Türkiyə müdafiə sənayesində yeni bir model: İlkin ictimai təklif

2024/05/2024--1716277889.jpg
Oxunub: 574     20:02     21 May 2024    
Türkiyənin “Altınay Savunma Teknolojileri” ilə müdafiə sənayesi şirkətlərinin birja marağında yeni bir səhifə açıldı. Resurs axtarışında birja addımı müdafiə şirkətləri üçün yeni bir model ola bilərmi? Çox məhsul istehsal etmədən həyata keçirilən bu addımın uğur nisbəti necədir?

Müdafiə sektorunun böyüməsi ilə şirkətlər maliyyə strukturlarını gücləndirmək və “Ar-Ge” sərmayələrini artırmaq üçün birjada iştirak edirlər. Türkiyədə bu baxımdan ən mühüm nümunə ASELSAN oldu. Hazırda İstanbul Birjasında ticarət aparan şirkətlər arasında ASELSAN ilə yanaşı, “Koç Grubu”na məxsus “Otokar”, “Karel”, “Katmerciler”, “Tümosan”, “Titra”nın sahibi olan “Pasifik Holding” və “SDT Uzay ve Savunma Teknolojileri AŞ” yer alır.

“Altınay” 1,8 milyard TL topladı

Son addımı isə “Altınay Grubu” atıb. Robot texnologiyaları ilə sektora daxil olan “Altınay”ın müdafiə bölməsinin ilkin ictimai təklif ölçüsü 1 milyard 88 milyon TL oldu. Bir səhm 32 lirədən olmaqla, 58,8 milyon səhm satılıb. Şirkət planlaşdırdığından 6,99 dəfə çox tələbat alıb. Türkiyə Sənaye İnkişaf Bankından (TSKB) KAP-a verilən açıqlamaya görə, səhmlərin 69 faizi yerli fərdi investorlara, 30 faizi yerli korporativ investorlara, 1 faizi isə “Altınay Grubu”na paylanıb.

İlkin ictimai təklifdə ümumilikdə 3.673.554 müraciətdən ilkin ictimai təklif olaraq təqdim edilən 58.823.530 TL nominal dəyərli səhmlərin 6,99 qatına uyğun gələn 411.347.727 TL nominal dəyərli səhm tələbi gəldi. İlkin ictimai təklifdə tələb yerli fərdi investorlara ayrılan səhmlərin 2,40, yerli institusional investorlara ayrılan səhmlərin 17,74, “Altınay Grubu” işçilərinə ayrılan səhmlərin 1,72 qatı idi.

“Altınay Savunma”nın məhsulları

Şirkətin müdafiə sənayesindəki məhsulları üç əsas başlıq altında qruplaşdırılıb. Bunlar gimbal, mast, servo motor kimi Hərəkət İdarəetmə Texnologiyalarıdır. ASELSAN ilə birgə qurulan DASAL isə İnsansız Sistem Texnologiyaları sahəsində Pilotsuz Uçuş Aparatları (PUA) inkişaf etdirir.

Dəniz Sistemlərində hərəkətə nəzarət, dəniz müdafiəsi və görünməzlik üçün həllər istehsal olunur. Silah Sistemlərində kvadrokopter tipli hava platformalarında istifadə edilən 2 oxlu stabilləşdirilmiş top qüllələri və minaatan sursat buraxma sistemləri istehsal olunur. Sursat Məhvetmə və Kritik İstehsal Texnologiyalarında isə köhnəlmiş sursatların təkrar emalı ilə bağlı araşdırmalar aparılır.

“Altınay Grubu”nun, həmçinin TUSAŞ ilə ortaq şəkildə Milli Döyüş Təyyarəsi “Kaan” üçün eniş dəsti istehsal edən, silah bölməsi örtüklərinin dizaynı və istehsalı ilə məşğul olan TAAC adlı bir şirkəti var. “Altınay” hava vasitələrinin sınaqdan keçirildiyi və sektorda “iron bird”-”dəmir quş” kimi tanınan sınaq sistemlərinin istehsalını da həyata keçirib.

Maliyyə quruluşu birja üçün çox vacibdir

“Altınay” bir çox sahədə çox sıx “Ar-Ge” fəaliyyətləri olan bir şirkətdir. Ancaq məhsulun inkişafı istiqamətində addımlar atmaq üçün maliyyə gücü lazımdır. Bu maliyyə gücü birjadan gələn təzə pulla təmin edilə bilər. Bununla belə, məhsulun inkişafı, satışı və ixracı sonradan şirkətə əhəmiyyətli maliyyə töhfəsi verə bilər. Bu baxımdan şirkətin kütləvi təklifdən sonra atacağı addımları çox diqqətlə izləmək və nəticələrə baxmaq böyük əhəmiyyət kəsb edir.

Birja “Ar-Ge”nin mənbəyi olacaqmı?

“Altınay”dan sonra birjaya yeni təkliflərin gəlməsi gözlənilir. Müdafiə şirkətlərinin “Ar-Ge” sahəsində ehtiyac duyduqları ciddi maliyyə addımlarının bu şəkildə irəliləməsi mümkündür. Ancaq xüsusilə kiçik investorun zərər görməməsi üçün həm müdafiə sənayesi məhsulları, həm də şirkətlərin maliyyə strukturları ciddi şəkildə izlənilməlidir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Altınay-Savunma-Teknolojileri  


Bizi "telegram"da izləyin