Erməni ekspert: “Yaxın Şərqdə eskalasiyanın dərinləşməsi Ermənistan üçün kifayət qədər təhlükəlidir”

2024/04/1713253729.jpg
Oxunub: 153     14:29     16 Aprel 2024    
“Yaxın Şərqdə eskalasiyanın dərinləşməsi regional (Cənubi Qafqaz da daxil olmaqla) nəqliyyat-logistika sistemini əhəmiyyətli dərəcədə dəyişə bilər”.

Ordu.az xəbər verir ki, bunu erməni siyasi elmlər və iqtisad elmləri doktoru, professor Vahe Davtyan yazıb.

Onun sözlərinə görə, beləliklə, İran-İsrail münaqişəsinin yeni mərhələsinə qədəm qoyması İranın “Şimal-Cənub” beynəlxalq nəqliyyat kommunikasiyasında (Baltik regionu-Qafqaz-İran-Fars körfəzi-Hind okeanı) iştirakını sual altına qoya bilər.

“Yaxud da ən azından çətinliklər yarada bilər. Eyni zamanda, eskalasiyanın dərinləşməsi İsrailin logistik planları üçün də ciddi problemlər yaradır. Xüsusilə, G20-nin 2023-cü ildə təklif etdiyi “Yaxın Şərq dəhlizi” layihəsi (Hindistan-BƏƏ-Səudiyyə Ərəbistanı-Ərəbistan-İordaniya-İsrail-Avropa) nəhayət dondurula bilər. Bu kommunikasiyanın əsas sütunlarından biri ən azından 2023-cü ilin oktyabr ayından beynəlxalq investisiyalar üçün olduqca problemli olan İsrailin Hayfa limanıdır. Həm birinci, həm də ikinci halda Türkiyə faydalanan tərəfdir. Xüsusilə, 1990-cı illərdən etibarən Türkiyə Rusiyadan yan keçərək, Avropa-Qafqaz-Asiya kommunikasiyasını formalaşdırmağı qarşısına məqsəd qoyan “Şərq-Qərb” (TRACECA) dəhlizində mühüm oyunçu kimi mövqe tutub. Bu strategiya çərçivəsində Ankara hazırda Orta Dəhliz layihəsini həyata keçirir. “Yaxın Şərq dəhlizi”nə gəlincə, o, əslində Türkiyədən yan keçir. Təsadüfi deyil ki, Böyük Avrasiyada Türkiyədən yan keçən heç bir böyük nəqliyyat layihəsinin həyata keçirilə bilməyəcəyini bəyan edərək, G20-nin layihə ilə bağlı kommünikesinə ilk cavab verən Ankara oldu. Beləliklə, bildirək ki, hər iki halda Türkiyənin nəqliyyat marağı olduqca aydındır. Türkiyənin beynəlxalq əhəmiyyətli kommunikasiya şəbəkəsi formalaşdırmaq ambisiyalarını nəzərə alaraq, bunu başa düşmək xüsusilə vacibdir. Yaranmış vəziyyət sadə səbəbdən Ermənistan üçün kifayət qədər təhlükəlidir. “Şimal-Cənub” dəhlizinin İran istiqamətində uğursuzluğu artıq Ermənistanı Fars körfəzi-Qara dəniz multimodal dəhlizinin oyunçusu kimi qəbul etməyə imkan verməyəcək”, - deyə Davtyan qeyd edib.

Davtyan əlavə edib ki, Yaxın Şərqdə eskalasiyanın dərinləşməsi Ermənistan üçün kifayət qədər təhlükəlidir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaxın-Şərq   Ermənistan   Fars  


Bizi "telegram"da izləyin