Rusiya Zəngəzurdan - Mehridən çıxmır| Paşinyanın Putinə müraciətinin, təbliğat vurğularının daxili və xarici məqsədləri

2024/05/1716453124.jpg
Oxunub: 481     15:00     23 May 2024    
Ermənistanın “168.am” nəşri 44 günlük müharibə zamanı və ondan sonra Tavus, Zəngəzur, Dərələyəz, Göyçə, Ağrı vilayətlərində yerləşdirilmiş Rusiya sərhəd məntəqələrinin çıxarılması mövzusuna toxunub. Nəşrin məqaləsində qeyd olunur ki, Paşinyan hakimiyyəti rus sərhədçilərin çıxarılması barədə məlumatı daxili sferada təbliğat mövzusuna çevirib, qələbə kimi təqdim edib. Məqalədə Ermənistanın sabiq Müdafiə naziri David Tonoyanın müharibə zamanı Zəngəzurda olması səbəblərinə də toxunulub.

Ordu.az nəşrin məqaləsini olduğu kimi təqdim edir:

“Mayın 8-də Kremldə Ermənistan Baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putinin təkbətək söhbətindən sonra və ya Paşinyanın Moskva səfərindən sonra məlum olub ki, 44 günlük müharibə zamanı və ondan sonra Tavus, Zəngəzur, Dərələyəz, Göyçə, Ağrı vilayətlərində yerləşdirilmiş Rusiya sərhəd məntəqələri çıxarılacaq.

Daha sonra Kreml bu məlumatı təsdiqləyib və qeyd edib ki, Ermənistan və Rusiya liderləri vəziyyətin və şərtlərin dəyişdiyini nəzərə alaraq, məsələ ilə bağlı razılığa gəliblər. Bu kontekstdə bir neçə faktı yada salaq.

Birincisi, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin bu ilin martında “24News”a verdiyi müsahibəsində bildirib ki, 44 günlük müharibə zamanı Nikol Paşinyanın şəxsi xahişi ilə Rusiya sərhədçiləri Ermənistan və Azərbaycan sərhədinə yerləşdirilib. “Yeri gəlmişkən, Ermənistan tərəfi hüquqi baxımdan onların qanuniləşdirilməsinə getmədi”, - deyə səfir vurğulayıb.

İkincisi, 44 günlük müharibə başa çatdıqdan sonra, Ermənistan-Azərbaycan-Rusiya üçtərəfli bəyanatı artıq 9-10 noyabr 2020-ci il tarixdə imzalandıqdan sonra, 2020-ci il noyabrın 13-də “RİA Novosti” Rusiya prezidenti Vladimir Putinlə Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikovun görüşünün bəzi təfərrüatlarını təqdim edib.

Bortnikov Putinə bildirib ki, xidmət Ermənistanda 5, üstəlik, Naxçıvan qanadında 2, Ermənistan-İran sərhədi istiqamətində 2 əlavə dayaq məntəqəsi əlavə edib. TASS agentliyi isə əlavə Rusiya qüvvələrinin yerləşdirildiyini təsdiqləyərək bildirib ki, müharibədən sonra formalaşmış təbii xətlərə və yaşayış məntəqələrinə yaxın sektorlarda, xüsusilə Dığda və Sığırt yüksəkliyi (Zəngəzur vilayəti) yaxınlığında əlavə sərhəd qüvvələri də yerləşdirilib.

2021-ci ilin yanvarında Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) “Hetq”in Rusiya sərhəd qoşunlarının Ermənistan-Azərbaycan cəbhə xəttində hansı hüquqi əsasla yerləşdirilməsi barədə sorğusuna cavab olaraq, bildirib ki, bu, “problemin aktuallığı və sərhəd dayaq məntəqələrinin yerləşdirilməsi zərurəti nəzərə alınmaqla, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın icrası çərçivəsində” edilib.

2022-ci ilin payızında “Hetq” Nikol Paşinyana yuxarıda qeyd olunan sualla müraciət edib, lakin KİV-in sualına Xarici İşlər Nazirliyi (XİN) cavab verib:

“Bəzi sektorlarda Rusiya FTX-nin sərhəd mühafizə bölmələrinin qulluqçularının Ermənistanda olması Ermənistan MTX-nin sərhəd qoşunları ilə birgə tədbirlərin həyata keçirilməsi zərurəti ilə əlaqədardır. Onların məqsədi Ermənistan-Azərbaycan (şərti) sərhədinin monitorinqinin və mümkün münaqişələri dinc yolla həll etməyə yönəlmiş tədbirlərin həyata keçirilməsidir”.

“168.am” yazmışdı ki, 2021-ci ildən rus sərhədçilərin Tavus vilayətinin müxtəlif yerlərində - Voskepar və Azatamutda yerləşdirilməsi məlum olmuşdu. Üstəlik, biz 2022-ci il iyunun 21-də yazmışdıq ki, Rusiya tərəfi Aygepar sektorunda modul tipli qəsəbə tikir.

Üçüncüsü, 2022-ci il iyunun 17-də isə Nikol Paşinyan və onun hökuməti “Ermənistan hökuməti və Rusiya Federasiyası hökumətin arasında 2012-ci il 3 oktyabr tarixli Ermənistan hökuməti və Rusiya Federasiyası hökuməti arasında Ermənistan ərazisində Rusiya hərbi bazasının yerləşdirilməsi nöqtələri haqqında” protokolda dəyişikliklər etmək barədə” 2 saylı protokolun imzalanması təklifini təsdiqləyib.

Əsasnamədə xüsusilə qeyd olunurdu:

“Protokolun imzalanması Rusiya hərbi bazasının hərbi birləşmələrinin tərkibinin dəyişdirilməsi nəticəsində onların fəaliyyəti üçün şəraitin təmin edilməsi zərurəti ilə bağlıdır, yuxarıda sadalanmış proseslərin təmin edilməsinə yönəlib və eyni zamanda, Rusiya hərbi bazasının Ermənistan ərazisində yerləşdirilməsi və fəaliyyət göstərməsi məqsədilə torpaqların və daşınmaz əmlakın verilməsi üzrə Ermənistan-Rusiya dövlətlərarası komissiyasının 2019-cu il aprelin 12-də İrəvanda baş tutan 12-ci iclasının protokolunun müddəalarından irəli gəlir”.

Həmçinin qeyd olunurdu ki, protokolun imzalanması Ermənistan hökumətinin 2021-2026-cı illər planında göstərilən bir sıra təhlükəsizlik və xarici siyasi amillərdən irəli gəlir.

Rusiyanın Ermənistandakı səfirinin dediklərini əsas götürsək, məlum olur ki, 44 günlük müharibə günlərində Nikol Paşinyanın şəxsi xahişi ilə Ermənistanla Azərbaycan sərhədində müvəqqəti olaraq rus sərhədçilərin postları quraşdırılıb, bəlkə də buna görə leqallaşdırılmayıb. Bu, bəlkə də eyni prinsiplə 44 günlük müharibədən sonra Tavusda da olub.

Nikol Paşinyan və hökumətinin 2022-ci il iyunun 17-də təsdiqlədiyi qərara gəlincə, bu ləğv edilibmi? Putinin razılığı ilə Rusiya sərhədçilərinin Ermənistanın bəzi bölgələrindən çıxarılması bəlkə də demarkasiya və delimitasiya prosesinin məntiqindədir. Burada hansısa hallardan irəli gələn, eləcə də daxili və xarici olan, təbliğat sahəsində xüsusilə “Rusiya sərhədçiləri Zəngəzurdan çıxmağa başlayıblar” deyə vurğulayaraq istifadə olunan məqsədlər olması başqa məsələdir.


Halbuki Kremldən bildirilib ki, Ermənistan tərəfinin xahişi ilə sərhədçilər Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində qalacaqlar. Yəni Rusiya Zəngəzurdan çıxmayacaq və Mehridə qalmağa davam edəcək. Yeri gəlmişkən, Ermənistanın xüsusi tapşırıqlar üzrə keçmiş səfiri, parlamentin keçmiş deputatı Edmon Marukyan Putin-Paşinyan görüşünə və xüsusilə bu məsələyə toxunub.

“Yəni Ermənistan Baş naziri Putindən xahiş edib ki, Rusiya sərhəd qoşunları Ermənistan-İran, Ermənistan-Türkiyə sərhəddində xidməti vəzifələrini yerinə yetirsinlər. Əvvəla, Ermənistanın rəsmi səviyyədə elə bir gündəmi olmayıb ki, biz Rusiya sərhədçilərini Ermənistan-Türkiyə və ya Ermənistan-İran sərhədindən çıxarmalıyıq. Ermənistan belə bir tələb irəli sürməyib. Bu, təcrübə sahəsinin tələbi olub. İndi bir sual yaranıb: Kremldə nə baş verib ki, Ermənistanın Baş naziri Putindən Rusiya sərhədçilərinin Ermənistan-İran sərhədində xidmətini davam etdirməsini xahiş edib? İran bizim dostumuzdur və bizim oradan heç bir təhlükəmiz yoxdur, deyilmi? Ermənistan-Türkiyə sərhədinə gəlincə, açıq-aydın görünür ki, Ermənistanda “soyqırımı”nı (qondarma-red.) inkar etmək üçün böyük səylər göstərilsə də, ikitərəfli münasibətlər yoxdur və Türkiyə bizim dostumuz deyil. Həmin inkar türk lobbiçiliyidir, türklər bunun olmasını istəyir və bu, Ermənistanda həyata keçirilir. Eyni zamanda Rusiyadan xahiş edirik ki, Rusiya qoşunları Ermənistan-Türkiyə sərhədində xidmətlərini davam etdirsinlər”, - deyə Marukyan bildirib, bu məsələnin ekspert və media sahəsində açılmasını təklif edib.

Bu məsələyə təklif olunan kontekstdə ətraflı şəkildə toxunacağıq, bu məqalənin məqsədi Rusiyanın Zəngəzurda - Mehridə qalmağa davam edəcəyini, Nikol Paşinyanın daxili və xarici siyasi məqsədlər üçün Rusiya sərhədçilərinin Zəngəzurdan çıxdıqlarını meydana atdığını göstərməkdir. Bu kontekstdə qeyd edək ki, apreldə “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum zamanı İlham Əliyev Zəngəzur dəhlizi və 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata toxunaraq, xüsusilə qeyd edib:

“Bəli, “Zəngəzur dəhlizi” sözü qeyd olunmayıb, lakin deyilib ki, Azərbaycanın şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi olmalıdır və Rusiya sərhəd təhlükəsizliyi qüvvələri nəzarəti təmin etməlidir. Bu sənəd Prezident Putin, baş nazir Paşinyan və mənim tərəfimdən imzalanıb. İndi Ermənistan 3 ildən artıqdır ki, bu müddəanı faktiki olaraq pozur və yenə də deyirəm, onlar bunu özləri imzalayıblar. İndi onlar bu paraqrafdan, necə deyərlər, canlarını qurtarmaq istəyirlər. Lakin bu, mümkün deyil”, - deyə İlham Əliyev vurğulayıb.

Yeri gəlmişkən, 2020-ci ilin dekabrında “İşıqlı Ermənistan” partiyasının sədri Edmon Marukyan bəyanat yayaraq, Rusiyanın Zəngəzur vilayətində yeni hərbi bazasının yerləşdirilməsi ilə bağlı təcili danışıqlara başlamaq təklifini irəli sürüb.

Söhbət Mehridən getdiyi üçün əlavə edək ki, Ermənistanın keçmiş müdafiə naziri Davit Tonoyan 44 günlük müharibə ilə bağlı parlament istintaq komissiyasında müharibə günlərində Zəngəzura ezam olunmasına toxunaraq bildirib:

“Ermənistanın Baş nazirinin göstərişi ilə oktyabrın 21-29-da Mehridə olmuşam və Baş nazirin açıq müzakirələri zamanı mənə nə üçün orada olduğum aydın oldu. Söhbət danışıqlar prosesi zamanı Mehri qüvvələrinin yerləşdirilməsindən gedir, mən bu vəziyyəti belə sintez edə bilərəm”.

Daha sonra iclas zamanı qaldırılan suallara cavab olaraq Tonoyan əlavə edib ki, onun səfəri səmərəli olub:

“Mehridə, Ermənistan sərhədindən 2-5 km aralıda düşdüyüm vəziyyətə, situsiyaya gəlincə, çoxlu sayda qurbanlarımız var idi, Mehri icmasının rəhbəri, alay komandiri yaralanmışdı, cənub bölgəsinin xüsusi komandanlığı formalaşdırılırdı, ona general Gözəlyan rəhbərlik etdi. Müdafiə nazirinin Mehridə görünməsi həm əhaliyə, həm də orada yerləşən və cəbhə xəttində problemlər yaradan Silahlı Qüvvələrin bölmələrinə ciddi təsir etdi. Silahlı Qüvvələrin bölmələrinin həmin istiqamətdə kifayət qədər uğurla fəaliyyət göstərdiyini, rəqibi pusquya saldığını, məhv etdiyini, zərərsizləşdirdiyini sübut edən faktiki məlumatlar var. Rus sərhəd qoşunlarının bölməsinin, stansiyanın necə atəşə tutulduğunu öz gözlərimlə gördüm, özüm lentə almışam: bu, oktyabrın 25-27-də olub. Bayraqlar qoyulurdu, bayraqlar çıxarılırdı, hər halda mənim başqa bir funksiyam da var idi - aydın əməkdaşlıq, birləşdirilmiş və çox ciddi əməkdaşlıq quruldu, bunun üçün mən orada birbaşa döyüş əməliyyatlarının aparılması üçün çox əlçatan bir ərazidə olan yerli Rusiya sərhəd qüvvələrinə çox minnətdaram”.

Rusiyadan Ermənistan-İran və Ermənistan-Türkiyə sərhədlərində qalmağı xahiş etməyin nə üçün lazım olduğunu anlamağa çalışacağıq. Ola bilər ki, Rusiya bu bəyanatla daxili və xarici siyasi problemlərini həll etməyə çalışır, konkret istiqamətlərdə hansısa mesajlar verir. Amma fakt odur ki, Ermənistan Kremlin bu bəyanatını rəsmən təkzib etməyib”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Zəngəzur   Mehri   Ermənistan  


Bizi "telegram"da izləyin