Gürcüstan müxalifətinin parlamentin qarşısında quraşdırdığı səhnələr sökülür

2024/04/4354b-1713446545.jpg
Oxunub: 92     16:58     18 Aprel 2024    
Gürcüstan müxalifətinin paytaxt Tbilisinin Rustaveli prospektində - parlamentin qarşısında quraşdırdığı səhnələr sökülür.

Ordu.az xəbər verir ki, söküntü işlərini Tbilisi meriyası həyata keçirir.

“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsindən narazı olan müxalifət bir neçə gündür burada etiraz aksiyaları keçirir. Mitinq üçün ərazidə yerləşdirilən avadanlıqlar da götürülür.

Buna baxmayaraq, müxalifət aprelin 18-də saat 19:00-da “Rusiya hökumətinə yox", "Rusiya qanunlarına yox” şüarları ilə yenidən etiraz aksiyası təşkil edəcək.

“Etiraz dayandırılmamalıdır. Bu gün saat 19:00-da parlamentin qarşısına toplaşırıq və nəticə əldə edənə qədər mübarizəmizi davam etdirəcəyik. Layihənin ikinci və üçüncü oxunuşda müzakirəsini gözləməyə vaxt yoxdur”, - təşkilatçıların bəyanatında bildirilib.

Qeyd edək ki, ölkə parlamenti aprelin 17-də qanun layihəsini birinci oxunuşda qəbul edib. Layihənin lehinə 83 deputat səs verib. Müxalifət səsverməni boykot edib.

Qanun layihəsi xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının və KİV-lərin xüsusi reyestrdə qeydiyyatdan keçməsini və illik bəyannamələr doldurmasını tələb edir.

Qanun layihəsi daha iki oxunuşda qəbul olunmalıdır. İkinci oxunuşda layihənin maddə-maddə müzakirəsi və əlavələr edilməsi, üçüncü oxunuşda isə qanunun mətninə redaksiya xarakterli dəyişikliklərin edilməsi nəzərdə tutulur. Yalnız üçüncü oxunuşda qəbul edildikdən sonra layihə imzalanmaq üçün Gürcüstan Prezidentinə göndəriləcək.

Prezident Salome Zurabişvili isə “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyacağını açıqlayıb.

Müxalifət qanun layihəsini dəstəkləmir və bir neçə gündür paytaxt Tbilisidə etiraz aksiyaları keçirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Müxalifət  


Bizi "telegram"da izləyin