Paşinyan hökumətinin illik hesabatında “sirli” rəqəmlər – 2023-cü ilin 2 ayında artım necə “qeydə alınıb”?

2024/04/1713943083.jpg
Oxunub: 271     12:52     24 Aprel 2024    
Paşinyan hökuməti ötən ili yekunlaşdıran hesabatında qeydə alınan yüksək iqtisadi artımdan və aşağı inflyasiyadan danışaraq, ÜDM-in yüksək artımına müsbət təsir göstərən bir sıra amilləri təqdim edir.

Xüsusilə, Paşinyan hökuməti illik fəaliyyət hesabatında yazır: “2023-cü ilin yekunlarına görə, Ermənistanda yüksək iqtisadi artım və aşağı inflyasiya qeydə alınıb. ÜDM-in yüksək artımı əmək məhsuldarlığının, investisiyaların, məşğulluğun və xarici ticarətin əhəmiyyətli dərəcədə artması ilə əlaqədar olub. 2023-cü ildə yüksək artım potensial ÜDM artımının sürətlənməsini göstərir”.

Bəs Paşinyan nə haqqında susur? Sadalanan bütün müsbət tendensiyaların əsasən Rusiya-Ukrayna münaqişəsi nəticəsində yaranmış əlverişli ekzogen amillər - böyük insan və kapital axını, bunarla əlaqədar xarici investisiyaların artması, Qərbin Rusiyaya qarşı sanksiyaları səbəbindən kəskin şəkildə artmış təkrar ixrac və s. ilə bağlı olduğu danılmazdır. Qeyd etmək lazımdır ki, Ermənistanda qeydə alınan iqtisadi artım daha çox iqtisadiyyatın “ixrac olunmayan” sahələrinin hesabına “təmin edilib”.

Ermənistanda xüsusilə ticarət, xidmət və tikinti sektorları ümumilikdə qeydə alınan 8,7% iqtisadi artıma 7,8 faiz bəndi töhfə verib. Faktdır ki, Ermənistanın hazırkı hökuməti hər bir suala qısamüddətli perspektivdə, verilmiş anda təəssürat buraxmaq nöqteyi-nəzərindən baxır, lakin dərk etmir ki, gələcəkdə qeyd olunan tendensiyalar davam edərsə, “ixrac olunmayan” sahələrin mütərəqqi artımı qorunub saxlanılarsa, Ermənistan iqtisadiyyatının strukturunun son dövrdə mövcud olan “deformasiyası” daha da dərinləşəcək və “ixrac edilə bilən” sektorların payının azalmasına gətirib çıxaracaq.

Bu, Ermənistan iqtisadiyyatına ciddi təsir göstərə bilər, çünki, bir qayda olaraq, “ixrac olunmayan” sahələr, məsələn, mənzil tikintisi və ticarət iqtisadiyyatın potensialının artmasına demək olar töhfə vermir, vəziyyətin dəyişməsi halında isə bunların artımı birdən-birə dayana bilər ki, bu da həm həmin sektorun, həm də əlaqəli xidmət sektorlarının tənəzzülünə səbəb ola bilər.

Bu səbəbdən sabit iqtisadi artım nöqteyi-nəzərindən xarici şoklar nəticəsində daxili tələbin dəyişməsinə az həssas olan və inkişafı ölkənin rəqabət qabiliyyətinin artmasına səbəb olan “ixrac edilə bilən” sahələrin artımı (məsələn, sənaye və kənd təsərrüfatı) əhəmiyyətlidir. Paşinyan hökumətinin hesabatında xarici ticarət sahəsi xüsusi diqqətə layiqdir, çünki bu sahə ilə bağlı təqdim olunan göstəricilərdə müəyyən məntiqsizlik var.

Beləliklə, Ermənistan hökumətinin 2023-cü il üzrə fəaliyyət hesabatında qeyd edilir: “Xarici malların ticarəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 46% artaraq, 20,7 milyard ABŞ dolları təşkil edib. İdxal 40,2%, ixrac isə 55,3% artaraq, müvafiq olaraq 12,3 milyard ABŞ dolları və 8,4 milyard ABŞ dolları təşkil edib”.

Bəs yenə nə haqqında susurlar? Göstəricilərdən aydındır ki, Ermənistanda ixracın yüksək artım templəri iqtisadiyyatın ixrac potensialını üstələyir. Qeyd olunan templər bir daha sübut edir ki, bunlar əhəmiyyətli dərəcədə Rusiya-Ukrayna hərbi münaqişəsi nəticəsində Rusiya Federasiyasına tətbiq edilən sanksiyalarla əlaqədar təkrar ixrac fenomeninin mövcudluğu ilə bağlıdır.

Təsadüfi deyil ki, ixracın artımına əhəmiyyətli töhfə verən əksər məhsul qruplarında Ermənistanda istehsal ya tamamilə yoxdur, ya da istehsal həcmi ixrac həcmindən xeyli aşağıdır. Bundan əlavə, Ermənistanda həm ixracın, həm də idxalın artmasına ən çox töhfə verən məhsul qrupları eynidir: “qiymətli və yarımqiymətli daşlar, qiymətli metallar və onlardan hazırlanan məmulatlar”, “maşınlar, avadanlıqlar və mexanizmlər” və “yeraltı, hava və su nəqliyyat vasitələri”.

Üstəlik, 2022 və 2023-cü ilin ilk üç rübü üçün Ermənistanda “ənənəvi” hala gəlmiş təkrar ixrac istiqamətlərinə ilin sonunda “qiymətli və yarımqiymətli daşlar, qiymətli metallar və onlardan hazırlanan məmulatlar” məhsul qrupunun həm ixrac, həm də idxal həcmlərinin kəskin artması ilə əlaqədar yeniləri əlavə edilib. 2023-cü ilin sonunda qeydə alınan zərgərlik məmulatlarının istehsalının həcminin kəskin artması məhz bu fenomenlə bağlı idi (ötən ilin müvafiq ayı ilə müqayisədə noyabrda 13,7 dəfə, dekabrda 9,4 dəfə).

Üstəlik, həmin aylarda Ermənistanda “qiymətli və yarımqiymətli daşlar, qiymətli metallar və onlardan hazırlanan məmulatlar” məhsul qrupunda həm ixrac, həm də idxal həcmlərində kəskin artım qeydə alınıb. Halbuki Ermənistanda istehsal həcminin yuxarıda qeyd olunan son dərəcə böyük artımları şəraitində istehsal sektorunda məşğul olanların sayı dekabrda noyabr ayı ilə müqayisədə demək olar dəyişməyib, noyabrda isə oktyabrla müqayisədə hətta bu rəqəm bir qədər azalıb.

Halbuki Ermənistanda zərgərlik sənayesinin məhsullarının həcminin bu qədər kəskin artımını iş yerlərinin artımı olmadan təsəvvür etmək məntiqi olaraq mümkün deyil. Böyük ehtimalla bu məhsullar Ermənistana (bəlkə də xammal adı altında) idxal edilib, sonra isə bir az emaldan sonra Ermənistan müəssisələrində istehsal olunan hazır məhsul kimi başqa ölkələrə ixrac olunub.

Onu da qeyd etmək lazımdır ki, Ermənistanda noyabr və dekabr aylarında zərgərlik məmulatlarının ixracının aylıq həcmi əvvəlki aylarda bütün ixracın aylıq həcmini üstələyib.

Ermənistanın hazırkı hakimiyyətinin nümayəndələri tərəfindən qeydə alınan müsbət göstəricilərin və görünməmiş artımın əsasını, həmişə olduğu kimi, xarici amillərin mövcudluğu təşkil edir. Erməni səlahiyyətlilər bunları çox məharətlə paketləyir və öz “zəhmətləri”nin nəticəsi kimi təqdim edirlər, bu yolla sadə insanların xoşuna gəlməyə və Ermənistanın dövlət büdcəsindən milyonlarla dolların mənasız şəkildə israf edilməsini və mükafat fondlarını əsaslandırmağa çalışırlar.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Hökumət   Hesabat  


Bizi "telegram"da izləyin