İmplementasiya prosesində çətinliklər yaranarsa, nə baş verəcək?

2024/04/33-1713867028.jpg
Oxunub: 236     14:35     23 Aprel 2024    
ABŞ, Avropa İttifaqı, hətta Türkiyə Ermənistanla Azərbaycan arasında sərhəd razılaşmasını alqışlayıb. Sərhəd xəttinin cəbhə xəttindən fərqli olaraq sülh rəsmi olduğunu deyən Rusiya tərəfi isə rus sərhədçilərinin Tavuşdan çıxarılmasına dair İrəvandan siqnal almadlıqlarını bildirib.

İrəvanda jurnalistlərin suallarını cavablandıran İran səfiri bildirib ki, Ermənistan rəsmiləri görüşün məzmunu və protokol barədə məlumat veriblər. O, bunun Alma-Ata Bəyannaməsi əsasında edildiyini qeyd edib. Tehranın sərhədlərin dəyişməzliyi ilə bağlı mütəmadi bəyanatlarını nəzərə alsaq, bu bəlkə də İranı qane edir.

Paşinyan bəyan edib ki, Tavusda demarkasiyadan sonra rus sülhməramlıların dayaq məntəqəsi çıxarılacaq, çünki dövlət sərhədini Ermənistan və Azərbaycanın sərhədçiləri qoruyacaqlar. Həmin dayaq məntəqələri Nikol Paşinyanın xahişi ilə Tavusda yaradılıb, bunu Paşinyanın özü də etiraf edib. İndi deyir ki, bu, başqa situasiya idi, bu gün vəziyyət, reallıq başqadır.

Şübhə yoxdur ki, sərhədin kiçik hissələri ilə bağlı əldə olunan razılaşma hələ də Qafqaz ətrafında cərəyan edən daha böyük siyasi proseslərə tabedir. Region sərhəd razılaşmasına bu proseslərin nəzərəçarpacaq dərəcədə sıxlaşması şəraitində nail olub. Bu razılaşma ən azından öz implementasiyası baxımından vəziyyəti idarə etməyə imkan verə bilər. Bu müddətin nə qədər olduğu ən azından hələlik aydın deyil.

Ermənistan Baş nazirinin aparatı bəyan edib ki, söhbət “ağlabatan müddət”dən gedir, lakin süni gecikmə olmamalıdır. Ağlabatan müddətin nə olduğunu söyləmək olduqca çətindir. Sual yaranır ki, Ermənistanda, eləcə də sərhəd zonasında yerləşən kəndlərdə məhz yuxarıda qeyd olunan razılaşma ilə bağlı narazılıq olduğunu nəzərə alaraq, implementasiya prosesində çətinliklər yaranırsa, nə baş verir?

Bakı və İrəvan belə bir inkişafı, belə bir ssenarinin mümkünlüyünü müzakirə ediblər və bununla bağlı nə deyiblər, nəyin bahasına olursa-olsun implementasiya, əks təqdirdə hərbi eskalasiya deyiblər, yoxsa başqa yanaşmalar nəzərdən keçirilib? Paşinyan bu yaxınlarda Tavusa ikinci dəfə səfər edərkən, orada növbədənkənar parlament seçkilərinin olmayacağını bəyan edib.

Paşinyan belə bir niyyət və ya ssenari barədə ucadan açıqlama versəydi, təbii ki, qəribə olardı. Ancaq Paşinyanın belə bir ssenarini aktiv şəkildə nəzərdən keçirməməsi də qəribə olardı.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin