Bəs Türkiyə sualtı qayıqları Litium-İon batareyaları ilə gücləndirilsə necə? – ARAŞDIRMA (FOTOLAR)

2024/05/tcg-g-1715667388.jpg
Oxunub: 854     14:21     12 Avqust 2024    
Yaponiyadan sonra Cənubi Koreya və indi də Niderland Litium-İon Texnologiyasına keçdi. Türkiyədə “ASPİLSAN Enerji” tərəfindən 1,5 milyard lirə sərmayə ilə qurulan Avropanın ilk və tək silindrik litium-ion batareya istehsal müəssisəsi var. “ASPİLSAN Enerji”nin “Gölcük” Gəmiqayırma Zavodu Komandanlığı, “Hanwha” və “Samsung” ilə ortaq bir layihə həyata keçirməsinin mümkün olacağı düşünülə bilər.

2024-cü il aprelin 20-də mətbuatda Cənubi Koreyanın Ankaradakı səfiri Çon Yondunun müsahibəsi dərc olundu. Səfir Türkiyə-Cənubi Koreya müdafiə sənayesi əlaqələri ilə bağlı qeyd edib:

“Düşünürəm ki, Türkiyə pilotsuz uçuş aparatları, insansız dəniz platformaları, ən müasir döyüş təyyarələri kimi müdafiə inkişaf etdirmə sahəsində əhəmiyyətli uğurlar əldə etdiyi üçün gələcəkdə iki ölkə arasında yeni müdafiə əməkdaşlıq imkanları mümkün ola bilər. Bir Koreya şirkəti Türkiyə ilə 101 ədəd “Altay” tankının güc paketinin və əsas hissələrinin tədarükü üçün müqavilə imzalayıb. Bu müqavilə iki ölkə arasında müdafiə sənayesi sahəsində uğurlu əməkdaşlıq modeli kimi tanınır. Prezident Rəcəb Tayyib Ərdoğana etimadnaməmi çatdıranda o da bu məsələni qeyd etdi”.


Bu müsahibəni oxuyanda ağlıma bir neçə həftə əvvəl sizlərlə paylaşdığım “Dünyada Dəyişən Balanslar, Niderland Sualtı Qayıq Tenderi və Türkiyə Sualtı Qayıq Sənayesi Baxımından Önəmi” başlıqlı məqaləmdə vurğuladığım Litium-İon Batareya texnologiyası gəldi. Bu məqalədə fransızların Niderland tərəfindən qəbul edilən sualtı qayıq təkliflərində daha öncə “Scorpene” sualtı qayıq dizaynları üçün inkişaf etdirdyi MESMA texnologiyasına yer vermədiyi və havadan asılı olmayan hərəkət sistemi texnologiyası yerinə Litium-İon Batareya texnologiyasına üstünlük verdiyinin üzərində durmuşdum.

Bu məqalədə diqqət çəkmək istədiyim aşağıdakı hissəni mövzu ilə əlaqəli olduğuna görə aşağıda yenidən paylaşıram:


“Litium-İon batareyaları sualtı qayıq batareya yuvasına qurğuşun-turşu batareyalarından daha çox həcmdə yaxşı yerləşdirilə bilər və çəki başına daha çox enerji saxlaya bilir. Daha yüksək cərəyanlarla doldurula bilmələri onların qısa müddətdə doldurulmasına imkan verir və qurğuşun-turşu batareyaları 80%-dən çox boşaldıla bilməsələr də, ümumiyyətlə 50% boşalmada istifadə olunsalar da, Litium-İon batareyaları 100% təkrar doldurula bilən və uzun ömürlü olması ilə qurğuşun-turşu batareyaları ilə müqayisədə əhəmiyyətli bir üstünlük təqdim edir.

Bu, sualtı qayığın şnorkel etdiyi vaxtının ümumi səyahət müddətinə nisbəti olaraq hesablanan “indiscretion rate” baxımından çox əhəmiyyətli bir üstünlük təmin edir.

(Litium-İon batareyalarının doldurulma vəziyyəti qurğuşun-turşu batareyalarından daha dəqiq izlənilə bilər və qurğuşun-turşu batareyalarında 40 dərəcədən yuxarı əyilmə/kəsmə bucaqları olduqda, turşunun daşması ehtimalı baş verə bilər.)


Litium-İon sualtı qayıqlarda xüsusilə dəniz suyu ilə təmasda ciddi təhlükə yaratdığı və yanğının söndürülməsi çox çətin olduğu üçün yaxın vaxtlara qədər üstünlük verilmirdi. Yaponlar ilk dəfə “Oryu”, daha sonra “Toryu” sualtı qayıqlarında AIP texnologiyasından imtina etdilər və inkişaf etdirdikləri texnologiya ilə “Lithium Ion” batareyasını sualtı qayıqlarda istifadəyə uyğun hala gətirərək, bu mövzuda öncül oldular. Cənubi Koreya da bu tip batareyadan yeni inkişaf etdirdikləri 3000 tonluq “Dosan Ahn Chango” sinif sualtı qayıqlarında istifadə edəcəklərini açıqladı.

Soyuq müharibənin sona çatması ilə ortadan qalxan Rusiya sualtı qayıq təhlükəsi 2014-cü ildə Krım böhranı ilə başlayaraq, Avropada yenidən hiss olundu. Lakin zaman keçdikcə İsveç və Niderland kimi oyunçuların sualtı qayıq sənayeləri zəiflədi. Niderland “Walrus” sinfindən etibarən 30 ildir ki, sualtı qayıqlar inşa etmir və bu baxımdan öz səlahiyyətlərini itirib.


Nəticədə “Walrus” sinfini əvəz edəcək “Orca” Sinfi Layihəsi sürətləndirildi və Fransa Almaniya ilə İsveçi məğlub edərək, 5,6 milyard avroluq Niderland layihəsini qazandı. Şərh edə bilərik ki, Niderlandın Fransanı seçməsi siyasi seçim deyil, tamamilə texnologiyaya və onun transferinə əsaslanır. Fransız sualtı qayığı AIP sisteminə malik olmayan Litium-İon batareyalı adi sualtı qayıqdır. Yaponiya müasir sualtı qayıqlarında AIP-dən imtina edən ilk ölkə oldu.

İsveç lisenziyası ilə istifadə etdikləri “Stirling” mühərrikindən imtina etdilər və Litium-İon texnologiyasına üstünlük verdilər. Niderlandlı mütəxəssislər də almanların təklif etdiyi “fuelcell” alternativinə qarşı texniki cəhətdən bu texnologiyaya üstünlük verdilər. Türkiyə hələ də ilk AIP sualtı qayığını aktiv xidmətə qəbul etməyib və bu texnologiya ilə daha beş sualtı qayığın inşa edilməsini gözləyir. Bu sualtı qayıqlarda yeni batareya texnologiyalarının mümkünlüyü (məsələn, bir “Type 214” istifadəçisi də olan Cənubi Koreyanın Litium-İon alternativi) qiymətləndirilməlidir.

Dünyanın ən aktual sualtı qayıq layihələrindəki bu inkişaflar nəzərə alınmalı və sualtı qayıqlarda Litium-İon texnologiyasının istifadəsi ilə bağlı yerli araşdırmalar ortaya qoyulmalıdır. “Fuelcell” AIP sisteminə sahib olması planlaşdırılan “Milden” Layihəsi yenidən qiymətləndirilməli və layihədə Niderlandın seçimi nəzərə alınaraq, layihə sürətləndirilməlidir. Sualtı qayıq layihələrinin inşası, texniki xidməti, avadanlıq seçimi və modernləşdirilməsi ilə bağlı gələcək proseslər yaxşı təhlil edilməlidir”.

İstər Fransanın, istərsə də Almaniyanın sualtı qayıq dizaynlarında Fransanın “Saft” firmasının istehsal etdiyi Litium-İon batareya texnologiyasından istifadə edilir, lakin digər embarqoları nəzərə alsaq, nə Fransanın, nə də Almaniyanın bu texnologiyanı Türkiyəyə satacağını düşünmürük. Ancaq Türkiyənin Cənubi Koreya ilə əlaqələri qat-qat güclüdür. “Altay” Tank Layihəsinin əsas mühərrik və sürətlər qutusu sistemindən ibarət olan güc qrupu, “Fırtına” Haubitsası, aviasiya və müxtəlif sursatlar mövzusunda Cənubi Koreya ilə işlər aparılır.

Müdafiə sənayesi ilə məşğul olanlar üçün Cənubi Koreya Koreya müharibəsinə görə Türkiyə ilə münasibətləri çox yaxşı görünən, lakin ABŞ-nin xarici siyasətindən çox təsirlənən bir ölkə kimi təəssürat yaradır. Bununla belə, o, yenə də Fransadan və son zamanlarda Almaniyadan daha asan iş aparıla biləcək bir ölkə hesab edilə bilər, əməkdaşlıq və texnologiya transferinin mümkün ola biləcəyi şübhəsizdir.


Cənubi Koreya da Türkiyə kimi “Type-214” sualtı qayıqlarından istifadə edir, lakin onların da uzun müddətdir üzərində çalışdıqları və nəhayət yekunlaşdırdıqları milli sualtı qayıq layihəsi var. Bu layihədən ilk dəfə 2003-cü ildə “S. W. Lee et.al.” tərəfindən yazılan “A Development of 3000-ton Class Submarine and the Study on its Hydrodynamic Performances” adlı, “Milden” üçün də həmişə istinad təşkil edə biləcəyini dəyərləndirdiyimiz işlər sayəsində xəbərdar olmuşuq.

Bu sinfə məxsus ilk sualtı qayıq olan “Dosan Ahn Changho”nu 2018-ci ildə dənizə endiriblər. 3000 ton sinfinə məxsus sualtı qayıqların “Batch-II” adlı qrupunun ilk gəmisi olan, 2023-cü ildə inşasına başlanan “Lee Bong-chang” sualtı qayığının isə “Samsung SDI” və “Hanwha Defense” şirkətlərinin birgə işi ilə ortaya qoyulan Litium-İon batareyalarına sahib olacağı məlumdur. Sualtı qayıq sahəsində milli sualtı qayıqları inkişaf etdirmək məqsədilə etdikləri böyük investisiyalar üçün bazar axtarışlarının Cənubi Koreya şirkətlərini də əməkdaşlığa həvəsləndirəcəyi düşünülə bilər.


Türkiyədə “ASPİLSAN Enerji” tərəfindən 1,5 milyard lirə sərmayə ilə qurulan Avropanın ilk və tək silindrik litium-ion batareya istehsal müəssisəsi var. “ASPİLSAN Enerji”nin “Gölcük” Gəmiqayırma Zavodu Komandanlığı, “Hanwha” və “Samsung” ilə ortaq bir layihə həyata keçirməsinin mümkün olacağı düşünülə bilər.


Türk Loydu da prosesə daxil edilə bilər və bu, Loydun sualtı qayıq batareyası sertifikatlaşdırma qabiliyyəti və sualtı qayıqlarda tətbiqi sahəsində təcrübə qazanması üçün son dərəcə faydalı olardı. “Milden” Layihəsində batareya və hərəkət sistemi sertifikatlaşdırmasında bu təcrübəyə sahib olmaq işləri çox sürətləndirəcək. Məlumdur ki, Almaniya ilk dəfə 1988-ci ildə pilot gəmi olaraq “Type-205” sualtı qayığında hidrogen yanacaq elementi texnologiyasını sınaqdan keçirib, daha sonra bu texnologiyanı “Type-212” və “Type-214” sualtı qayıq layihələrinə inteqrasiya edib.


Yuxarıda qeyd olunan litium-ion tədqiqatının da xüsusilə bu yaxınlarda təlim gəmisi statusu verilmiş, Türkiyənin “Ay” sinfinə məxsus sualtı qayıqlarından olan TCG “Yıldıray” və ya TCG “Batıray”dan birini pilot gəmi olaraq seçib, onda sınaqdan keçirilməsinin yerində ola biləcəyi düşünülə bilər. “Ay” sinfinə məxsus sualtı qayıqlar da “Type-209” sinfinə məxsus olduğu üçün bu gəmidə həyata keçirilən hərəkət sistemi təkmilləşdirmə işləri “Preveza” və “Gür” sinfinə məxsus “Type-209” sualtı qayıqları üçün mənalı prototip araşdırmaları olacaq.

Beləliklə, daha müasir “Preveza” və “Gür” sinfinə məxsus sualtı qayıqlar bu layihə üzərində aparılacaq işlər zamanı missiyadan kənarlaşdırılmayacaq. Bu sualtı qayıqda təcrübə tamamlandıqdan sonra Türkiyənin “Preveza” və “Gür” sinfinə məxsus bütün sualtı qayıqlarında litium-ion təkmilləşdirmələri həyata keçirmək mümkün ola bilər. Hazırda inşası davam edən “Type-214 Reis” sinfinə məxsus sualtı qayıqların inşasını birbaşa bu texnologiyadan istifadə etməklə, davam etdirmək mümkün ola bilər.

Ən müasir sualtı qayıq layihələri olan “Japon Soryu” sinfinə məxsus sualtı qayıqlar və Niderlandın “Orca” sifinə məxsus sualtı qayıqlarında havadan asılı olmayan texnologiya olan “Stirling” mühərriki və “fuelcell”ə üstünlük verilməməsi və onların litium-ionla əvəz edilməsi “Preveze”, “Gür” və “Reis” sinfinə məxsus sualtı qayıqları ən müasir sualtı qayıqların sahib olduğu sualtı imkanlara qovuşdura biləcək bir həmlə ola bilər.

Bu sayədə dizayn mərhələləri davam edərkən, litium-ion texnologiyası ilə təcrübə qazanılacaq və bu texnologiyanı MİLDEN Layihəsində və Türkiyədə davam etdirilən digər sualtı qayıq layihələri Çoxməqsədli Mini Sualtı Qayıq İnkişaf Etdirmə Layihəsində və STM500-də tətbiq etmək mümkün olacaq.


Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Sualtı-qayıq   Litium-İon  


Bizi "telegram"da izləyin