Zaxarovanın Almatı ilə bağlı açıqlaması Qaluzini təkzib edir, yoxsa hər şey “paketlənib”? – BAXIŞ BUCAĞI

2018/04/567567_1523532664.jpg
Oxunub: 353     18:23     17 May 2024    
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova mayın 15-də bildirib ki, Moskva Almatıdakı görüşü alqışlayır, Almatıdakı təmaslar Rusiya, Ermənistan və Azərbaycan rəhbərlərinin üçtərəfli razılaşmalarına əsasən gedir.

Bu bəyanat xüsusilə Almatıda baş tutan xarici işlər nazirlərinin görüşü halını Fransa XİN-in də iki gün əvvəl yaydığı bəyanatla alqışladığı fonda kifayət qədər diqqətəlayiqdir. Belə çıxır ki, Paris də üçtərəfli bəyanat xətti üzrə davam edən danışıqları alqışlayır? Çətin ki, məzmunu bilmədən sadəcə olaraq növbəti alqışlamadan söhbət getsin. Bu cür alqışlamalar növbətçilik və ya nəzakət prinsipi ilə verilmir.

Digər tərəfdən, Rusiya XİN-in sözçüsünə Almatı danışıqlarının hansı məcrada getdiyi barədə kim məlumat verib? Qazaxıstan, Azərbaycan, yoxsa Ermənistan tərəfi bu barədə Moskvaya məlumat verib? Almatı görüşündən sonra bu səviyyədə hər hansı bir Ermənistan-Rusiya təması məlum deyil. Eyni zamanda sanki Zaxarova ilə həmin idarənin rəhbər heyətinin nümayəndəsi, nazir müavini Qaluzinin açıqlamaları arasında nəzərəçarpacaq ziddiyyət var.

Qaluzin müsahibəsində qeyd edib ki, İrəvan Qərbin təzyiqi ilə Baş nazir müavinləri səviyyəsində üçtərəfli işçi qrupundakı fəaliyyətini dondurub. Söhbət Şahin Mustafayev, Aleksey Overçuk və Mher Qriqoryanın rəhbərlik etdiyi, 11 yanvar 2021-ci il tarixli Moskva üçtərəfli sazişinə əsasən yaradılan və kommunikasiyaların blokdan çıxarılması məsələləri ilə məşğul olan işçi qrupundan gedir.

Maraqlıdır, İrəvan üçtərəfli işçi qrupun fəaliyyəti ilə bağlı vəziyyəti dondurur, Almatıda isə üçtərəfli danışıqlarda iştirak edir. Belə çıxır ki, Almatı danışıqları kommunikasiyaların blokdan çıxarılması deyil, başqa bir şey haqqındadır?

Bəlkə, bütün məsələlər paket halına salınıb?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zaxarova   Almatı   Qaluzin   Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin