Ermənistan rus-türk “buz dövrü”ndən necə faydalana bilər? İrəvan daha çox xaos arzulayır

2024/04/1713258489.jpg
Oxunub: 378     17:23     16 Aprel 2024    
Müxtəlif ekspert qiymətləndirmələrinə görə, hazırda Türkiyə ABŞ ilə yaxın münasibətlər axtarır, ona görə də Prezident Rəcəb Tayyib Ərdoğan mayın 9-da Ağ Evə dəvət olunub.

Bəs Bayden-Ərdoğan görüşündən yaxşı nəticələrin əldə olunacağını güman edə bilərikmi? Mümkündür ki, Türkiyə Prezidenti İraq və Suriyanın şimalında bufer zona yaratmaq planı ilə bağlı ABŞ-nin razılığını almağa, eləcə də 44 günlük müharibədən sonra Cənubi Qafqazın yeni status-kvosunu məqbul etməyə nail olacaq. Lakin bunun əvəzində ABŞ-nin Türkiyədən nə gözləyəcəyini proqnozlaşdırmaq çətindir.

Biz son dərəcə təhlükəli bir ssenariyə - ABŞ-nin Bosfor-Dardanel boğazını NATO-ya üzv ölkələrin hərbi gəmiləri üçün açmaqla bağlı mümkün “təklifi”nə baxa bilərik. Əslində Qara dəniz və Krımın taleyi NATO-nun dəstəklədiyi Ukrayna ilə Çin və İranın dəstəyini alan Rusiya arasındakı müharibənin gedişatına bağlıdır. İndiyə qədər Türkiyənin bütün bunlarla bağlı etdiyi təşəbbüslər gərginliyi müvəqqəti də olsa, azaldıb. Ancaq hələ ki müharibədə sülhdən söhbət getmir. Gəmilərin Qara dənizə girməsi halında Rusiya Türkiyəni özünə hədəf seçə bilər. Belə olan halda Türkiyə nə edəcək? Ümumiyyətlə Türkiyə bu “təklif”lə razılaşa bilərmi?

Kremldə keçirilən qapalı görüşdən Putin-Lukaşneko danışıqlarında Rusiya-Ukrayna nizamlanmasının “İstanbul prinsipləri”nə qayıtmağın məqsədəuyğunluğunun müzakirəsi ilə bağlı məlumatın “sızdırıldığını” nəzərə alsaq, bu “ehtimal” çox vurğulanır. Görünür, Rusiya Vaşinqtonun Ankaranı razı sala biləcəyindən qorxur, qabaqlayıcı addım atır və Ukrayna məsələsində Türkiyənin, Moskvanın iddia etdiyi kimi, “Vaşinqtonun tələbi ilə son anda uğursuz olmuş” vasitəçiliyini xatırladır.

Çox güman ki, Ermənistan-Azərbaycan danışıqlarında irəliləyişin təmin edilməməsi də Rusiya-Türkiyə fikir ayrılıqları ilə bağlıdır. Görünür, bunlar ortadan qaldırılmır: Rusiya Prezidentinin Türkiyəyə səfəri yenidən təxirə salınıb. Ərdoğandan Putinin Vaşinqton səfərindən sonra qəbul etmək imkanlarının bağlanmaması üçün “zərgər diplomatiyası”nı həyata keçirmək tələb olunur.

Rusiya-Türkiyə münasibətlərində “buz dövrü” başlayarsa və paralel olaraq Tehran-Ankara münasibətlərində çatlar yaranarsa, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması perspektivi daha da mürəkkəbləşəcək. Əslində Ermənistanın da istədiyi və həyata keçirdiyi strategiya buna ünvanlanıb: region ölkələrinin iştirakını istisna etmək, kənar qüvvələrin cəlb edilməsi ilə münaqişənin uzadılmasını təmin etmək.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Xaos   Türkiyə-Rusiya   ABŞ  


Bizi "telegram"da izləyin