Qərbi Azərbaycan Xronikası: “Qızıl Alma hədəfi və ona doğru gedən yol"

2024/05/1716056499.jpg
Oxunub: 246     22:04     18 May 2024    
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.

Ordu.az xəbər verir ki, “Qızıl Alma hədəfi və ona doğru gedən yol” adlı buraxılışda Loru mahalının, Barana (Noyemberyan) rayonunun Ləmbəli (Baqrataşen) kəndinin tarixi, xalçaçılığı, irsi araşdırılıb.

Tədqiqatçı alim, professor Cahangir Hacıyev Ləmbəli adının mənasından, burada toxunan xalçalarının üzərindəki təsvir və işarələrin gizli mənasından, oğuz türklərinin məskunlaşdığı Ləmbəli yurdunun tarixindən söz açır.

Bildirilir ki, Ləmbəlinin tarixi xalçanın üzərində gizli işarələrlə qeyd olunub. Xalça üzərindəki əjdaha ilə döyüşən türkün təsviri qəhrəmanlıq rəmzi olmaqla yanaşı, bir çox gerçəkliyi üzə çıxarır, erməni saxtakarlığını ifşa edir. Həmçinin, Qızıl Alma hədəfi və ona doğru gedən yolun təsviri, Çadırgülü naxışı da oğuz boyunun damğasıdır. “Üçgöllü-əjdahalı” xalçada türk tayfları və yerləşdikləri ərazilərin işarələri yer alır.

Ümumiyyətlə, “İrsimiz” layihəsinin məqsədi Qərbi Azərbaycanın mahal və kəndlərində itməkdə olan irsimizin qorunub saxlanılması, yaşadılması və təbliği kənd sakinləri, tarixçilər, etnoloqlar, etnoqraflar, folklorşünasların dəlil və söhbətləri ilə böyük türk izlərinin araşdırılmasıdır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş mayın 18-də 19:30-da Baku Tv-nin efirində, saat 21:30-da Youtube kanalında yayımlanıb.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qərbi-Azərbaycan-Xronikası  


Bizi "telegram"da izləyin