Siyasi “epikriz”| Rəisinin “bədxahları” kimdir?

2024/05/1716377907.jpg
Oxunub: 403     15:49     22 May 2024    
IRNA agentliyi helikopter qəzası ilə bağlı İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyinin İran xalqına matəm mesajını yayıb. Mesajda mərhum prezident İbrahim Rəisi İran xalqının “səmimi, sadiq və dəyərli xidmətçisi” kimi təsvir edilib.

“Onun üçün ilahi lütfün nişanələri olan xalqın rifahı və razılığı hər şeydən üstün idi, buna görə də nankorluqdan irəli gələn təhqir və bəzi bədxahların hücumları onun işlərin irəli aparılması və islah edilməsi üçün gündəlik səylərinə mane olmurdu”, - deyə Xameneyinin çıxışında bildirilib. İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif Rəisi və keçmiş xarici işlər naziri Hüseyn Əmir Abdullahianın “səmimiyyətlərinin qurbanı olduqlarını” dedikdə, bu, daxili siyasi mövqelərin təzahürü sayıla bilər, amma niyə ölkənin ali ruhani liderinin rəsmi çıxışında “Rəisinin bədxahlarının olduğu” ifadəsi yer alıb?

Bu, artıq, necə deyərlər, siyasi bir “epikrizdir” və bundan belə başa düşülür ki, onun ötəngünkü helikopter qəzası nəticəsində “ölkənin həyatında heç nə dəyişməyəcək” əminliyi sırf təbliğat məqsədilə edilib. Xüsusilə də o, demək olar dərhal vurğulayıb ki, birinci vitse-prezident Məhəmməd Möhbər Konstitusiyanın 131-ci maddəsinə əsaslanaraq, 50 gündən gec olmayaraq qanunvericilik və məhkəmə orqanları ilə yeni prezidentin seçilməsi üçün tədbirlər görməyə borcludur.

Bu yolla bəlkə də o, Rəisinin ölümünün hakimiyyətdaxili qüvvələrinin balansını dəyişmədiyini və ya daha dəqiq desək, özünün buna imkan verməyəcəyini açıqlayır. “Reuters”in məlumatına görə, Məhəmməd Möhbər uzun müddət Xameneyinin ofisinin və onun xeyriyyə fondlarının icraçı meneceri olub. Maraqlıdır ki, Rusiya prezidenti Vladimir Putin məhz Möhbər ilə telefon danışığı aparıb. Bir neçə sıra mənbələrin qeyd etdiyi kimi, Möhbər 2022-ci ildə Moskvaya gedən İran nümayəndə heyətinə rəhbərlik edib.

Həmin danışıqların nəticəsi olaraq İran Rusiyaya Pilotsuz Uçuş Aparatı (PUA) və ballistik raketlər verməyə başladı. İranın birinci vitse-prezidenti, prezidentin vəzifəsinin icraçısı ilə telefon danışığı zamanı Putin deyib ki, mayın 19-da fəlakət xəbərini alan kimi Rəisinin həyatını xilas etmək üçün hər şey edilib, lakin “faciə artıq baş vermişdi”. Rusiya prezidentinin qiymətləndirməsinə görə, Rəisinin ölümü onun üçün “şəxsi dost və müttəfiq itkisidir”.

Moskvada qorxu varmı ki, İranın yeni daxili siyasi tənzimləməsi münasibətlərin hazırkı səviyyəsinin qorunub saxlanmasına zəmanət verməyəcək və ya strateji əməkdaşlıq sazişi üzrə müzakirələr “çıxılmaz vəziyyətə düşəcək”. İranın Bakıdakı keçmiş səfiri Əfşar Süleymani Rəisi ilə İlham Əliyevin görüşündən qısa müddət əvvəl müsahibəsində Rusiyanın Cənubi Qafqazda İrana “heç nə buraxmamasından” şikayətlənib.

Göründüyü kimi, İranın siyasi elitasında da oxşar hislər var. Onlar Xameneyinin dediyi Rəisinin “bədxahları”dırlar, yoxsa Rəisinin Rusiya ilə münasibətləri “yükləmək” təşəbbüsü olub? Hər hansı bir qənaətə gəlmək üçün obyektiv əsaslar yoxdur, lakin bu, İranda prezident seçkilərinin siyasi sürpriz gətirməyəcəyi demək deyil.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rəisi   İran   Qəza  


Bizi "telegram"da izləyin