Ukrayna üzərində yeni Molotov-Ribbentrop paktı nə qədər realdır?

2024/04/1713255458.jpg
Oxunub: 368     16:34     16 Aprel 2024    
Ukrayna üzrə İsveçrə konfransı təxirə salınıb. Bundan əvvəl mətbuat bunun aprelin ikinci yarısında keçiriləcəyini yazmışdı. İsveçrə Prezidenti konfransın iyunda keçirilməsinin planlaşdırıldığını açıqlamışdı. Nə olub? Görünür, vəziyyətə iki hal ciddi təsir edib.

Birincisi, Rusiyanın xarici işlər naziri Lavrov Çinə getdi və başa düşüldüyü kimi, Pekin Zelenskinin ifadə etdiyi Ukrayna nizamlanması prinsiplərini dəstəkləmir. İkinci intriqa ondan ibarətdir ki, diplomatik mənbələrin “Politico”ya verdiyi məlumata görə, ABŞ Ukraynanın NATO-ya üzvlüyünü rədd edir və münaqişədən sonrakı Ukraynanın təhlükəsizlik zəmanətlərinə malik olmasında israr edir.

Türkiyə mətbuatı Ukrayna Prezidentinin “Türkiyənin vasitəçiliyi yetərli deyil” bəyanatına fokuslanıb. Buradan belə güman edilir ki, Ankara Rusiya-Ukrayna münaqişəsinin 1991-ci ildəki sərhəd status-kvosunun bərpası əsasında həlli variantını dəstəkləmir. Qərb mətbuatının bir sıra mənbələrinə görə, ABŞ Kiyevi öz ərazi itkiləri ilə barışmağa inandırmağa çalışır. Görünür, Avropa İttifaqının vahid yanaşması yoxdur. Üstəlik, ABŞ və Avropa İttifaqının Ukrayna “konsensusu”ndan əhəmiyyətli dərəcədə uzaq olduğu da demək olar reallıqdır.

Bu vəziyyət Rusiyaya diplomatik manevr üçün böyük məkan açır ki, bu da Moskvaya Çin və Qlobal Cənub ölkələri, eləcə də ABŞ və Avropa İttifaqı və onun ayrı-ayrı üzv dövlətləri ilə “ayrıca razılaşma imkanı” saxlamağa imkan verir. Bununla belə, ən əsas məsələ Ukrayna və ya Şərqi Avropa ilə bağlı Rusiya ilə ABŞ arasında ictimai olmayan razılaşmanın mümkün olub-olmamasıdır. Obrazlı desək, Moskva və Vaşinqton Avropanın “ayrıcı xətti”ni, məsələn, Dnepri müəyyən etməklə, “yeni Molotov-Ribbentrop paktı” imzalaya bilərmi? Heç kim belə bir ehtimalı istisna edə bilməz.

Məsələn, Ermənistanın xarici siyasətinin “qərbləşməsi”nin əsasında da bu dayanır. Rusiya və KTMT Ermənistan-Azərbaycan Sovet ayrıcı xəttini dövlətlərarası sərhəd kimi tanımır, lakin Qərb tanıyır. Bu təminatın və ya öz-özünü ilhamlandırmanın obyektiv-hüquqi əsasının nə olduğu məlum deyil. Bəli, Praqada, Brüsseldə və birtərəfli də olsa Qranadada elan olundu ki, Azərbaycan və Ermənistan qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü və bu ərazi üzərində suverenliyini tanıyır, lakin həm ABŞ, həm də Avropa İttifaqı tərəfləri birbaşa danışıqlar yolu ilə bütün mübahisəli məsələlərin həllinə nail olmağa çağırır.

Obyektiv dəyərləndirsək, məsələn, Qaragölün səthinin kimə aid olduğu, yoxsa bölünməli olduğu və ya Ermənistan-Azərbaycan sərhədinin Qafan hava limanından neçə metr məsafədən keçəcəyi Moskva, Vaşinqton və Brüssel üçün heç bir geosiyasi əhəmiyyətə malik deyil. Əgər “Molotov-Ribbentrop paktının prinsipinə əsasən” Ukraynanın təsir dairələrinə bölünməsi ehtimalı varsa, habelə Ukrayna “keçmiş sovet respublikasının varisi olmaqdan çıxarsa”, bütün postsovet ərazisi hərbi-hüquqi-siyasi qarışıqlığa düşəcək.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Molotov-Ribbentrop   Pakt  


Bizi "telegram"da izləyin