Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndələri Ağdama səfər ediblər

2024/04/Ekran-1712929811.jpg
Oxunub: 139     17:46     12 Aprel 2024    
Avropa İttifaqının (Aİ) Siyasi və Təhlükəsizlik Komitəsinin 27 ölkəni təmsil edən nümayəndələri işğaldan azad edilən ərazilərə səfərləri zamanı Ağdam şəhərində olublar.

Ordu.az-ın verdiyi xəbərə görə, avropalı qonaqları Azərbaycan Rrezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov müşayiət edib.

Qonaqlara Ağdam şəhəri barədə geniş məlumat verilib. Bildirilib ki, Ağdam şəhəri özünün böyüklüyü ilə yanaşı, həm də qədim tarixə malik bir yer olub. Ağdam barədə danışarkən qonaqlara şəhərin keçmişini özündə əks etdirən fotolarda ermənilər tərəfindən dağıdılan binaların orijinal variantları göstərilib. Ağdam Cümə Məscidi barədə məlumat verilərkən məscidin işğaldan əvvəlki və işğal dönəmində olan fotoları, həmçinin milli mənəvi dəyərlərə zidd, alçaldıcı hərəkətlərə yol verilərək məsciddə mal-qara və donuz saxlanılmasını isbat edən fotolar da qonaqlara təqdim edilib.

E.Hüseynov şəhərin mərkəzində olan mədəniyyət evi, həmçinin şəhərin digər tikililərinin dağıdılması barədə də danışıb.

Qonaqlar Ağdam Konfrans Mərkəzinə də baş çəkiblər. Burada onlara işğaldan sonra ermənilərin əraziləri bilərəkdən və pərakəndə şəkildə mina və partlamamış hərbi sursatlarla çirkləndirmələri, bunun da dinc sakinlərin həyatı üçün ciddi təhlükə yaratması məsələsinə toxunulub. Qeyd edilib ki, ermənilərin basdırdığı minaların partlayışı nəticəsində 44 günlük müharibədən sonra 368 nəfər minaya düşüb ki, onlardan da 65 nəfəri həlak olub.

Xatırladaq ki, Avropa İttifaqının səfirlər səviyyəsində, Siyasi və Təhlükəsizlik Komitəsinin, həmçinin Avropa institutlarının nümayəndələrindən ibarət heyətin Azərbaycana səfəri 11-12 aprel tarixlərində başlayıb. 27 üzv ölkənin təmsilçiləri həftənin əvvəlində Ermənistana, ardınca Gürcüstana, daha sonra isə Azərbaycana səfər ediblər. Səfərin məqsədi Cənubi Qafqaz ölkələri ilə Avropa ittifaqı arasında əməkdaşlığı, eyni zamanda regiondakı inkişafları müzakirə etməkdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Ağdam  


Bizi "telegram"da izləyin