsi, bölgədə keçiriləcək mədəni-kütləvi tədbirlərin işıqlandırılması, Laçında yenidənqurma işlərinin, regionun milli brendlərinin və yerli məhsulların təşviqi, kinoteatr və yaradıcı ittifaqla əməkdaşlıq, gənclər üçün yay məktəbləri, yaradıcılıq atelyeləri, kinematoqrafiya, rəsm kursları və müsabiqələrinin təşkili daxildir.

Diplomatlar Qarabağ və Şərqi Zəngəzur ərazisində ekosistemin bərpasına töhfə vermək məqsədilə Həkəri çayının Laçın rayonu ərazisindən keçən hissəsinə forel balıqlarının buraxılması prosesini də izləyiblər.

Sonra 28 May – Müstəqillik Gününə həsr olunan “Xalça belə yarandı” sərgisinin açılışı olub. Sərgidə milli xalçalarla yanaşı, müxtəlif dizaynlarda hazırlanmış sənət nümunələri də nümayiş etdirilib.

Azərbaycanda akkreditə olunan diplomatik korpus təmsilçilərinin Laçına səfəri başa çatıb.

***

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri, o cümlədən hərbi attaşelər Laçına çatıblar.

Bu barədə Ordu.az xəbər verir.

Səfər çərçivəsində Seyrangahda COP29-la əlaqədar təqdimat mərasimi olacaq. Həmçinin, diplomatik korpus nümayəndələri Laçın şəhərində həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış olacaqlar.

Bundan başqa, Zerti Aqro-Sənaye Parkı və "Hoçazfilm" kinopavilyonuna ziyarət, eləcə də Həkəri çayına balıqların buraxılması planlaşdırılır.

Daha sonra "Xalça belə yarandı" adlı sərginin açılışı nəzərdə tutulub.

***

Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpusun üzvləri, o cümlədən hərbi attaşelərin mayın 24-də Qarabağa və Şərqi Zəngəzura növbəti səfəri başlayıb.

Ordu.az xəbər verir ki, Laçına səfər edəcək diplomatik korpusun üzvləri Zəngilan Beynəlxalq Hava Limanına çatıblar.

Buradan Laçına yola düşəcək iqamətgahı Bakıda yerləşən səfirlik və beynəlxalq təşkilatların nümayəndələri səfər çərçivəsində orada COP29-la əlaqədar təqdimat mərasimində iştirak edəcəklər.

Həmçinin diplomatik korpus nümayəndələri Laçın şəhərində həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış olacaqlar. Bu çərçivədə Zerti Aqro- Sənaye Parkını və Hoçazfilm kinopavilyonunu ziyarət, həmçinin Həkəri çayına balıqların buraxılması planlaşdırılır. Bundan sonra isə "Xalça belə yarandı" adlı sərginin açılışı nəzərdə tutulub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin