Putin Rusiyameyili “Avropa klubu” yara biləcəkmi? – BAXIŞ BUCAĞI

2024/05/1716201713.jpg
Oxunub: 314     15:41     20 May 2024    
Rusiya prezidenti Vladimir Putin Çinə iki günlük səfərini Harbində başa vurub. Harbində o, həmin Çin şəhərini “yapon işğalçılarından azad etmiş” 12 min sovet əsgərinin xatirəsini ehtiramla yad edib.

Vladimir Putin Harbində bəlkə də ən mühüm açıqlamanı verib. Xarkov istiqamətində hücumun məqsədinin nə olduğunu soruşduqda o cavab verib ki, Ukraynanın atəş aça bilmə məsafəsinin zərərsizləşdirilməsinə və “sanitar zonanın yaradılması”na ehtiyac var, bu problem həll olunur. “Hələlik bizim Xarkovu tutmaq fikrimiz yoxdur”, - deyə Rusiya prezidenti sözlərini yekunlaşdırıb.

Putinin təminatından bir neçə saat sonra Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Telegram” kanalında qeyd yazıb və Qərb ölkələrinə “Ukraynaya verilən raketlərin mənzilini hesablamağı” tövsiyə edib. O, mənzili 550 kilometr olan Britaniya raketlərini misal çəkib və xəbərdarlıq edib ki, “sanitar zona” Polşa sərhədinə çata və ya Polşadan keçə bilər, bu isə çox pisdir. Ukrayna üzrə beynəlxalq konfransa bir aydan da az vaxt qalıb.

Qərb ekspertlərinin əksəriyyəti Xarkov istiqamətində hücuma başlamaqla, Rusiyanın “sülh konfransını başa çatmış fakt qarşısında qoymağa” çalışdığı qənaətindədir. Ukrayna prezidenti bildirib ki, Rusiya qüvvələrinin Xarkov istiqamətində ən dərin nüfuzetməsi 10 kilometrdir. Eyni zamanda o, aydın şəkildə qeyd edib ki, bu, Ukraynaya silah tədarükünün “səkkiz ay” gecikdirilməsinin nəticəsidir. Qərb mənbələri getdikcə daha ardıcıl olaraq “Koreya nümunəsi ilə Ukraynada müharibənin dayandırılmasının mümkünlüyü” tezisini tirajlayır.

Belə görünür ki, Putin “yeni siyasi dövr”də postsovet ərazisinin Moskva mərkəzli inteqrasiyasını Çinin “Bir Kəmər, Bir Yol” layihəsi ilə birləşdirmək məsələsində Çinlə prinsipial razılığa gələ bilməyib. Görünür, Rusiya Ukraynaya qarşı hərbi təzyiqlərini artıracaq, bu isə müharibənin “ərazisini genişləndirmək” üçün təhlükədir. Avropa müharibəyə hazır deyil. Moskvanın hərbi-geosiyasi hesablaması, anlaşıldığı qədər, hücum təhlükəsinin Şərqi Avropa ölkələrini Moskva ilə münasibətləri bərpa etməyə məcbur edəcəyidir.

Analitiklər Şərqi Avropada “Putin klubu”nun yaranma perspektivini nəzərdən keçirirlər. Avropa mətbuatının bir sıra nəşrlərində Slovakiyanın Baş naziri Robert Fitsoya qarşı sui-qəsdin bu layihəni uğursuz etmək cəhdi kimi qiymətləndirilib. Bütün bunların fonunda “La Figaro” Serbiya prezidentinin çıxışından sitat gətirib. Həmin çıxışda o, Sovet marşalı Jukovun “Avropalılar rusları onları faşizmdən azad etdiklərinə görə bağışlamayacaqlar” fikrini xatırladıb.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Rusiyameyili   Avropa-klubu  


Bizi "telegram"da izləyin