Rusiya və Qərb arasında çəkişmə – Azərbaycanın inteqrasiya proqramı alqışlanandır!

2024/04/1713597579.jpg
Oxunub: 283     11:39     20 Aprel 2024    
Ötən gün Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Qarabağı könüllü olaraq tərk etmiş ermənilərin yaşayış yerlərinə qayıtmaq imkanının olmalı, onların hüquq və təhlükəsizliyinin təmin edilməli olduğunu bildirib. Eyni zamanda o, Rusiyanın rəsmi Bakının təqdim etdiyi Azərbaycan inteqrasiya proqramını alqışladığını bildirib.

Yəni sülhməramlılarını yenicə çıxarmış Rusiya açıq şəkildə bildirir ki, onlardan sonra bölgəyə əlavə qüvvələrin yeridilməsinə ehtiyac yoxdur və əgər ermənilər nə zamansa qayıtmaq istəyərsə, bu yalnız Azərbaycanın qanunları çərçivəsində müəyyən ediləcək. Habelə Zaxarova Rusiya və Azərbaycanın sülhməramlı kontingenti Qarabağdan vaxtından əvvəl çıxarmaq qərarına gəldiyi bir şəraitdə qeyd olunan məsələlərdən danışır. Lakin hazırda separatçılıqla məşğul olan ermənilərin qayıdışını təsəvvür etmək hər hansı bir şəkildə mümkün deyil. Və məsələnin Azərbaycanı istəməyən bəzi aktorların gündəmində saxlanması qəbulolunmazdır. Bir neçə gün əvvəl Avropa Parlamentinin qəbul etdiyi “qətnamə”də bu məsələyə birtərəfli olaraq toxunulub. Ancaq aydındır ki, birtərəfli “qətnamə”lərlə gündəmin müəyyən edilməsi nəticə verməyəcək.

Əlbəttə, burada çox şey Ermənistanın aparacağı siyasətdən, xüsusilə işğal məntiqindən imtina edib-etməməsindən asılıdır. Lakin biz indiyədək əks davranışlar müşahidə edirik. Məsələn, Rusiya sülhməramlılarının Qarabağı tərk etməsindən sonra bu məsələnin tamamilə yeni ölçüdə ortaya çıxarılması üçün Fransa ilə həyata keçirilən birgə cəhdlər mövcuddur. Rəsmi İrəvana görə, sülhməramlıların getməsi ilə hansısa məkan açılır ki, bu da guya öz növbəsində məsuliyyət boş məkanı və ya vakuumu deməkdir. Əslində heç bir hansısa boş məkan yoxdur, idarəetmə tamamilə Azərbaycanın nəzarətindədir və təhlükəsizlik ən yüksək həddə təmin edilir.

Rusiya Qarabağdan çıxmaqla, bu mövqedə necə davranmasından asılı olmayaraq, özünü lazımsız “məsuliyyət”dən azad etdi. Üstəlik, özünü bu mövqedə saxlamayan Rusiya tənqidlərə məruz qaldı və zəiflədiyi iddia edildi. ABŞ Dövlət Departamentinin sözçünün müavini Vedant Patel riyakarcasına bəyan edib ki, “Rusiyanın mövcudluğunun faydalı rolundan danışmağa imkan verəcək heç bir dəlil yoxdur”. Maraqlıdır, görəsən Rusiyanın bölgədən çıxarılması üçün min bir plan quran Qərb indi niyə qıcıqlanır? Məgər rusların bölgədə qalması onların planları daxil idi?

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Qərb   Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin