Əsgər dostu - ömür dostu| Xırda problemlərə görə münasibəti korlamamalıyıq

2024/05/19ba2-1716401076.jpg
Oxunub: 140     14:34     21 İyun 2024    
"N" hərbi hissəsində bir-birinə sanki doğmaymış kimi münasibət göstərən hərbi qulluqçular diqqətimizi çəkdi. Komandirlərindən soruşanda onların dost olduqlarını bildirdi. Biz də yaranan fürsətdən istifadə edib, cəsur əsgərlərimizə yaxınlaşdıq. Dostluq haqqında fikirlərini bizimlə bölüşən ilk həmsöhbətim əsgər Anar Rzayev oldu. "Bir deyim var ki, dost çox olmaz. Lakin mən bu fikirlə qəti olaraq razı deyiləm. Çünki qəlbən təmiz, səmimi, mehriban insanların həyatında dostu çox olar. Amma bu o demək deyil ki, bu cür olan insanlarla mütləq dost olmalısan. Dostunu seçəndə də özünə uyğun birini seçməlisən. Dost - sənin tamamilə oxşarın olmalıdır. Ona görə də qəlbinə yaxın olan, səni başa düşən, səhvini ortamda yox, kənarda üzünə deyən insanla dostluq etmək lazımdır. Dostluq haqqında çox danışmaq olar. Bu cür dostları hərbi xidmətim zamanı tapdığım üçün çox sevinirəm. Bilirik ki, əsgəri dostluq ömürlük olur. Rəşadətli Azərbaycan Ordusunun sıralarında xidmət etdiyimiz zaman hər hansısa bir çətinliyimiz yarananda bir-birimizə dəstək olmuşuq. Çətinlik dedikdə, əlbəttə ki, bu, tək xidmətimizlə əlaqəli deyil. Çünki Müdafiə Nazirliyinin rəhbərliyinin diqqət və qayğısı sayəsində bütün sosial-məişət şəraitimiz olduqca yüksək səviyyədədir. Peşəkar komandirlərimiz isə hər birimizə doğma münasibət bəsləyirlər. Bu cür rəftar və qayğının qarşılığında üzərimizə düşən yeganə vəzifə - torpaqlarımızın müdafiəsində mətin dayanmaqdır. Keçirilən dərs, məşğələ və təlimlər zamanı əldə etdiyimiz yüksək döyüş qabiliyyəti bunu deməyə əsas verir", - deyə Anar Rzayev dedi.

Bakı Dövlət Universitetinin məzunu əsgər Əli Cəbrayılzadə isə vurğuladı ki, dostluğun ən əsas şərtlərindən biri də vəfalı olmaqdır.

"Dostluqda, əlbəttə ki, çəkişmələr də baş verə bilər. Lakin buna baxmayaraq, dost dosta qarşı hər zaman vəfalı yanaşmalıdır. İstehza etməməli, sərt davranmamalı, təvazökar olmalı, təkəbbürlülükdən uzaq olmalıdır. Yaranan mübahisəli halları uzatmamalı, hətta çalışmalıdır ki, bu cür məsələlər olmasın. Ən vacib amillərdən biri də onlar arasında olan sirr və əmanətdir. Çünki dost dostun sirrini ölənə kimi gizlətməli, əmanəti isə göz bəbəyi kimi qorumalıdır. Bunlarla yanaşı, dost dostun həmişə yaxşılığını istəməli, onu həvəsləndirməli və irəli getməyinə dəstək olmalıdır. Ordu sıralarında xidmət etdiyim zaman əldə etdiyim digər müsbət xüsusiyyətlərdən biri də bu cür dostluqları qazanmağımdır. Əminəm ki, xidməti müddətimi başa vurduqdan sonra da onlarla münasibətimizi davam etdirəcəyik".

- Əsl dost hər insana lazımdır və belə dostu özümüz qazanmalıyıq, - deyə əsgər Tamerlan Muradov söhbətimizə qoşuldu. - Bir insanın dostu olduğu üçün çox şanslıdır. Belə olduğu təqdirdə dostunun qədrini bilməli və hər zaman onun yanında olmalıdır. Xırda problemlərə görə münasibəti korlamamalıyıq. Bir-birimizə hər zaman köməklik göstərməliyik, çətinliyə düşən zaman kömək əli uzatmalıyıq. Ana Vətənimizin müdafiəsində olduğum zaman çoxlu dostlar qazanmışam. İlk növbədə, təcrübəli komandirlərimizin, daha sonra isə dostlarımın sayəsində xidmətimdə heç bir çətinlik çəkməmişəm. Mən də öz növbəmdə bu cür dostluğa sadiq qalmağa və komandirlərimizin bizlərə olan etimadını doğrultmağa çalışacağam.

Orxan Hüseynli, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ordu   Əsgər  


Bizi "telegram"da izləyin