Türkiyə PUA-larının “yerli” gözü: Milyard dollarlıq məsələ

2024/05/aself-6863355964.jpg
Oxunub: 2710     11:26     21 May 2024    
Dünyada tez-tez adı çəkilən Türkiyə istehsalı Pilotsuz Uçuş Aparatlarında (PUA) səhnə yerli/milli imkanlarla inkişaf etdirilən elektro-optik sistemlərindir... Embarqo səbəbilə öz göbəyini kəsən və rəqiblərindən çox daha yaxşı sistem təqdim edən Türkiyə nəinki problemi həll etdi, həm də milyardlarla dollarlıq büdcənin ölkə daxilində qalmasını təmin etdi.

Türkiyənin son illərdə ən təsirli olduğu sahələrdən biri də, şübhəsiz, müdafiə sənayesidir... Sektordakı inkişaflar əsasən hərbi-siyasi təsirlər baxımından müzakirə olunsa da, sikkənin iqtisadi ölçüsü də son dərəcə dəyərlidir.

Bu günlərdə tez-tez eşitdiyimiz “zərbə PUA-ları üçün yerli kamera” başlıqlı xəbərlər də oxşar təsir bağışlayır. Əslində qeyd olunan sistemlər zərbə PUA-larının çox uzaq məsafədən və yüksək hündürlükdən hədəfləri aşkarlamağa, müəyyən etməyə və izləməyə imkan verən elektro-optik qabiliyyətləridir. Türkiyənin uzun illər Kanadadan bu sistemləri alması, sonrakı embarqolar və son nəticədə bu məhsulların yerli/milli olaraq ortaya qoyulması prosesin bütün aspektləridir.

Ancaq məsələnin iqtisadi tərəfi də var. Çünki qeyd olunan sistemlər böyük miqdarda ehtiyac duyduğunuz və ümumilikdə çox pul ödədiyiniz məhsullardır. Müdafiə sənayesi araşdırmaçısı Anıl Şahinin sözlərinə görə, təxminən 1 milyard dollarlıq böyük bir büdcə var.


Zərbə PUA-sı sifariş xətti tam doludur

Açıq mənbələrdə əks olunan məlumatlara əsasən Türkiyənin indiyədək 800-ə yaxın zərbə PUA-sı istehsal etdiyi barədə məlumatı paylaşan Şahin lazım olan elektro-optik sistemlərin əsasən Kanadadan alındığını söyləyir.

O qeyd edir: “Tutaq ki, istehsal olunan 800-ə yaxın zərbə PUA-sı üçün 600 elektro-optik sistem tədarük edilib... Bu, təxminən 700-800 milyon dollar büdcəyə uyğundur”. Daha sonra müdafiə sənayesi araşdırmaçısı Türkiyənin zərbə PUA-sı istehsal xətlərinin və sifariş kitabının tam dolduğunu, sözügedən büdcə həcminin təbii olaraq milyard dollar səviyyəsinə yüksələcəyini qeyd edir.

Bu nöqtədə ASELSAN imzalı ASELFLIR-500 ən yaxın rəqibi olan kanadalı həmkarından təxminən 30 faiz daha yaxşı performans göstərdiyinə görə seçilir. Şahin bu məqama da toxunur və elektro-optik sistemlərə ayrılan büdcənin böyük bir hissəsinin Türkiyədə qalacağını vurğulayır.


Son dərəcə yüksək əlavə dəyəri olan məhsullar

Elektro-optik sistemlərin yerli istehsal olması vacibdir. Bununla belə, nəzərdən qaçırılmaması lazım olan başqa bir məqam ixrac ölçüsüdür. Türkiyə istehsalı olan zərbə PUA-ları Avropadan Afrikaya, Cənubi Amerikadan Orta Asiyaya qədər dünyanın hər yerində bayraq göstərir.

Bu məhsullar Ankaranın önəm verdiyi məsələlərdən biri olan “yüksək əlavə dəyərə malik ixracat” məsələsinin mərkəzində dayanır. Zərbə PUA-larının kiloqram başı ixrac dəyərinin 10 min dollardan çox olduğu bildirilir. Anıl Şahin deyir ki, yerli imkanlarla istehsal olunan elektro-optik sistemlərə də bu prizmadan baxmaq lazımdır.

Kanada vasitəsilə irəliləyiş əldə olunsa da, Türkiyə əslində bu sahədə digər ölkələrlə şiddətli rəqabət aparır. Kanadadan başqa ABŞ-nin “Teledyne FLIR”, Almaniyanın “Hensoldt” və İtaliyanın “Leonardo” şirkətləri kimi şirkətlər elektro-optik sistemlər sahəsində mühüm məhsullar hazırlayan şirkətlərdir.

Anıl Şahin bildirir: “Bir müddət “Teledyne” və “Hensoldt” şirkətlərinin məhsullarını da aldıq. Bu məhsullardan həm özümüz istifadə edirdik, həm də xaricə ixrac edirdik. Ancaq bu ölkələrdən embarqolara məruz qaldığımız vaxtlar oldu”.


“Daha yaxşısı yoldadır”

Şahin bu məqamda Türkiyənin ən mühüm pilotsuz uçuş platformalarında xarici elektro-optik kameraların dövrünün bitdiyini vurğulayır və sözlərini belə yekunlaşdırır:

“ASELFLIR-500 ilə “Bayraktar TB2”, “Anka”, “Aksungur” və “Bayraktar TB3” kimi platformalar üçün xarici elektro-optik kameraların dövrü bitdi. ASELFLIR-500 “Akıncı” zərbə PUA-sında da istifadə olunur. Bununla belə, digər tərəfdən, Türkiyə ASELFLIR-600 kimi elektro-optik sistemlərin inkişafı istiqamətində fəaliyyətini davam etdirir. Təcili ehtiyaclarımızı ASELFLIR-500 ilə qarşılayacağımız halda, sonrakı məhsullarla “lüks” ehtiyaclarımızı da qarşılayacağıq.

Bundan əlavə, “Kızılelma” və “Anka-3” kimi platformalar üçün milyonlarla dollara başa gələn daha çox xüsusi elektro-optik sistemlər hazırlanır. Bunlardan bəziləri Milli Döyüş Təyyarəsi “Kaan”da da istifadə olunacaq. Xülasə, ASELFLIR-500 dönüş nöqtəsi oldu. Yetkinliyimizi sübut etdik. Və embarqonu tətbiq edən ölkələr də bu nöqtədə geri addım atdılar.

İndi Türkiyə də istehsal etdiyi və ixrac etdiyi sistemlərlə bir vaxtlar dünyada çox geniş satış şəbəkəsinə çatan rəqib ölkələrin bazar payını almağa çalışacaq. Və düşünürəm ki, qarşıdakı dövrdə üzümüzü güldürən ixrac xəbərlərini daha tez-tez eşidəcəyik”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   PUA  


Bizi "telegram"da izləyin