Milli Məclisdə Türkiyə Böyük Millət Məclisinin Baş katibinin müavini ilə görüş keçirilib - FOTOLAR

2024/05/milli-1716394764.jpg
Oxunub: 254     19:29     22 May 2024    
Mayın 22-də Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş katibinin müavini Naim Çobanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Parlamentdən Ordu.az-a verilən məlumata görə, Fərid Hacıyev iki qardaş ölkənin münasibətlərinin Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “bir millət, iki dövlət” şüarına uyğun olaraq inkişaf etməsindən məmnunluqla danışıb.

Aparat rəhbəri ölkələrimizin daim bir-birinə dəstək verdiyini qeyd edərək, 44 günlük Vətən müharibəsində Azərbaycanın Türkiyənin mənəvi-siyasi dəstəyinin bir daha şahidi olduğunu bildirib.

Aparat rəhbəri ötən il Türkiyə Böyük Millət Məclisinin Baş katibi Talip Uzunla görüşünü xatırlayaraq, parlament aparatları arasında əlaqələrin inkişafının qanunverici orqanların daha səmərəli əməkdaşlığının qurulmasına öz töhfəsini verəcəyinə inamını ifadə edib. Fərid Hacıyev Altıncı çağırış Milli Məclisin formalaşmasından sonra parlamentin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə Milli Məclisdə aparılmış islahatlar, Aparatın strukturu və fəaliyyəti barədə məlumat verib.

Ötən il iki ölkənin parlamentləri arasında imzalanmış əməkdaşlıq haqqında sazişin əhəmiyyətindən danışan Fərid Hacıyev həmin sənəddə parlament aparatları arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələlərinin də yer aldığını diqqətə çatdırıb və bu əməkdaşlığın faydalı olacağına əminliyini bildirib.

Göstərilən doğma münasibətə görə təşəkkürünü bildirən Türkiyə Böyük Millət Məclisi Baş katibinin müavini Naim Çoban Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib. O, iki ölkənin parlament aparatları arasında əməkdaşlığın vacibliyindən danışıb, qarşılıqlı təcrübə mübadiləsinin və mütəmadi səfərlərin əhəmiyyətini qeyd edib. Qonaq Azərbaycanın Türkiyədə baş vermiş güclü zəlzələ zamanı göstərdiyi yardımın qardaş münasibətinin təzahürü olduğunu diqqətə çatdırıb.

Söhbət zamanı qanunverici orqanlar arasında əməkdaşlığın müxtəlif istiqamətləri barədə müzakirələr aparılıb.

Görüşdə Milli Məclis Aparatı rəhbərinin müavinləri Yaşar Əməşov, Rüstəm Mahmudov və digər rəsmi şəxslər iştirak ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan   Türkiyə  


Bizi "telegram"da izləyin