Səlcuq Bayraktar Kimdir? Həyatı və Bioqrafiyası

2024/05/1716448971.jpg
Oxunub: 530     17:21     11 İyun 2024    
Selçuk Bayraktar Türkiyənin ilk milli Pilotsuz Uçuş Aparatlarının (PUA) və eyni zamanda ilk milli pilotsuz döyüş təyyarəsi “Bayraktar Kızılelma”nın əsas memarıdır.

Selçuk Bayraktar Türkiyə müdafiə sənayesinin inkişafının aparıcı aktorlarından biridir. Türkiyənin ilk milli PUA-larının və eyni zamanda ilk milli pilotsuz döyüş təyyarəsi “Bayraktar Kızılelma”nın əsas memarlarıdan olan Selçuk Bayraktar “Baykar Teknoloji”də İdarə Heyətinin sədri və texnologiya lideri vəzifəsini icra edir, eyni zamanda T3 Vəqfi, Mədəniyyət və Sivilizasiya Vəqfi və CANSAĞLIĞI Vəqfinin qəyyumlar şuralarının sədridir.


Selçuk Bayraktar təhsilə İstanbul Sarıyer ibtidai məktəbində başlayıb və 1997-ci ildə Robert Kollecini bitirib. 1997-2002-ci illərdə İstanbul Texniki Universitetinin (İTU) Elektronika və Əlaqə mühəndisliyi fakültəsində bakalavr təhsilini tamamlayıb. Universitet təhsili zamanı “University of Pennsylvania”nın (UPenn) GRASP laboratoriyasından təcrübə təklifi alan və qəbul olunan Bayraktar 2002-2004-cü illər arasında aldığı təqaüdlə “UPenn” Elektrik Mühəndisliyi fakültəsində magistr təhsilini davam etdirib.

Araşdırmaları çərçivəsində dünyada ilk dəfə olaraq PUA-ların formalaşdırılması uçuş təcrübələri, hava-yer robot qruplarının koordinasiyası, uçuş idarəetmə və yönləndirmə sistemləri ilə bağlı elmi nəşrlərə mövzu olan araşdırmalar aparıb. Selçuk Bayraktar magistr təhsilini başa vurduqdan sonra əldə etdiyi yüksək nailiyyətlər nəticəsində “Massachusetts Institute of Technology”dən (MIT) magistratura-doktorantura proqramı üçün təqaüd təklifi alıb.

MIT-dəki akademik fəaliyyətləri zamanı Bayraktar Pilotsuz Helikopter Sistemləri üçün aqressiv manevr imkanları təmin edəcək avtomatik uçuş idarəetmə alqoritmlərinə diqqət yetirib. Selçuk Bayraktar MIT-dən sonra təhsilini “Georgia Institute of Technology”də (Georgia Tech) doktorantura səviyyəsində davam etdirib, 2003-cü ildə “Baykar” daxilində başlayan milli və yerli PUA texnologiyaları inkişaf etdirmə fəaliyyətlərinə töhfə vermək üçün doktorantura təhsilini dayandırıb və 2007-ci ildə Türkiyəyə qayıdaraq, bu layihələrə diqqət yetirib.


“Baykar” daxilində milli və yerli olaraq inkişaf etdirilən PUA sistemlərinin avionika sisteminin arxitekturası, uçuşa nəzarət, naviqasiya alqoritmlərinin inkişaf etdirilməsi, sistem kinematikası və dinamikası, elektron aparat və quraşdırılmış proqram təminatı və s. məsələlər üzərində işlərini davam etdirir. Onun həyata keçirdiyi işlər arasında Türkiyənin ilk yerli və milli PUA-sı olan “Bayaraktar Mini” PUA-sı ilə 2014-cü ildə Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olan, 2024-cü ilin mart ayına olan məlumatlara əsasən, dünyada 33 ölkəyə ixrac edilən və 800 min uğurlu uçuş saatını geridə qoyaraq, sinfində dünyanın ən yaxşısı olaraq göstərilən “Bayraktar TB2” PUA sistemi də mövcuddur.

Selçuk Bayraktar və komandası Türkiyənin ilk hücum PUA-sı sistemi olan, 6 ton uçuş çəkisinə sahib olan “Bayraktar Akıncı” PUA-sını da hazırlayıb və 2021-ci ildə Türkiyə Silahlı Qüvvələrinə təhvil verib. “Bayraktar Akıncı” PUA-sı 2024-cü ilin mart ayından etibarən 9 ölkəyə ixrac edilib. Bayraktar müdafiə sənayesi ilə yanaşı, Türkiyənin milli və unikal texnologiya inkişaf səylərinə də rəhbərlik edir və Türkiyənin ilk uçan avtomobil prototipi olan CEZERİ-nin inkişaf etdirilməsi prosesində öz komandasına rəhbərlik edir.


Bundan əlavə, qısa uçuş-enmə zolağına malik gəmilərə enmə və qalxma icra edə bilən “Bayraktar TB3” zərbə PUA-sı və Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi layihəsi olan “Bayraktar Kızılelma” MİUS (Pilotsuz Döyüş Təyyarəsi Sistemi - “Muharip İnsansız Uçak Sistemi”) üzərində işləyir. İctimaiyyətə açıqlanan planlar çərçivəsində ilk uçuşu 2023-cü ildə gözlənilən “Kızılelma” layihəsi gözləntiləri aşaraq, ilk uçuşunu 2022-ci il dekabrın 14-də uğurla başa vurub.

Bayraktarın rəhbərliyi ilə həyata keçirilən işlər dünya aviasiya tarixində ilk dəfə formalaşma uçuşlarına da ev sahibliyi edib. “Akıncı” PUA-sı və “Kızılelma” Pilotsuz Döyüş Təyyarəsi dünya aviasiya tarixində ilk dəfə həyata keçirilən yaxın qol uçuşlarını dəfələrlə uğurla həyata keçirib. Bu nailiyyətlər Selçuk Bayraktarın rəhbərlik etdiyi komandaların qabaqcıl texnologiya sahəsində dünya səviyyəsində tanınmasına töhfə verib.

Selçuk Bayraktar eyni zamanda “Fergani” adlı texnologiya təşəbbüsü ilə kosmos tədqiqatlarına rəhbərlik edir. “Fergani Uzay Teknolojileri” çətiri altında başlayan bu təşəbbüs aşağı orbit bürclərinin və orbital ötürmə vasitələrinin inkişaf etdirilməsi layihələrinə rəhbərlik edir. Bu layihələr orbitdəki əməliyyat ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutulub, Bayraktarın rəhbərlik etdiyi komanda bu texnologiyaların hazırlanmasında və tətbiqində mühüm rol oynayır.

Selçuk Bayraktarın aldığı bəzi beynəlxalq mükafatlar

Selçuk Bayraktar “Baykar” tərəfindən milli və yerli olaraq inkişaf etdirilən “Bayraktar TB2” zərbə PUA-larının Qarabağın erməni işğalından azad edilməsinə verdiyi töhfələrə görə Azərbaycan Respublikasının “Qarabağ” ordeninə layiq görülüb. “Qarabağ” ordeni Bayraktara 2021-ci il aprelin 1-də Bakıda keçirilən mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təqdim edilib.


İlham Əliyev Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələrinin gücləndirilməsinə, əməkdaşlığın inkişafına, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin təmin olunması istiqamətindəki haqq işinə verdiyi töhfəyə görə Selçuk Bayraktarın “Qarabağ” ordeni ilə təltif edildiyini bildirib və ordeni Selçuk Bayraktara təqdim edib.

Bayraktar 2022-ci ildə Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən Ukrayna Dövlət Xidmətlərinə görə ordeni ilə təltif edilib. Sözügedən ordeni 2022-ci il oktyabrın 2-də Türkiyəyə gələn Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak təqdim edib. 2023-cü il aprelin 4-də Azərbaycanın müdafiə naziri Zakir Həsənov tərəfindən “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif edilən Bayraktar Azərbaycan Prezidentinin 2 oktyabr 2023-cü il tarixli qərarı ilə ölkəyə xidmət edənlərə verilən “ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı ilə də təltif edilib.

2023-cü il oktyabrın 18-də Afrika ölkəsi Maliyə verdiyi töhfələrə və xidmətlərinə görə prezident Assimi Qoita tərəfindən ölkənin ən yüksək mükafatı olan Mali Milli Ordeni ilə təltif edilib.

Müdafiə sənayesi xaricində Selçuk Bayraktar

Selçuk Bayraktar müdafiə sənayesi və aviasiya sahələrindən başqa bəzi sahələrdə də fəaliyyətini davam etdirir. Bayraktar 2019-cu ilin dekabr ayında dünyaya təsir edən COVID-19 epidemiyasına qarşı Türkiyədə başladılan mübarizəyə rəhbərlik edib və yerli reanimasiya ventilyatorunun inkişaf etdirilməsi fəaliyyətlərini həyata keçirib. Bu araşdırmalar nəticəsində BIOSYS, “Baykar”, ASELSAN və “Arçelik” şirkətlərinin istehsal etdiyi yerli süni tənəffüs cihazları Türkiyə tərəfindən dünyanın bir çox ölkəsinə ixrac və hədiyyə edilib.

Qurucusu olduğu “Canan Bayraktar Toplum Sağlığı Vakfı”nda (CANSAĞLIĞI Vakfı) sağlamlıq sahəsində fəaliyyətini davam etdirir. Qəyyumlar Şurasının sədri olduğu “CANSAĞLIĞI Vakfı” çərçivəsində psixologiya, psixiatriya, genetika, immunologiya, onkologiya və nadir xəstəliklər sahələrində çalışan alimlərin tədqiqat layihələrini dəstəkləmək, fərdi və ictimai sağlamlığı gücləndirmək üçün tədqiqatlar aparır.


Selçuk Bayraktar özünün qurduğu “Türkiye Teknoloji Takımı Vakfı”nda (T3 Vakfı) texnologiya inkişaf proseslərində istedadlı gənclərin və bütün yaş qruplarından insanların iştirakını təmin etmək üçün çalışır. “T3 Vakfı” daxilində strateji əhəmiyyəti yüksək, qlobal rəqabət şərtlərinə uyğun şəkildə milli və yerli olaraq istehsal edilməsi prioritet olan məhsul, sistem və komponentlər üçün təşəbbüs, araşdırma-inkişaf etdirmə (Ar-Ge) ilə layihələri həyata keçirmək və dəstəkləmək məqsədilə işlər həyata keçirir.

Bayraktar Türkiyənin Milli Texnologiya Həmləsi vizyonunu həyata keçirmək üçün Qəyyumlar Şurasının sədri olaraq vəqfin elmi işlərinə rəhbərlik edir. Milli Texnologiya Həmləsi üçün çox kritik olduğunu düşündüyü aviasiya və kosmos həvəsini bütün dünyaya yaymaq məqsədilə Türkiyənin ilk və yeganə aviasiya, kosmos və texnologiya festivalı olan TEKNOFEST-i öz komandası və tərəfdaş qurumlar ilə birlikdə təşkil edir. Təsiri sərhədləri aşan TEKNOFEST 2022-ci ildə Azərbaycanda da keçirilib.


Bütün bu vəzifələrə əlavə olaraq, özəl pilot lisenziyasına sahib olan Bayraktar bütövlükdə bəşər sivilizasiyasının macərasını idarə edir, habelə bugünkü sosial problemlərə qədim dəyərlərlə həll yolları hazırlamaq məqsədilə təsis etdiyi Mədəniyyət və Sivilizasiya Vəqfinin qəyyumlar şurasının sədridir. Selçuk Bayraktar 2016-cı ildə Sümeyye Erdoğan Bayraktarla evlənib və iki uşaq atasıdır.

Patentləri

Hava Vasitələri Üçün Avtomatik Enmə-Qalxma Sistemi (Türk Patent İnstitutu 2015/07928)

Dəyişən İş Şərtlərini Təsbit Edən Elektromexaniki Servo Motorla İdarə Olunan Ötürücü Sistemi Və İdarəetmə Metodu (Türk Patent İnstitutu 2015/14111)

Üç Yedəkli Uçuş İdarəetmə Sistemi (Türk Patent İnstitutu Ref: PT2015-00693)

Ekq Cihazı (Türk Patent İnstitutu Ref: PT2015-00693)

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Səlcuq-Bayraktar   Türkiyə  


Bizi "telegram"da izləyin