“Hərbi pilotluq peşə deyil, həyat tərzidir”| TSQ-nin “uçan qalaları” təcrübəli pilotlarla etibarlı əllərdədir (FOTOLAR)

2024/05/chino-17158394900.jpg
Oxunub: 557     11:38     22 May 2024    
Türkiyənin Quru Aviasiya Komandanlığının tərkibində xidmət edən pilotlar “uçan qala” olaraq adlandırılan 10 tonluq CH-47 “Chinook” yük helikopterlərini səmaya qaldırırlar.

Türkiyənin Ordu Aviasiya Komandanlığı inventarında olan CH-47 “Chinook”, “Sikorsky”, “Cougar”, “Atak” və UH-1 kimi çoxməqsədli helikopterlərlə Türkiyə Silahlı Qüvvələrinin sahədə təsirli və çəkindirici gücünü artırmağa davam edir.


Komandanlığın tərkibində olan pilotlar geniş təlimlər keçirlər. Əməliyyat vəzifələri ilə yanaşı, fəlakət kimi vəziyyətlərdə də aktiv bir şəkildə sahədə yer alan pilotlar zəruri hallarda orqan çatdırılması fəaliyyətini də icra edirlər.


Aktiv vəzifələri ilə yanaşı təlimlərini də fasiləsiz davam etdirən pilotlar normal uçuşlarla yanaşı, yüksək texnoloji imkan və qabiliyyətlər təqdim edən uçuş simulyatorları ilə hər an döyüşə hazır şəkildə vəzifələrini davam etdirirlər.


“20 ildir aktiv pilot kimi xidmət edirəm”

CH-47 Yük Helikopteri Tabor Komandanlığında xidmət edən pilot mayor 2004-cü ildə Quru Hərbi Akademiyasını quru pilotu leytenantı kimi bitirdiyini bildirərək deyib:

“Daha sonra Ankara Güvercinlikdəki Ordu Aviasiya Məktəbi Komandanlığında 1 illik çətin pilot təhsilimi tamamladım. Bu çətin təlimdən sonra 2005-ci ildə Malatya 2-ci Quru Aviasiya Alay Komandanlığında pilot leytenant kimi vəzifəmə başladım. Hal-hazırda müxtəlif birlik, qurum və heyətlərdə 20 ildir aktiv pilot kimi xidmət edirəm. 2023-cü ildən Ankara CH-47 Yük Helikopteri Tabor Komandanlığında aktiv xidmətdəyəm”.


Pilot mayor pilotların Ordu Aviasiya Komandanlığı daxilində bir günlük işini və uçuşa hazırlıq mərhələlərini izah edib.

Mayor bildirib ki, uçuşu həyata keçirəcək pilotlar vəzifə yerinə yetirməzdən əvvəl uçuş öncəsi brifinq keçirərək, orada müvafiq tapşırıqla bağlı uçuş məlumatlarını, uçuşla bağlı təhlükəsizlik məsələlərini və uçuş zamanı baş verəcək digər fəaliyyətləri müəyyənləşdirirlər. O, uçuş başa çatdıqdan sonra qiymətləndirmə toplantısının keçirildiyini deyib.


Pilot mayor qeyd edib ki, uçuşu olmayan pilotlar həmin gün “nəzəri təlim” adlanan, yerüstü dərs və hərbi mövzuları əhatə edən brifinqləri tamamlayır və idman fəaliyyətlərini yerinə yetirirlər. Mayor 26 aprelin Türkiyə üçün çox əhəmiyyətli bir tarix olduğuna diqqət çəkərək deyib: “1912-ci il aprelin 26-da Türkiyənin 1 nömrəli pilot lisenziyasının sahibi kapitan Mehmet Fesa Evrensev Türkiyə səmasında ilk uçuşunu etdi. 2013-cü ildə Türk Hava Yolları Pilotları Dərnəyi aprelin 26-nı bu tarixə həsr olunmuş “Dünya Pilotlar Günü” elan edib. Bu tarix yalnız Türkiyə pilotlarını əhatə edərkən, cəmi 1 il sonra bütün dünyada tanındı və Dünya Pilotlar Günü elan edildi”.


“Terrorla mübarizə ilə yanaşı, bir çox uçuş tapşırıqlarını da yerinə yetirdim”

Türkiyənin Ordu Aviasiya Komandanlığında CH-47 yük helikopteri pilotu olaraq mayor rütbəsində xidmət edən digər bir pilot isə 2005-ci ildə quru pilotu leytenantı rütbəsi ilə məzun olduğunu, daha sonra Ordu Aviasiya Məktəbi Komandanlığında AB-206 və UH-1 tipli təkmühərrikli helikopterlərlə pilot təhsilini tamamladığını bildirib.


Pilot mayor təlimlərinin xidmət müddəti boyunca davam etdiyini qeyd edib: “Uçuş təcrübəm artdıqca 2009-cu ildə S-70 “Sikorsky” ümumi məqsədli helikopterinə, 2019-cu ildə isə CH-47 yük helikopterinə uyğunlaşdım. Bu çərçivədə, xüsusilə antiterror əməliyyatı bölgəsində axtarış-xilasetmə, sel və yanğın kimi bir çox uçuş missiyalarında iştirak etdim”.

Mayor inventarda olan təyyarələr arasında ən çox yük daşıma qabiliyyətinə malik helikopterin CH-47 olduğunu ifadə edib: “CH-47 helikopterlərinin inventarımıza daxil olması ilə personal və materialları hava ilə daşımaq imkanımız əhəmiyyətli dərəcədə artdı. 11 vilayətdə baş verən faciəvi zəlzələ zamanı vətəndaşlarımıza kömək etmək üçün bir çox tapşırıqlar, xüsusən də antiterror əməliyyatı zonasında əməliyyat vəzifələri yerinə yetirdim”.


“Hərbi pilotluq peşə deyil, həyat tərzidir”

Əməliyyat fəaliyyətləri ilə yanaşı müxtəlif sahələrdə də iştirak etdiklərini deyən mayor ölkənin ağciyəri olan meşələrdə baş verən yanğınlarda fəal iştirak etdiklərini bildirib. Pilot mayor onun kimi helikopter pilotu olmaq istəyən gənclərə arzularının ardınca getməyi tövsiyə edib və deyib: “Gənclərimiz ilk növbədə unutmasınlar ki, hərbi pilotluq peşə deyil, həyat tərzidir. Bunu bilməlidirlər”.

Mayor helikopter pilotları üçün ruhi və fiziki sağlamlığın ən vacib elementlər olduğuna diqqət çəkib: “Əbədi Baş Komandanımız, Ulu Öndərimiz Qazi Mustafa Kamal Atatürkün “Gələcək səmalardadır və səmasını qoruya bilməyən millətlər sabahlarından heç vaxt əmin ola bilməzlər” kəlamını əsas götürərək, gənclərimiz əzmlə çalışmalı, əqli və fiziki cəhətdən sağlam həyat tərzi seçməlidirlər”.

Mayor pilot olmaq arzusunun doğulub boya-başa çatdığı Balıkəsirdə başladığını, pilot olmaq istəyinin isə şəhərdəki parkdan havaya qalxan təyyarələrin səsləri ilə onda yarandığını bildirib: “Deyə bilərəm ki, parkın girişindəki lövhədə yazılan “reaktiv səsi azadlığın səsidir” sözləri bu peşəyə aşiq olmağımda ən əsas amil oldu”.


Türkiyə Silahlı Qüvvələrinin “uçan qalası” CH-47 “Chinook” yük helikopterləri

Təxminən 8 ton yük daşıya bilən iki mühərrikli, iki rotorlu helikopterdə 4800 at gücündə iki mühərrik var. Maksimum sürəti saatda 315 kilometr olan helikopter öz yanacaq çənləri ilə havada 2 saat 15 dəqiqə qala bilir. Yenidən doldurulan daxili yanacaq çənləri ilə helikopterlərin mənzili 1100 kilometrə qədər artırıla bilər. Avtomatik uçuş idarəetmə sistemi sayəsində helikopter hətta sıfır görünmə şəraitində də uçuş təhlükəsizliyini maksimum dərəcədə artıra bilir.

Helikopter oturacaq yerləri ilə tam təchiz olunmuş 33 hərbi qulluqçu və ya xərəklə 24 yaralı daşımaq qabiliyyətinə malikdir. CH-47-lər orta ümumi məqsədli helikopterlərlə daşına bilməyən hər cür ağır material, silah və sursatı daşıya bilir, hava hücumu və eniş əməliyyatlarında iştirak edə bilir və yüksək daşıma qabiliyyəti ilə təbii fəlakətlər zamanı bir çox insanı xilas edə biləcək xüsusiyyətlərə malikdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   CH-47-   Chinook  


Bizi "telegram"da izləyin