Gürcüstan polisi: Aksiyada saxlanılanlar var, birində soyuq silah aşkarlanıb - YENİLƏNİB

2024/04/661fb-1713356937.jpg
Oxunub: 98     00:37     18 Aprel 2024    
Hökumət administrasiyasına qarşı davam edən aksiya zamanı iki nəfər saxlanılıb, saxlanılanların birindən soyuq silah götürülüb.

Ordu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Daxili İşlər Nazirliyi aksiyanın təşkilatçılarını və iştirakçılarını qanunsuz hərəkətlərə yol verməməyə çağırır.

Asayişin qorunması məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları dövlət administrasiyasının binası ərazisinə səfərbər olunub.

“Aksiya zamanı etirazçılar tərəfindən zorakılıq hərəkətləri törədilib. Bir neçə etirazçı polisin dinc aksiya keçirmək barədə qanuni tələbinə əməl etməyib, nəticədə 2 nəfər inzibati qaydada saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılanlardan birində soyuq silah aşkar ediblər. Daxili İşlər Nazirliyi bir daha mitinqin təşkilatçılarını və iştirakçılarını qanunsuz hərəkətlərə yol verməməyə çağırır. Hər bir qeyri-qanuni hərəkətin ardınca dərhal qanuni tədbirlər görüləcək”, – bəyanatda deyilir.

***

Tbilisidəki etiraz aksiyası zamanı hər hansı pozuntu və ya zorakılıq olarsa, polis qanuna uyğun hərəkət edəcək.

Ordu.az xəbər verir ki, bunu Gürcüstan Daxili İşlər Nazirliyinin Patrul polisi idarəsinin rəisi Vaja Siradze hökumət administrasiyasında jurnalistlərə bildirib.

"Hazırda polis hadisə yerində növbə çəkir. Hər kəs qanuna uyğun hərəkət etməlidir, başqa cür ola bilməz. Hər hansı pozuntu baş verərsə, qanun çərçivəsində hərəkət edəcəyik", - idarə rəisi deyib.

Qeyd edək ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin parlamentə yenidən təqdim edilməsinə görə Tbilisidə etiraz aksiyası davam edir. Hələ ki polislə etirazçılar arasında heç bir qarşıdurma yaşanmayıb.

Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib. Bununla belə, Gürcüstan Prezidenti Salome Zurabişvili “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyacağını açıqlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Aksiya  


Bizi "telegram"da izləyin