“Anadolu Ankası-2024”: “Vətən müharibəsi zamanı qazanılan təcrübəni iştirakçı ölkələrin hərbçiləri ilə bölüşdük” – REPORTAJ (FOTOLAR)

2024/05/17-8583154000.jpg
Oxunub: 577     13:40     25 May 2024    
Qardaş Türkiyə Respublikası növbəti beynəlxalq təlimə ev sahibliyi etdi. Konya şəhərindəki aviasiya bazasında keçirilən "Anadolu Ankası-2024" ("Anatolian Phoenix-2024") beynəlxalq axtarış-xilasetmə təlimi xoş xatirələrlə yaddaşlarda qaldı. 6-17 may tarixlərində keçirilən beynəlxalq təlimdə Türkiyə və Azərbaycanla yanaşı, Qətər, Səudiyyə Ərəbistanı, Polşa, Rumıniya, Slovakiya dövlətlərinin də aviasiya vasitələri və hərbi qulluqçuları iştirak edirdi.

Beynəlxalq təlimdə ölkəmizi Hərbi Hava Qüvvələrinin bir qrup şəxsi heyəti, aviasiya vasitələri, həmçinin Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları təmsil edirdi.

Təlimin ilk günü iştirakçı ölkələrin hərbi qulluqçularına "Anadolu Ankası-2024" beynəlxalq axtarış-xilasetmə təliminin məqsədi, ssenarisi, keçiriləcəyi ərazinin relyefi və iqlimi, müxtəlif mərhələlər üzrə icra olunacaq tapşırıqlar, o cümlədən təhlükəsizlik qaydaları barədə açılış brifinqi təqdim olundu. Qeyd olundu ki, uzun illərdən bəri təşkil olunan beynəlxalq təlimdə axtarış-xilasetmə ssenarisinin müxtəlif elementləri icra olunur. Bu elementlərin icra olunmasında əsas məqsədlərdən biri hərbi qulluqçuların bilik və bacarıqlarının təkmilləşdirilməsi, həmçinin iştirakçı ölkələrin hərbi qulluqçuları arasında qarşılıqlı uzlaşma və təcrübə mübadiləsinin təmin edilməsidir.


Çıxış edənlər onu da vurğuladılar ki, real döyüş şəraitinə uyğunlaşdırılaraq hazırlanan "Anadolu Ankası-2024" beynəlxalq təlimində iştirak edən hərbçilər öz praktiki və nəzəri biliklərini sınaqdan keçirir, bacarıqlarını müasir dövrün tələbləri əsasında təkmilləşdirirlər. Həmçinin təlimdə iştirakçıların müxtəlif ölkələrə məxsus yeni nəsil hərbi texnika, silah və təchizat avadanlıqlarından istifadə bacarığı yüksəlir, digər iştirakçı qüvvələrlə birgə fəaliyyətlər zamanı şəxsi heyətin qarşılıqlı uzlaşma qabiliyyəti artırılır. Bildirildi ki, beynəlxalq təlim iştirakçı ölkələrlə Türkiyə Silahlı Qüvvələrinin müxtəlif bölmələri arasında hərbi əlaqələri gücləndirmək, qarşılıqlı koordinasiya işlərini müasir tələblər çərçivəsində qurmaq, planlaşdırma, taktika və digər hərbi fəaliyyətlərini təkmilləşdirmək üçün yaxşı fürsətdir.

"Anadolu Ankası-2024" ("Anatolian Phoenix-2024") beynəlxalq axtarış-xilasetmə təlimi çərçivəsində iştirakçı ölkələrin hərbi qulluqçuları müxtəlif epizodlar üzrə tapşırıqlar yerinə yetirdilər. Təlim planına uyğun olaraq, hər gün brifinqlərdə yerinə yetiriləcək tapşırıqlar və onların ardıcıllığı, axtarış-xilasetmə tədbirinin görüləcəyi ərazinin relyefi və digər zəruri məlumatlar verilirdi. Konya şəhərində təşkil olunan beynəlxalq təlimin ilkin mərhələsində təlimə cəlb edilən aviasiya heyətlərinin iştirakı ilə tanışlıq məqsədli birgə uçuşlar həyata keçirildi. Təlimin sonrakı mərhələlərində şərti olaraq terror qruplaşmasının avtomobil karvanının pusquya salınaraq üzvlərinin ələ keçirilməsi, qəzaya uğramış ekipaj üzvünün paraşüt-desant və axtarış-xilasetmə qrupları tərəfindən şərti düşmən arxasında axtarışı, aşkar olunan ekipaj üzvünün yerində sorğulanması və təxliyə edilməsi üzrə fəaliyyətlər icra olundu. Təlim zamanı Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrindən olan hərbi qulluqçularımız hava, su və yer inteqrasiyalı missiyalarda uğurla iştirak etdilər.


Beynəlxalq təlimin növbəti günlərində "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirildi. "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə qonaqlara, eləcə də media nümayəndələrinə "Anadolu Ankası-2024" beynəlxalq axtarış-xilasetmə təliminin gedişatı, icra olunan tapşırıqların nəticələri və yerinə yetirilməsi dərəcələri barədə statistik və digər zəruri məlumatlardan ibarət brifinq təqdim olundu. Brifinq başa çatdıqdan sonra beynəlxalq təlimə həsr olunan qısametrajlı videogörüntü qonaqlara nümayiş etdirildi. Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra qonaqlar təlim poliqonuna gedərək "Anadolu Ankası-2024" beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edən ölkələrin hərbçiləri tərəfindən icra olunan müxtəlif epizodlardan ibarət praktiki tapşırıqların yerinə yetirilməsini izlədilər.

Sonda "Yüksək Səviyyəli Müşahidəçi Günü"nün planına uyğun olaraq, Türkiyə Hərbi Hava Qüvvələrinin "Türk Ulduzları" aviaqrupuna daxil olan F-5 tipli təyyarələrinin həyəcanverici nümunəvi uçuşları qonaqlar və media nümayəndələri tərəfindən maraqla izlənildi.


Təlimin bağlanış mərasimi də təntənəli keçdi. Təlim rəhbərliyi "Anadolu Ankası-2024" beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edən ölkələrin hər birinə minnətdarlığını bildirdi və qeyd olundu ki, iştirakçı ölkələrlə qarşılıqlı əməkdaşlıq nəticəsində güclənən əlaqələr bundan sonra da artan xətlə davam edəcəkdir. Daha sonra təlim iştirakçılarına hesabat brifinqi təqdim olundu, rəhbər şəxslər tərəfindən qarşılıqlı xatirə hədiyyələrinin mübadiləsi həyata keçirildi.

Bununla da qardaş Türkiyə Respublikasının Konya şəhərində təşkil olunan "Anadolu Ankası-2024" ("Anatolian Phoenix-2024") beynəlxalq təlimi unudulmaz anlarla hafizələrə köçdü. Mən də öz növbəmdə təlim iştirakçısı olan hərbçilərimizin fikirlərini öyrəndim.

Baş leytenant Xanlar Rzayev təlim barədə təəssüratlarından danışdı: "Şanlı Azərbaycan Ordusunun hərbçiləri olaraq təlimdə qarşıya qoyulan tapşırıqların icrasında uğurla iştirak etdik. Biz gənc yaşlarımızda öz mütəxəssislərimizdən bu ixtisasın incəliklərini öyrənmişik və bu gün də üzərimizə düşən əsas vəzifə verilən tapşırıqları vaxtında, nöqsansız yerinə yetirməkdir. Bu gün burada keçirilən beynəlxalq təlimdə qardaş Türkiyə Respublikasının və digər iştirakçı ölkələrin Hərbi Hava Qüvvələrinin pilotları ilə qarşılıqlı əlaqədə olaraq müxtəlif tapşırıqlar icra etdik. İştirakçıların hər birinin bizə doğma münasibət bəsləməsi hər birimiz üçün böyük stimul və motivasiyaverici amillərdir. Bu cür mötəbər təlimdə iştirakçı olmaq qürurvericidir".


Təbiidir ki, hərbi aviasiya dedikdə səhnəarxası qəhrəmanlarımız olan texniki heyəti də unutmamalıyıq. Bunun üçün də hərbçi pilotlarımızın səmada təhlükəsizliyinin qarantı olan mühəndis heyətindən mayor Rafət Niftiyev ilə həmsöhbət oldum.

"Aviasiyada uçuşun təşkili hərbi pilotlar tərəfindən bilinsə də, əslində, təyyarənin səmaya qalxmasından tutmuş enməsinə qədər təhlükəsizliyin təmin edilməsində xeyli sayda insanın rolu vardır. Belə ki, uçuş prosesi komanda işidir. Onların hər biri öz vəzifəsinə uyğun olaraq hərbi təyyarəni növbəti təhlükəsiz uçuşa hazırlayır. Hərbçi pilotlarımızın təhlükəsizliyinin təmini üçün də hər kəs öz vəzifəsinin öhdəsindən vaxtında və nöqsansız gəlməyə borcludur. Burada ən xırda səhvə belə yer yoxdur. Bunun üçün də texnik və mühəndis heyətinin peşəkarlığı və əzmkarlığı sayəsində hərbi pilotlarımız yüksək nəticəli uçuşlar həyata keçirərək, "Anadolu Ankası-2024" beynəlxalq taktiki-uçuş təlimini də layiqincə başa vurdular. Bu təlimdə əldə olunan uğurların qazanılmasında hər bir kəsin əməyinin dəyəri çox yüksəkdir. Təcrübəli pilotlarımız, texniki heyətimiz və hərbi dənizçilərimizin yerinə yetirdikləri uğurlu tapşırıqlar xalqımızın və dövlətimizin inamını doğrultmaq üçün çox vacib imkandır ki, burada hər kəs əlindən gələnin ən yaxşısını etməyə çalışdı", - deyə zabit bildirdi.

Hərbi Dəniz Qüvvələrinin zabiti kapitan-leytenant Xızır Əliyev də təlim barədə fikirlərini bizimlə bölüşdü: "Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətinin peşəkarlığının və təcrübəsinin artırılması məqsədilə rəhbərlik tərəfindən mühüm işlər görülür. Məlumdur ki, dünyada bütün sahələrdə olduğu kimi, hərbi sahə də gündən-günə yenilənir və yeni tələblər meydana çıxır. Mütəmadi olaraq yeni silah və texnikalar ordumuzun arsenalına əlavə edilir. Hərbi əməkdaşlıq çərçivəsində dünyanın müxtəlif ölkələrində keçirilən təlimlərdə iştirak edən şəxsi heyət müasir dövrün tələblərinə uyğun olaraq yeni hərbi biliklərə yiyələnirlər. "Anadolu Ankası-2024" beynəlxalq axtarış-xilasetmə təlimi də digər ölkələrin hərbi təcrübəsindən yararlanmağımız, eləcə də 44 günlük Vətən müharibəsi zamanı qazanılan təcrübənin iştirakçı ölkələrin hərbçiləri ilə bölüşməyimiz üçün mühüm vasitə oldu. Burada Türkiyə Ordusunun hərbi qulluqçuları ilə yanaşı, digər orduların hərbçiləri ilə də qarşılıqlı əlaqədə müxtəlif epizodlardan ibarət tapşırıqların icrasında iştirak etdik. Bu təlimdə peşəkarlıq çox önəmlidir. Peşəkarlığın qazanılması üçün də şəxsi heyət mütəmadi məşqlər keçmiş, təlimlərdə üzərinə düşən tapşırıqları uğurla yerinə yetirmiş, öz bilik və bacarıqlarını daha da təkmilləşdirmişdir. Uğurlarımız bundan sonra da davam edəcək. Üçrəngli bayrağımızı bundan sonra da qürurla dalğalandırmaqla, komandanlığın və xalqımızın bizə olan etimadını layiqincə doğruldacağıq", - zabit dedi.

Oruc Mustafayev, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Anadolu-Ankası-2024   Azərbaycan  


Bizi "telegram"da izləyin