Qırıcı bombardmançı, yoxsa komanda-idarəetmə təyyarəsi?| Milli Döyüş Təyyarəsi “Kaan”ın Xüsusiyyətləri – FOTOLAR

2024/05/KAAN--1715924234.jpg
Oxunub: 793     20:35     25 May 2024    
Türkiyənin milli döyüş təyyarəsi “Kaan” “Türk Havacılık ve Uzay Sanayii A.Ş.” (TUSAŞ) tərəfindən həyata keçirilən layihə çərçivəsində istehsal edilən 5-ci nəsil döyüş təyyarəsidir.

“Kaan” ilə yaxından tanış olaq!

Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) inventarından 2030-cu illərdən etibarən mərhələli şəkildə çıxardılması düşünülən F-16 təyyarələrini əvəz edə biləcək, daxili imkan və qabiliyyiyyətlərlə dizayn edilən və inkişaf etdirilən bir döyüş təyyarəsinin istehsal edilməsi və bu təyyarəni dizayn edib inkişaf etdirə biləcək insan qüvvəsi və infrastrukturun yaradılması məqsədilə başladılan “Kaan” İnkişaf Etdirilməsi Layihəsində TUSAŞ əsas podratçı mövqeyindədir.

Layihədə yeni nəsil bir təyyarədə olması lazım olan aşağı radara görünmə qabiliyyəti, daxili silah yuvası, yüksək manevr qabiliyyəti, artırılmış situasiya məlumatlılığı və sensor birləşməsi kimi texnologiya sahələrində qazanılacaq qabiliyyətlərlə Türkiyə ABŞ, Rusiya, Çin və s. kimi 5-ci nəsil döyüş təyyarəsi istehsal edəcək infrastruktura və texnologiyaya malik olan məhdud sayda dünya ölkələri arasında öz yerini tutub.


“Kaan”ın texniki xüsusiyyətləri

5-ci nəsil çoxməqsədli döyüş təyyarəsi olan “Kaan” həm “hava-hava”, həm də “yer-yer” döyüşünün tələbləri üçün üstün imkanlar təqdim edir. TUSAŞ-ın güclü və çevik platforması olan “Kaan” ağıllı və güclü döyüş qabiliyyəti ilə tam döyüşçü rolunda qarşımıza çıxır. “Kaan” bu üstün hava üstünlüyünü yeni silahlarla artırılmış “hava-hava” döyüş mənzili, yüksək/supersəs sürətində daxili silah yuvalarından həssas və tam vuruş qabiliyyəti, Sünki Zəka (SZ) və neyron şəbəkə dəstəyi ilə artırılmış döyüş gücü ilə təmin edir.

“Kaan”ın kokpiti insansız döyüş vasitələrinə, Pilotsuz Uçuş Aparatlarına (PUA) və zərbə PUA-larına da əmr verəcək şəkildə dizayn edildiyindən bu yönü ilə sadəcə bir qırıcı bombardmançı təyyarə deyil, eyni zamanda komanda-idarəetmə təyyarəsi olaraq da dəyərləndirilə bilər. Türkiyənin ilk yerli, milli döyüş təyyarəsi olan və pilotsuz döyüşlərdə də iştirak edə biləcək “Kaan” super səyahət, yüksək manevr qabiliyyəti, aşağı radar görünmə qabiliyyəti, inkişaf etdirilməyə açıq avionik arxitektura, artırılmış situasiya məlumatlılığı, dəqiq hədəfləmə və qarşılıqlı fəaliyyət kimi imkanlarla 5-ci nəsil döyüş təyyarələrinin bütün qabiliyyətlərinə sahibdir.

2023-cü ilin yanvarında keçirilən mətbuat konfransında MMU “Kaan” layihəsi çərçivəsində təyyarənin konstruksiyasının ön kokpit, orta gövdə, qanadlar və quyruq olmaqla, dörd əsas bölmə üzərində qurulduğu açıqlanıb. Təyyarənin ön kokpit hissəsində yüksək davamlılıq və yüngüllük təmin edən 7050 və 77450 seriyalı alüminium ərintilərindən istifadə edilib.

Orta gövdə hissəsində struktur bütövlüyünü və davamlılığını artırmaq üçün titan istehsalına üstünlük verilib. Bundan əlavə, yüngüllük və aerodinamik səmərəliliyi təmin etmək üçün təyyarənin xarici örtük materialları və hava girişləri kompozit materiallardan hazırlanır. Bu material seçimləri təyyarənin performansını optimallaşdırarkən, çəkiyə qənaət etməyi hədəfləyir və təyyarənin müxtəlif əməliyyat ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutulub.


MMU “Kaan” layihəsi əhəmiyyətli ölçüləri və performans xüsusiyyətləri ilə diqqəti cəlb edir. Uzunluğu 21 metr (69 fut), hündürlüyü 6 metr (20 fut) və qanad genişliyi 14 metr (46 fut) olan bu təyyarə iki “General Electric” F110-GE-129 “afterburner” (əlavə yanma, xüsusən uçuş və qalxma zamanı reaktiv təyyarələrdə sürətlənməni artırmaq və ya səs sürətini aşmaq üçün istifadə olunan bir hərəkət sistemidir – red.) turbofan mühərriki ilə təchiz edilib.

Bu mühərriklər “afterburner” olmadan 17,155 funt-güc (76 kN) və “afterburner” ilə 29,400 funt-güc (131 kN) itələmə gücü ilə təmin edir. Bu mühərriklər hazırda F-16-larda istifadə olunur. Mühərrikin təyyarəyə inteqrasiyası üçün tələb olunan 7 metr uzunluğunda gücləndirilmiş titan hissənin istehsalı üçün üçölçülü titan çap texnologiyasından istifadə olunacaq. Bu mühərriklər ilk istehsal mərhələsində istifadə olunsa da, gələcəkdə “Rolls-Royce” ilə əməkdaşlıqda 35 min funt-gücündəki mühərriklərdən istifadə edilməsi planlaşdırılır. F110-dan daha böyük olan yerli mühərrikin inkişaf etdirmə fəaliyyətlərinin davam etdiyi də açıqlanıb.

Bu hava vasitəsinin maksimal sürəti 1,8 “Mach” (2,210 km/saat; 1,190 kn), xidmət tavanı 55,000 fut (17,000 m) və G limiti +9g/-3,5g-dir. Avionika baxımından ASELSAN tərəfindən inkişaf etdirilən qabaqcıl sistemlərlə təchiz edilib: ASELSAN AESA Radarı və İnteqrasiya Edilmiş RF Sistemi (BÜRFİS), Sintetik Diapazonlu Radar (SAR), İnfraqırmızı axtarış və izləmə sensoru (IRST) sistemi “Karat”, Elektro-optik hədəfləmə sistemi (EOTS) “Toygun”, Yönləndirilmiş İnfraqırmızı Əks Tədbir Sistemi (DIRCM) “Yıldırım-300” və Uçuş İdarəetmə Sistemi Sensorları (UKSS).

Bundan əlavə, pilotların situasiya məlumatlılığını artırmaq üçün ASELSAN Dəbilqəyə Quraşdırılmış Ekran Sistemi (Tulgar) inteqrasiya olunub. Bu texnoloji inteqrasiyalar MMU “Kaan”ı son dərəcə bacarıqlı və çoxyönlü hava vasitəsi edir.


“Kaan” Layihəsindən Təfərrüatlar

“Kaan” Layihəsi Türkiyəni döyüş təyyarələri istehsal edə bilən ölkələr arasında zirvəyə çıxarmaqla yanaşı, bu sahədə dəstəkləyəcəyi alt sənaye ilə də ölkəyə iqtisadi əlavə dəyər və əhəmiyyətli ticari üstünlüklər təmin edəcək. Bəzi texniki detalları paylaşmaq lazımdırsa, aşağıdakılar qeyd olunmalıdır:

- Layihənin əvvəlində MMU “Kaan”da işləyən personalın sayı təxminən 27 nəfər idi. Hazırda layihədə 1832 nəfər tam iş günü işləyir.

- Alt Sistem tədarükü və xidmət alışında ASELSAN, TÜBİTAK BİLGEM, TÜBİTAK MAM, TÜBİTAK SAGE, ROKETSAN, MASTER DEFENCE, PAVOTEK, ASPİLSAN, TASECS, UDEA, TAAC, STG, TrMOTOR, VOLT, VOLO, ANDAR, EMGE, ANOVA, HAVELSAN, STM şirkətləri başda olmaqla, ümumilikdə 20-dən çox Türkiyə şirkəti missiya yerinə yetirir.

- TUSAŞ-dan başqa, istehsalda 100-dən çox Türkiyənin köməkçi sənaye şirkəti iştirak edir.

Türk aviasiyasının qürur günü: “Kaan”ın ilk uçuşu

TUSAŞ tərəfindən hazırlanan Milli Döyüş Təyyarəsi “Kaan” ilk uçuşunu 2024-cü il fevralın 21-də səhər saatlarında Ankarada edib. İlk uçuşunda cəmi 13 dəqiqə havada qalan “Kaan” uçuşunu 8000 fut yüksəklikdə yerinə yetirərək, 230 düyün sürətə çatdı.

“Kaan”ın katapult oturacağı sınaqları, tam uzunluqlu statik sınaqlar, idarəetmə səthlərinin ətalət və statik sınaqları, eniş dəsti açma sınaqları, sistem inteqrasiyası laboratoriyasında avionik sistem sınaqları, yanacaq sınaqlarından sonra mühərrikin işə salınması sınaqları həyata keçirilib. Bu çərçivədə müvafiq sınaqlar 2023-cü ilin sonuna doğru tamamlandı. “Kaan”ın yüksək sürətli taksi sınaqlarından sonra ilk uçuşu təsdiqləndi və Türkiyə aviasiya tarixinin qürur günü olaraq qeyd edilən ilk uçuşla layihə yeni mərhələyə keçdi.


Milli Döyüş Təyyarəsi “Kaan” ikinci uçuşunu 2024-cü il mayın 6-da uğurla başa vurdu. Türkiyə Müdafiə Sənayesi Komitəsi (MSK) milli döyüş təyyarəsi “Kaan”ın ikinci uçuşunda 14 dəqiqə havada qaldığını və 10.000 fut yüksəklikdə 230 düyün sürətə çatdığını bildirib.

Türkiyə MSK sədri Haluk Görgün verdiyi açıqlamalarda bildirib: “Pilotlu döyüş təyyarəmiz bu gün ikinci uçuşunu həyata keçirdi, ilk uçuşunu fevralın 21-də tamamlamışdı. İlk uçuşda o, əvvəlcədən planlaşdırılan uçuşu uğurla başa vurdu. Bu gün həmin ilk uçuşdan sonra əldə edilən məlumatlar qiymətləndirildikdən və təhlil edildikdən sonra ikinci uçuşa hazırlıq tamamlandı və bu səhər ikinci uçuşumuzu həyata keçirdik. Yenə də ilk uçuş kimi çox uğurlu bir uçuş oldu. Bu uçuşla bağlı alınan məlumatlar bütün komanda tərəfindən qiymətləndiriləcək və sonrakı uçuşlar üçün hazırlıqlar davam etdiriləcək”.

“Kaan” demək olar 100% yerlidir”

TUSAŞ baş direktoru Temel Kotil 2024-cü il mayın 12-də verdiyi açıqlamada qeyd edib: “MMU “Kaan” demək olar 100 faiz yerlidir. Yerli şirkətlər mühərrik və katapult oturacağından başqa hər şeyi etdi”.

Açıqlamalarına davam edən Kotil sözlərini belə tamamlayıb: “Kanopi istehsal edən şirkət bunu ilk dəfədir edir və heç bir təcrübəsi yoxdur. Eniş dəstini hazırlayan şirkət bunu ilk dəfə edib və heç bir təcrübəsi yoxdur. İlk dəfədir ki, şirkətlərimizdən biri 125 kVt-lıq generatorlarla təcrübə keçir. Amma onlar da yatmadılar, başlarını divarlara çox vurdular. Bütün bu texnoloji işləri görmək bizi yalnız bir yerə qədər aparacaq, amma əsl əhəmiyyət kəsb edən bunu davam etdirəcək gənc dostlardır. Yalnız bu yolla biz uzunmüddətli varlığımızı davam etdirə bilərik”.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Kaan   TUSAŞ  


Bizi "telegram"da izləyin