Mirzoyan Berboka nəyin hesabatını verir? Almaniya üçün maraqlı olmayan nədir?

2024/05/l-0x0-1716194614.jpg
Oxunub: 502     12:38     20 May 2024    
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa Şurasının Nazirlər Komitəsinin Strasburqda keçirilən iclası çərçivəsində Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə görüşüb.

Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumata görə, həm ikitərəfli, həm də beynəlxalq məsələlər müzakirə olunub, Ararat Mirzoyan Ermənistan-Azərbaycan prosesinin vəziyyətini də təqdim edib. Ola bilsin, o, Qazaxıstanın təşəbbüsü ilə mayın 10-11-də Almatıda Ceyhun Bayramov-Ararat Mirzoyan formatında keçirilən görüşlərdən danışıb. Almaniya XİN bildirir ki, Berbok bir daha Ermənistan və Azərbaycan arasında tarixi sülhün mümkünlüyündən danışıb, Berlinin sülh prosesini dəstəkləməyə hazır olduğunu qeyd edib.

Almaniya tərəfinin məlumatına görə, Berbok hazırda dialoqun davam etdirilməsinin son dərəcə vacib olduğunu bildirib. Fevral ayında Almaniya kansleri Olaf Şoltsun keçirdiyi Münxen Təhlükəsizlik Konfransında İlham Əliyevlə Nikol Paşinyan arasında uzun fasilədən sonra görüş baş tutub. Görüş zamanı Berlində xarici işlər nazirlərinin görüşünün keçirilməsi ilə bağlı razılıq əldə olunub, bu görüş qısa müddət sonra baş tutub və iki gün davam edib.

Lakin bundan sonra Berlin prosesi hətta söhbət səviyyəsində belə davam etmədi və əvəzində Qazaxıstanın Almatı ilə bağlı təşəbbüsü ortaya çıxdı. Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Almatıdakı müzakirənin Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli razılaşmalara uyğun olduğunu açıqlayıb. Bu o deməkdir ki, müzakirə Berlin prosesinin gedişatından “çıxıb”? Təsəvvür etmək çətindir ki, Berlindəki müzakirələr eyni üçtərəfli bəyanatın məcrasında gedib. Ona görə də sual yaranır ki, məgər Mirzoyan Berbokla sözügedən “sapma”nın dərəcəsini təqdim etmək və ya izah etmək, aydınlaşdırmaq üçün görüşüb?

Bəs, Almaniya bu mümkün “sapma”dan həyəcanlanır, yoxsa Qazaxıstanda baş verən görüşü Berlin görüşünün ardı hesab edir? Böyük ehtimalla, ikinci versiya daha çox ağlabatandır. Bu baxımdan, Almaniya XİN rəhbəri dialoqun davam etdirilməsinin vacib olduğunu bildirib, bəyanatın dipnotunda “dialoqun harada davam edəcəyinin önəmli olmadığı” vurğulanır.

Görünür, Almaniya əmindir ki, Azərbaycanın haqlı mövqeyi hər yerdə keçərlidir və eyni vəziyyəti formalaşdırır. Buna görə də dialoqun harada davam etdirilməsi məsələsi aktual deyil, əsas məsələ dialoqların doğru şəkildə koordinasiya edilməsidir.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mirzoyan   Berbok   Almaniya   Azərbaycan  


Bizi "telegram"da izləyin