"BAM veteranları Heydər Əliyevə minnətdardırlar" - Gennadi Şmal

2024/04/genna-1713809450.jpg
Oxunub: 139     21:51     22 Aprel 2024    
Heydər Əliyev görkəmli dövlət və partiya lideri idi. O, Sovet İttifaqının müxtəlif sənaye sahələrinin inkişafı üçün çox iş görüb.

Ordu.az xəbər verir ki, bunu Rusiya Federasiyası Neft Sənayeçiləri İttifaqının prezidenti Gennadi Şmal Baykal-Amur Magistralının inşasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rolu barədə AZƏRTAC-a açıqlamasında bildirib.

“Qərbi Sibirdə neft yataqları kəşf edildikdən sonra Tümen-Tokio neft kəmərinin inşası ideyası ortaya çıxdı. SSRİ Dövlət Plan Komitəsində dəmir yolunun tikilməsi və onun vasitəsilə neftin nəql edilməsi təklif olundu. Beləliklə, Sovet İttifaqı iqtisadiyyatının inkişafında mühüm rol oynayan Baykal-Amur Magistralının (BAM) tikintisinə başlamaq qərara alındı”, - deyə o vurğulayıb.

BAM-ın tikintisində Heydər Əliyevin rolunu xüsusi vurğulayan G.Şmal bildirib:

“Heydər Əliyev görkəmli dövlət və partiya lideri idi. O, müxtəlif sənaye sahələrinin inkişafı üçün çox şey edib. SSRİ hökumətinin strukturunda bir neçə komissiya var idi. Ancaq onlardan biri əsas komissiya - Heydər Əlirza oğlu Əliyevin rəhbərlik etdiyi Əməliyyat məsələləri üzrə komissiya idi. Əslində bu komissiya ölkənin bütün həyatına rəhbərlik edirdi. Heydər Əliyev nəqliyyata, yüngül sənayeyə, mədəniyyətə və digər sahələrə nəzarət edirdi. Nəqliyyat sahəsində çoxsaylı problemlər mövcud idi, onlardan biri vaqonların dövriyyəsi idi. Vaqonlar pis boşaldılırdı və Heydər Əliyev, əlbəttə ki, bizi buna görə çox ciddi şəkildə danlayırdı”.

O qeyd edib ki, Heydər Əliyev dəfələrlə BAM-ın tikintisində olub, bu mühüm layihənin icrası ilə bağlı bütün problemlərin həllini nəzarət altında saxlayıb.

“Heydər Əliyevin fəaliyyətini mən həm də Albert Lixanovun təsis etdiyi Rusiya Uşaq Fonduna görə də yüksək qiymətləndirirəm və ona minnətdaram. A.Lixanov yazıçı, “Smena” jurnalının baş redaktoru idi. O, Heydər Əliyevin uşaqlara kömək göstərən bu Fondun yaradılmasında necə mühüm rol oynadığından söz açırdı”, - deyə Rusiya neft sənayesinin veteranı əlavə edib.

G.Şmal prezidentlər Vladimir Putinin və İlham Əliyevin BAM veteranları və dəmir yolu işçiləri ilə görüşünün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. “Heydər Əliyevlə ünsiyyətdə olanlar bu insana məhəbbətlərini əbədi olaraq qoruyacaqlar. BAM veteranlarının sayı elə də çox qalmayıb. Lakin sağ olanlar göstərdiyi köməyə görə Heydər Əliyevə minnətdardırlar”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BAM-veteranları   Heydər-Əliyev  


Bizi "telegram"da izləyin