Çin Rusiyanın MDB ilə bağlı təşəbbüsünə qoşulmayıb? – ANALİZ

2024/05/1716201823.jpg
Oxunub: 361     20:36     20 May 2024    
Pekində Rusiya prezidenti Vladimir Putinə təmtəraqlı ziyafət verilib, tərəflər otuz səhifəlik birgə bəyanat imzalayıblar və bu bəyanat dərhal Kremlin rəsmi saytında dərc olunub.

Əlbəttə, sənəd təsiredicidir, lakin axı Rusiya prezidentinin səfərindən əvvəl onun xarici işlər üzrə köməkçisi Yuriy Uşakov demişdi ki, səfərin əsas məqsədi MDB məkanında inteqrasiya ilə Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsünün birləşdirilməsi imkanıdır. Birgə bəyannamənin mətnində heç bir müddəa yoxdur. Ehtimal etmək olar ki, Çin tərəfi məsələni müzakirə etməkdən yayınıb.

Ola bilər ki, Rusiya prezidenti ilə Çin lideri arasında “fikir mübadiləsi olub” və ya daha aşağı formatlı görüşlərdə bu mövzuya toxunulub, amma fakt faktlığında qalır: tərəflər inteqrasiya layihələrinin koordinasiyası ilə bağlı razılığa gəlməyiblər. KİV-lər aparıcı Qərb mediasının Putin-Si Cinpin danışıqlarından ilk təəssüratlarını çatdırır. Əsas fikir ondan ibarətdir ki, hərbi sahədə də daxil olmaqla, əməkdaşlığın davam etdirilməsi və dərinləşdirilməsi təminatlarına baxmayaraq, Si Cinpin ən mühüm məsələdə öz nöqteyi-nəzərində qalıb: Qərb çox böyük təzyiq göstərsə də, Ukrayna məsələsində o, Rusiyanı açıq şəkildə tənqid etmir, lakin Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün qorunmasının əsas yer tutduğu 12 bəndlik nizamlanma konsepsiyasına sadiq qalmaqda davam edir.

Bu mənada Britaniyanın “The Telegraph” nəşrinin şərhçisi danışıqlardan sonra qeyd edib ki, Putin və Si Cinpin arasında Ukrayna məsələsi ilə bağlı xüsusi üzbəüz görüş olub, Rusiya prezidenti mətbuata açıqlamasında yalnız bir cümlə işlədib və Çin tərəfinə “məsələnin (Rusiya-Ukrayna münaqişəsi) həlli ilə bağlı təkliflər təqdim etdiyinə görə” təşəkkür edib. Britaniyalı şərhçi belə qənaətə gəlib ki, Putin Ukrayna məsələsi ilə bağlı İsveçrədə çağırılacaq konfransda iştirak etməyəcəyinə dair Si Cinpindən dəqiq təminat ala bilməyib.

Şərhçinin sözlərinə görə, Si Cinpin Qərblə razılaşmanın qapısını açıq qoyub. Əslində Pekinin prinsipial yanaşması ondan ibarətdir ki, Rusiya və Çin “tərəflərdən birinin azad seçimini məhdudlaşdırmayan” yerdə və dərəcədə əməkdaşlıq edirlər. Buna əsasən, Pekin Rusiyanın postsovet məkanının inteqrasiyası proqramını öz “azad seçimini məhdudlaşdıran” kimi qiymətləndirib. Mövcud reallıqlarla bu, tamamilə qanuni yanaşmadır: Çin Mərkəzi Asiyada sabit iştiraka malikdir, Azərbaycanla böyük işgüzar əlaqələrə sahibdir, məlumatlara görə, Gürcüstanda Anakliya limanının tikintisinə başlayıb, Zəngəzurda kommunikasiyanın açılmasını dəstəkləyir.

Moskvanın MDB-nin inteqrasiyası təşəbbüsünə “cəlb etmək” postsovet məkanında istənilən təşəbbüsü Rusiyanın məqsədəuyğunluğu ilə şərtləndirmək deməkdir. Halbuki real balansla Çin bütün mənalarda Rusiyanı üstələyir. Əgər qərb mətbuatının məlumatları etibarlıdırsa və ya ən azından etibarlı hesab edilməyə layiqdirsə, o zaman Putin-Si Cinpin danışıqları postsovet ölkələri üçün suverenlik və seçim azadlığının qorunması baxımından böyük əhəmiyyət kəsb edir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Rusiya   MDB   ANALİZ  


Bizi "telegram"da izləyin