“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib - YENİLƏNİB

2024/05/1716106964.jpg
Oxunub: 706     18:28     19 May 2024    
Mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib.

Ordu.az xəbər verir ki, əvvəlcə dövlət başçıları “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarını işə saldılar.

Sonra hidroqovşaqlarla bağlı videoçarx nümayiş etdirildi.

Azərbaycan Respublikası ilə İran İslam Respublikası dövlət sərhədində - Araz çayı üzərində inşa edilən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları elektrik enerjisi istehsalı və suvarma məqsədilə tikilib. Hidroqovşaqların layihələri Sovet İttifaqı ilə İran İslam Respublikası arasında 1977-ci ilin oktyabrında imzalanan razılaşma əsasında hazırlanıb. Layihələri 1990-cı illərin əvvəllərində yenidən işlənilən hidroqovşaqların tikintisi Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilməsi nəticəsində dayandırılsa da, sonrakı dövrlərdə tikinti işləri yalnız İran İslam Respublikası tərəfindən aparılıb.

2020-ci ildə Vətən müharibəsi nəticəsində Azərbaycanın torpaqları, o cümlədən hidroqovşaqların tikildiyi ərazi işğaldan azad edilib. Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismara qəbulu ilə əlaqədar bəzi məsələlər barədə Sərəncama əsasən, 2021-ci ildə “AzərEnerji” ASC Azərbaycan Respublikası tərəfindən sifarişçi kimi müəyyən edilib.

Araz çayının su ehtiyatlarından səmərəli istifadə olunmaqla elektrik enerjisinin istehsalı və əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına xidmət edəcək “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarında su bəndlərinin tikintisi üzrə işlər tamamlanıb, su anbarlarının doldurulması işlərinə başlanılıb. Hazırda “Xudafərin” su anbarında 503 milyon kubmetr, “Qız Qalası” su anbarında isə 42 milyon kubmetr su yığılıb ki, bu da ümumi tutumun 40 və 85 faizini təşkil edir.

Açılış mərasimi çıxışlarla davam etdi.

Əvvəlcə çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov dedi:

- Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev.

İran İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Seyid İbrahim Rəisi.

Hörmətli mərasim iştirakçıları, xanımlar və cənablar.

Sizi ölkələrimiz arasında əməkdaşlığın inkişafında yeni bir mərhələnin başlanğıcı olan “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində böyük məmnuniyyətlə salamlayıram.

Dövlətlərimizin rəhbərlərinin uzaqgörən siyasətinin, dəqiq hesablanmış strateji yanaşmalarının nəticəsidir ki, bu gün biz Araz çayının su və energetika ehtiyatlarının birgə istifadəsini nəzərdə tutan hidroqovşaqların istismara verilməsinin şahidiyik.

Yaxın gələcəkdə isə birgə səylərimizlə su elektrik stansiyalarının açılışına da nail olacağıq.

Ölkələrimiz arasında mehriban qonşuluq, qardaşlıq və dostluq münasibətlərinin inkişafını təmin edən siyasətin töhfəsi olaraq uzun illərdir fəaliyyət göstərən Araz, Mil-Muğan su anbarları və Araz Su Elektrik Stansiyasından sonra Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihəsinin həyata keçirilməsi göstərir ki, Azərbaycan və İran öz aralarındakı sərhədi davamlı şəkildə səmərəli əməkdaşlıq imkanlarına uğurla çevirən ölkələrdir.

Su tutumu 1,6 milyard kubmetr olan “Xudafərin” və 56,75 milyon kubmetr su tutumuna malik “Qız Qalası” hidroqovşaqları, həmçinin hər bir tərəf üçün ümumi qoyuluş gücü 140 MVt olan “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyaları paritet əsasda ölkələrimizin maraqlarına xidmət etməklə Azərbaycan-İran təcrübəsində transsərhəd sulardan istifadənin örnəkləri olacaq.

Bu layihə təkcə Azərbaycana mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 12 min hektar yeni əkin sahələrinin suvarılması, illik 358 milyon kilovat-saat elektrik enerjisi istehsalı, 80 milyon kubmetr qaza qənaət imkanı yaradacaq.

“Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihəsi üzrə 2016-cı ildə imzalanmış müvafiq Hökumətlərarası Sazişə əsasən yaradılmış birgə Texniki Komissiya layihələrin icrası prosesindən irəli gələn məsələlərin müzakirəsi, razılaşdırılması və həllinə töhfə verir.

Fürsətdən istifadə edərək mən İran İslam Respublikasının energetika naziri cənab Əli Əkbər Mehrabiana səmərəli və konstruktiv əməkdaşlığa görə təşəkkürümü bildirmək istərdim.

“Xudafərin” və “Qız Qalası” Şərqi Zəngəzurun “yaşıl enerji zonası” kimi inkişafının mühüm elementlərindən olmaqla bərabər, regional əməkdaşlıq əlaqələrinə də təkan verəcək.

Stansiyaların qoşulacağı “Cəbrayıl” enerji qovşağı ölkəmizin Şərqi Zəngəzur və Naxçıvan bölgələri arasında yeni enerji bağlantısına xidmət edəcək.

Bu layihələr, eyni zamanda, “yaşıl enerji” sahəsində ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni perspektivlər vəd edir.

Göründüyü kimi, “Xudafərin” və “Qız Qalası” ölkələrimiz üçün ekoloji, enerji, iqtisadi əhəmiyyət daşıyan infrastruktur layihələri olmaqla bərabər, bölgədə inkişafa, təhlükəsizliyə, dostluğa xidmət edən uzunmüddətli əməkdaşlıq körpüsüdür.

İnanırıq ki, biz irəlidə daha çox körpülər inşa edəcəyik.

Sonda bir daha birgə layihələrimizin ölkələrimiz üçün xeyirli olmasını diləyirəm.

Diqqətiniz üçün təşəkkür edirəm.

İranın energetika naziri Əli Əkbər Mehrabian çıxış edərək dedi:

- Allahın adı ilə.

İmam Rza əleyhissalamın doğum günündə qardaş Azərbaycan xalqını təbrik edirəm.

Dəyərli qonaqları salamlayıram.

Bu gün 1403-cü ilin ordubehişt ayının, mayın 19-dur. Biz bu gün İran İslam Respublikasının Prezidenti cənab İbrahim Rəisinin və eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ev sahibliyi ilə bu tədbirdə iştirak edirik.

Əminliklə bildirirəm ki, iki ölkə arasındakı əlaqələrdə bu gün tarixi bir andır. İran dünyada bəndlərin və eyni zamanda, hidroqovşaqların yaradılmasında çox önəmli ölkələrdən biri sayılır. İranda İslam İnqilabından sonra 200-yə yaxın bənd və hidroqovşaq tikilmişdir və bunların hamısı bizim tarixi göstərir.

Araz çayı dörd ölkə arasında yerləşir və bu regionda yaşayan xalqlar arasında hər zaman diqqəti çox cəlb edib və hər zaman önəm kəsb edib. Bu çay hər zaman iqtisadi, mədəni və tarixi cəhətdən önəm daşıyıb. Eyni zamanda, iqtisadi infrastrukturların inkişafına da səbəb olub. Həmçinin sərhədyanı ərazilərdə yaşayan insanların da həyatlarının iqtisadi cəhətdən yaxşılaşmasına töhfə verib. Əlli il ərzində bu bəndin, eyni zamanda, Araz çayının suyundan istifadə etmək üçün hər zaman əməkdaşlıq olmuşdur. Bildiyiniz kimi, Araz çayının üstündə 12 kilometr uzunluğu olan və eyni zamanda, sellərin qarşısını alan bu bəndin imkanlarından geniş istifadə edilir. Həmçinin bu bəndin suyundan əkin sahələrinin suvarılmasında da istifadə olunacaq.

Təəssüflər olsun ki, iqlim dəyişikliyi və ətraf mühitin çirklənməsi baxımından çətinlik, quraqlıq yaranır. Ona görə də torpaqlardan, enerjidən istifadənin önəmi daha da artır. Təbii ki, bu səbəbdən biz ənənəvi əkinçilik üsullarından daha müasir və modern üsullara keçməliyik. Buradakı iki elektrik stansiyasında 540 meqavat enerji istehsal olunacaq. Bu, su diplomatiyası sahəsində bənzərsiz bir layihədir. Bu layihə, əslində, səbəb olacaq ki, Azərbaycan və İrandan əlavə, digər qonşu ölkələrlə də su sahəsində əməkdaşlığımızı genişləndirək. Təbii ki, Araz çayı boyunca yerləşən ölkələr sudan və bundan əldə olunan enerjidən istifadə sahəsində əməkdaşlığı daha da artırmalıdır. Bu sahədə də Şimal-Cənub, Şərq-Qərb arasında memorandumlar imzalanır.

Bu gün haqqında danışdığımız bu bənd və eyni zamanda, su elektrik stansiyası bizim mühəndislərin zəhmətinin nəticəsidir. Çox istərdim ki, İran su şirkətinin və eyni zamanda, Azərbaycanın su sahəsində işləyən müvafiq şirkətlərinin işçilərinə təşəkkürümüzü bildirək. Onlar bu sahədə çox zəhmət çəkiblər. Eyni zamanda, bu layihənin sərmayədarlarına və podratçılarına da təşəkkür etmək istəyirik. Ümidvarıq ki, bu uğurlar ölkələrimizin yüksəlişinə xidmət edəcək.

Sonra dövlət başçıları çıxış etdilər.

Prezident İlham Əliyevin çıxışı

- Hörmətli cənab Prezident.

Əziz dostlar.

Bu gün çox əlamətdar bir gündür. “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi, hesab edirəm ki, tarixi hadisədir. İlk növbədə, bu nəhəng obyektin inşasında iştirak etmiş bütün İran mütəxəssislərinə, fəhlələrinə, dostlarımıza təşəkkürümü bildirmək istəyirəm. Burada da qeyd olundu ki, İranın bu layihələri ərsəyə gətirmək üçün geniş imkanları, böyük təcrübəsi var. Bu gün biz əyani şəkildə gördük ki, bu layihə doğrudan da böyük bilik, səriştə və təcrübə tələb edirdi.

Bu gün keçirilən mərasim dostluğumuzun növbəti təzahürüdür. Bu gün İran-Azərbaycan dostluğunun nə qədər möhkəm olmasını bütün dünya görür. Bu dostluğun dərin kökləri, dərin tarixi var. Əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaratmışlar və bu gün bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər, hesab edirəm ki, ən yüksək səviyyəyə qalxıb.

Bugünkü mərasimin tarixi əhəmiyyəti, o cümlədən ondadır ki, ilk dəfə olaraq İran və Azərbaycan prezidentləri sərhəddə görüşürlər. Bu, bir daha onu göstərir ki, bu sərhəd dostluq sərhədidir, qardaşlıq sərhədidir. Qədim tarixdən gələn qarşılıqlı hörmət, anlaşma, dəstək hissləri bu gün həm bu nəhəng layihədə, aparılan danışıqlarda və əldə edilmiş razılaşmalarda özünü göstərir, eyni zamanda, gələcək planlarımızda özünü göstərəcək.

Bu gün biz hörmətli Prezident Rəisi ilə bir çox məsələləri geniş müzakirə etdik və bir daha əmin olduq ki, bizim fikrimiz üst-üstə düşür, istər beynəlxalq məsələlərlə əlaqədar, istərsə də regional təhlükəsizlik məsələləri ilə bağlı. Bu, çox önəmli bir amildir. Bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu, qardaşlığı önəmli amildir. Biz bütün beynəlxalq təşkilatlarda, üzv olduğumuz təşkilatlarda bir-birimizi dəstəkləyirik və bundan sonra da bu dəstəyi göstərəcəyik. Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, ECO-da və BMT-də bir-birimizə dəstək verməklə, eyni zamanda, öz siyasətimizi, öz niyyətimizi ifadə edirik.

Bizi birləşdirən layihələrin arasında təbii ki, nəqliyyat layihələri xüsusi rol oynayır. Bu gün nəinki ölkələrimiz üçün, daha geniş coğrafiya üçün böyük əhəmiyyət daşıyan Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması ilə əlaqədar birgə səylər göstərilib. Bu günə qədər göstərilən səylər artıq real layihələrə çevrilib. Bundan sonra həm İran ərazisində, həm Azərbaycan ərazisində müasir dəmir yolu infrastrukturunun yaradılması və modernləşdirilməsi Şimal-Cənub Nəqliyyat Dəhlizini dünyanın ən önəmli nəqliyyat damarına çevirəcəkdir. Hər iki ölkə burada öz səylərini birləşdirib. Onu bildirməliyəm ki, Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə keçən il yükdaşımaların həcmi 50 faizdən çox artıb, bu ilin üç ayında da artıb. Bütövlükdə isə İranla Azərbaycan arasındakı yükdaşımaların artımı 50 faizdən çoxdur və bu, hələ başlanğıcdır, dəmir yolu tam istismara veriləndən sonra bu rəqəmlər daha da artacaq.

Bu gün, eyni zamanda, Ağbənd istiqamətində yeni avtomobil körpüsü tikilir. Bu körpü tikiləndən sonra o da Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsi olacaq. Bu körpü təkcə Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən körpü deyil, bu, beynəlxalq nəqliyyat dəhlizinin bir parçasıdır. Qeyd etdiyim kimi, həm Şimal-Cənub, eyni zamanda, Şərq-Qərb Nəqliyyat dəhlizlərinin bir hissəsi olacaq.

Azərbaycanın azad edilmiş torpaqlarında bu gün çox genişmiqyaslı nəqliyyat layihələri həyata keçirilir. Avtomobil yolları, hava limanları, dəmir yolu Ağbəndə qədər çəkilir və yaxın gələcəkdə istismara veriləcək. Beləliklə, biz birgə səylərlə həm ölkələrimizin gələcək inkişafını, eyni zamanda, bir çox ölkələrin nəqliyyat təhlükəsizliyini təmin edəcəyik.

Bizim energetika sahəsində çox böyük planlarımız var. Artıq qeyd olunduğu kimi burada 280 meqavat gücündə iki su elektrik stansiyasının inşası nəzərdə tutulur. Enerji güclərinin də bərabər bölünməsi hər iki ölkəyə əlavə fayda verəcək.

Bildirməliyəm ki, azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələri, eləcə də Naxçıvan bölgəsi Azərbaycanda “yaşıl enerji” zonaları elan edilib. Bu bölgələr bizim ərazimizin təxminən 25 faizini təşkil edir. Bu bölgələrdə “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgə üçün fayda verəcək. İşğaldan azad edilmiş torpaqlarda son üç il ərzində 270 meqavat gücündə su elektrik stansiyaları inşa edilib. Bu stansiyaların istehsal gücünü 500 meqavata çatdırmaq üçün konkret proqramımız var və yaxın iki-üç il ərzində bu, həll olunacaq. Nəzərə alsaq ki, İranla Azərbaycan arasında elektrik xətlərinin müasirləşdirilməsi artıq həll olunub və qarşılıqlı təchizat məsələləri də həll edilib, bu, ölkələrimiz və digər ölkələr üçün də fayda gətirəcək layihələr olacaq.

Bizim digər sahələrdə də əməkdaşlığımız həm ölkələrimizi gücləndirir, eyni zamanda, regional əməkdaşlığa da fayda verir. Ticarət dövriyyəsinin artırılması, yeni birgə müəssisələrin yaradılması - bütün bunlar göz qabağındadır. Təbii ki, bütün planları həyata keçirmək üçün gələcəkdə də yaşadığımız bölgədə sülh, əmin-amanlıq, sabitlik olmalıdır. Əfsuslar olsun ki, uzun illər burada vəziyyət tam başqa istiqamətdə cərəyan etmişdir. Bildiyiniz kimi, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış əraziləri 30 ilə yaxın Ermənistanın işğalı altında idi. Bax, burada - bu yaxınlıqda yerləşən ərazilər işğal altında idi. Torpaqlarımızın təxminən 20 faizi zəbt edilmişdi, oradan Azərbaycan əhalisi çıxarılmışdı, bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdı, bir milyon azərbaycanlı evsiz-eşiksiz qalmışdı. Uzun illər bu məsələ ilə məşğul olan ATƏT-in Minsk qrupu və onun həmsədrləri məsələni həll etmək üçün yox, məsələni dondurmaq üçün çalışırdılar. 28 il ərzində fəaliyyət göstərən, əslində, fəaliyyətsiz olan Minsk qrupunun tamamilə ləğv edilməsi Azərbaycanın haqlı tələbidir. Onlar 28 il ərzində məsələni həll etməyə yox, yenə də deyirəm, dondurmağa səylər göstərmişlər.

Azərbaycan Ermənistanla olan məsələni - öz ərazi bütövlüyünün bərpasını 2020-ci ildə hərbi-siyasi yollarla, beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq çərçivəsində həll edib və 2023-cü ildə öz dövlət suverenliyini tam bərpa edib. İndi isə Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyən edilməsi prosesi gedir. Biz bu prosesin ilkin müsbət nəticələrini görürük və sərhədimizin şimal hissəsində artıq delimitasiya və demarkasiya başlanmışdır. Hesab edirəm ki, bu, ümidverici hadisədir. Çünki bu, ümid verir ki, nəhayət, uzun fasilədən sonra Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana bilər.

Biz İranın bu məsələyə dair dəstəyini alqışlayırıq və bu gün hörmətli Prezident Rəisi ilə söhbət əsnasında bir daha gördüm ki, İran bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin təmin edilməsi istiqamətində çox önəmli və dəyərli səylər göstərir.

Bölgənin inkişafı bölgədəki ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin edilməlidir. Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir. Biz Azərbaycan olaraq bütün ölkələrlə əlaqələri qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq və qarşılıqlı mənfəət əsasında qururuq və bundan sonra da quracağıq. Əgər kimsə - buradan minlərlə kilometr uzaqlıqda yerləşən ölkələrin rəhbərləri bu bölgədə hər hansı bir nəticə əldə etmək istəyirlərsə, bizimlə danışsınlar. Yersiz və lazımsız müdaxilə bu günə qədər heç bir səmərə verməyib və verməyəcək. Hesab edirəm ki, Ermənistan səhv addım atmamalıdır. Regional məsələlər region ölkələrinin bilavasitə iştirakı və iradəsi ilə həll olunmalıdır. Ermənistan uzun illər ərzində buradan uzaqlarda yerləşən ölkələrin himayəsinə, dəstəyinə bel bağlamışdır. Nəticə nə oldu? Nəticə onlar üçün o qədər də ürəkaçan olmamışdır. Yəni, növbəti səhv buraxmasın. Bölgədə yaşayan xalqlar burada tarixən yaşayıb. Bölgə dövlətləri güclü dövlətlərdir, müstəqil siyasət aparan dövlətlərdir. Heç bir kənar qüvvə bu günə qədər bu dövlətlərin iradəsinə təsir etməyib və etməyəcək. Ümid edirəm ki, Ermənistan düzgün siyasət apararaq regional əməkdaşlığa ziyan yox, töhfə verəcəkdir.

İran-Azərbaycan əlaqələrinin gələcək inkişafı da çox müsbətdir. Mən bu gün hörmətli Prezident Rəisini bu il Azərbaycanda keçiriləcək iqlim konfransına dəvət etmişəm. Hörmətli Prezident Rəisi məni İrana dəvət edib. Bu dəvətə görə təşəkkürümü bildirirəm. Əminəm, bizim bundan sonra da görüşlərimiz çox olacaq, son illər biz artıq beşinci dəfədir ki, görüşürük, amma sərhəddə ilk dəfədir. Bundan sonra da bu görüşlər olacaq. Bu görüşlərin həm mahiyyət üzrə çox böyük əhəmiyyəti var, həm də xalqlarımıza, bölgəyə və dünyaya ciddi mesajdır. İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır. Heç kim bizim aramıza girə bilməz. Bu səylər əbəsdir və biz bugünkü mərasimlə bunu bir daha sübut edirik.

Bir daha, əziz dostlar, bu gözəl hadisə münasibətilə - bu nəhəng qurğuların açılışı və istismara verilməsi münasibətilə sizi təbrik edirəm. İran və Azərbaycan xalqlarına daim rifah və tərəqqi arzulayıram. Sağ olun.

Prezident Seyid İbrahim Rəisinin çıxışı

- Allahın adı ilə.

Yerləri və aləmi yaradan Allaha şükür olsun. İmam Rza əleyhissalamın mövludu münasibətilə sizi təbrik edirəm. Əziz İran və Azərbaycan xalqlarına salamlarımı çatdırıram və hörmətimi bildirirəm. Ümid edirəm ki, İmam Rzanın mərhəmətindən və lütfündən yararlanarıq.

Çox mübarək bir gündür, çox bərəkətli günlərdir. “Xudafərin” və “Qız Qalası” bəndlərinin açılış mərasimidir. Çox önəmli və çox mübarək gündür. Azərbaycanda və İranda yaşayan əziz və dəyərli xalqlarımız üçün bu, çox yaddaqalan və tarixi bir gündür, xüsusilə də Şərqi Azərbaycan əyalətində, Ərdəbildə, Təbrizdə və sərhədyanı bölgələrdə yaşayan xalqlarımız üçün. Ümid edirəm ki, vətəndaşlarımız bu layihədən yararlanacaqlar.

Araz çayı hər zaman İran və Azərbaycan arasında, xalqlarımız arasında bir bağ olmuşdur. Xüsusilə də Şərqi Azərbaycan əyaləti, Azərbaycan və Ərdəbil arasında hər zaman bir bağ olmuşdur. Bu bağ 50 il əvvəl iki ölkə və iki xalq arasındakı əməkdaşlığın nəticəsində yaranmışdır və bu günə qədər də davam edir. İki milyard kubmetrə yaxın su tutumu olan “Xudafərin” bəndi fəaliyyətə başlayır və bundan hamımız yararlanacağıq. Eyni zamanda, vətəndaşlar üçün 40 mindən çox iş yeri yaradılır. Həmçinin əkin sahələri üçün və içməli su mənbəyidir. Bu, təbii ki, bölgədəki inkişafın bir simvoludur. Bu layihə, eyni zamanda, regionda iki ölkənin siyasi və əməkdaşlıq iradəsinin göstəricisidir. Bu layihə çox böyük önəm kəsb edir və təbii ki, iki ölkənin xalqları arasında çox böyük ümid, eyni zamanda, düşmənlər üçün isə qısqanclıq yaradır.

Biz təbii ki, qardaş, qonşu və dost ölkələrik. Xüsusilə Ali Dini Rəhbərin bildirdiyi kimi, İranın Azərbaycanla olan əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür. Bu, qohumluq əlaqəsidir. Bu əlaqə və bağ çox möhkəm, çox dərin bir bağdır. Bu bağ, bu əlaqə iki ölkənin dərin tarixi, mədəni və dini əlaqələrinə söykənir. Təbii ki, bu əlaqə bizim ölkələrin tarixə dayanan əlaqəsi olaraq xalqlarımızı bir-birinə birləşdirir. Bu əlaqə qəlblərdədir, qəlblərdən gəlir və sarsılmazdır. İki ölkə arasındakı əlaqə heç nədən asılı olmayaraq xələl görməyəcək və sarsılmayacaq. Bu əlaqələr gündən-günə daha da artacaq və daha da möhkəmlənəcək.

Azərbaycan Respublikasının cənab Prezidenti ilə görüşümdə bildirmişdim ki, regionda digər təmaslar çərçivəsində, bizim ikitərəfli görüşlərimizdə hər zaman iqtisadi-ticari və siyasi-mədəni sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulamışıq. Xüsusilə də təhlükəsizlik və müdafiə sahəsində də iki ölkə arasında əlaqələr artırılmalıdır. Bizim siyasi iradəmiz də bu yöndədir ki, əlaqələr daha da çoxalsın. Şükürlər olsun ki, iki ölkə arasında əlaqələrdə çox böyük potensial mövcuddur. İran İslam Respublikasının siyasi iradəsi, eyni zamanda, Ali Dini Rəhbərin iradəsi nəticəsində əlaqələrdə inkişaf çox olub. Təbii ki, bizə qoyulan sanksiyalar nəticəsində inkişafımızı ləngitməyə çalışdılar, amma bacarmadılar. Biz gənclərimizin sayəsində, onların elm və texnologiya sahəsində gördükləri işlər nəticəsində böyük inkişafa nail olmuşuq. Bildiyimiz kimi, bizim İran xalqı elm və texnologiya sahəsində çox güclü inkişaf etmiş ölkə yaratmışdır. Bununla bağlı mən cənab Prezident İlham Əliyevə bildirdim ki, İran İslam Respublikasının Azərbaycan Respublikası ilə əlaqələri inkişaf etdirmək üçün heç bir maneə yoxdur. Bizim əlaqələrimiz bütün sahələrdə ən yüksək səviyyədə olmalıdır.

Bu bənd İran İslam Respublikasının mühəndislik sahəsindəki bacarığını göstərir. Bu, əslində bizim mühəndislərin bacarıqları, eyni zamanda, İran İslam Respublikasının sahib olduğu texnologiyanın daha bir göstəricisidir.

Təbii ki, bizim mühəndislərin çalışqanlığı və savadı nəticəsində bu, İranı bəndlərin tikintisi sahəsində dünyanın ən əsas dörd ölkəsindən birinə çevirmişdir. Bu, həmçinin İranın qonşu ölkələrlə, xüsusilə də Azərbaycanla həmin sahədə və digər sahələrdə əlaqələrinin inkişafına səbəb olur, eyni zamanda, Qarabağda əməkdaşlıqla bağlı önəmlidir.

Fürsətdən istifadə edərək azərbaycanlı dostlarımızı da təbrik edirik ki, ölkənin suverenliyini və ərazi bütövlüyünü bərpa etmişlər. Biz Qarabağın Azərbaycanın ərazisi olduğunu səlis formada, tam açıq şəkildə bildirən ilk ölkələrdən biri olmuşuq. Bu bölgədə, Qarabağda dirçəliş proqramı əsasında əməkdaşlığımızı hər zaman göstərməyə hazır olduğumuzu bir daha bildirmək istəyirəm. Kəlalə-Ağbənd bölgəsində 140 kilometr uzunluğunda dəmir yolu və avtomobil yolunun üzərində tikilən körpülər də strateji layihələrdir. Bu layihəni biz çox sürətlə davam etdiririk. Buraya gələrkən mən oraya baş çəkdim. Orada altı istiqamətdə işlər çox intensiv şəkildə davam etdirilir. Mən əməkdaşlarıma və şəhərsalma nazirinə də təkidlə tapşırdım ki, biz bu layihəni vaxtından əvvəl - 36 aydan da tez bitirib istismara verməliyik. Çünki bu, iki ölkə arasındakı əlaqələrdə çox önəmli bir dəhlizdir.


Düşünürük ki, bu, bizim üçün çox önəmlidir. Biz təkcə iki ölkə arasındakı əlaqələrin inkişaf etməsini deyil, eyni zamanda, bölgədə və bölgəmizdən kənarda, beynəlxalq qurumlarda, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatında əməkdaşlığımızın daha da güclənməsini istəyirik. Təbii ki, biz çox istərdik, beynəlxalq təşkilatlarda əməkdaşlığı dərinləşdirək və bəzi xüsusi məsələlərdə, - buraya Fələstin məsələsi də daxildir, - həmrəylik göstərək. Biz Azərbaycan və İran xalqlarının Fələstin xalqını və Qəzza əhalisini daim dəstəkləməkdə tərəddüd etmir, sionist rejimə nifrət bəslədiklərinə şübhə etmirik. Əminik ki, İslam ölkələri arasında, İslam dünyasındakı problemlərin həlli yolunda əməkdaşlıq şübhəsiz çox böyük önəm kəsb edir. İki ölkə arasındakı əlaqələr regional əməkdaşlığa çevrilməli və təbii ki, beynəlxalq təşkilatlarda da davam etdirilməlidir.

Mən son olaraq bildirmək istəyirəm ki, ola bilər, iki ölkə arasındakı əlaqələrin inkişafı bəzi güclərin xoşuna gəlməsin. Amma əsas olan bizim maraqlarımızdır və iki ölkə arasındakı əlaqələr bizim üçün çox önəmlidir. Energetika, nəqliyyat, mədəniyyət, iqtisadiyyat, ticarət sahələrində əlaqələr ölkələrimizin xalqlarının mənafeyinə xidmət etməlidir. Bizim üçün ən vacib məsələ ölkələrimizin maraqlarıdır. Düşmənlər nə Azərbaycanın, nə də İranın inkişafını görmək istəmirlər. Düşünürük ki, Azərbaycanın inkişafı bizim də inkişafımızdır. İki ölkə arasındakı sərhəddə təhlükəsizliyə təhdid yaradan hər hansı məsələ bizim üçün də təhlükə yarada bilər. Biz çalışırıq ki, sərhədləri ümid sərhədinə çevirək. Çalışırıq ki, sərhədlər bizim üçün narahatlıq yaratmasın. Sərhəd bizim üçün fürsət və ümid yaratmalıdır. Biz çalışırıq ki, sərhədləri fürsətə çevirək. Xüsusilə də sərhədyanı bölgələrin vətəndaşları üçün iqtisadiyyat və ticarət sahələrində inkişaf baxımından ümidə çevirmək istəyirik.

Allahın izni ilə, İmam Rza xatirinə, biz bu gün iki böyük bəndin – “Xudafərin” və “Qız Qalası” bəndlərinin istismarı üçün buraya toplaşmışıq. Düşünürəm ki, Allah bizə kömək edər və vətəndaşlarımız bundan yararlanar, eyni zamanda, əməkdaşlığımız və dostluğumuz bundan sonra daha da güclənər.

Cənab Əliyev ilə bu görüş iki ölkə arasında sıfır nöqtəsində - sərhəddə keçirilir. Burada hörmətli nazirlərimiz, İran İslam Respublikasının ali dini rəhbərinin nümayəndəsi, həmçinin sərhədyanı rayonların valiləri də iştirak edirlər. Bu gün onlara səmimi-qəlbdən təşəkkür edirəm. Bu layihəni gerçəkləşdirdiklərinə və bugünkü tədbiri təşkil etdiklərinə görə onlara təşəkkür etmək istəyirəm. Çox sağ olun.

***

Mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

***

Bu dəqiqələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir.

Ordu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.





Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xudafərin   Qız-Qalası  


Bizi "telegram"da izləyin