Terror təşkilatı İŞİD istiqamətini niyə Orta Asiyaya çevirib? Pekin Xorasana daxil olacaq?

2024/04/1712653980.jpg
Oxunub: 419     13:39     09 Aprel 2024    
2024-cü il martın 22-də Moskvada Rusiya tarixində ən böyük terror aktlarından biri baş verdi. “Crocus City Hall”dakı konsert zalında 4 terrorçu tərəfindən həyata keçirilən terror aktı çoxlu mülki vətəndaşın ölümünə səbəb olub. Son açıqlamalara görə, ölənlərin sayı 135-i keçib. Bu hücum Rusiyanın 1990-cı illərdə Beslan faciəsindən sonra yaşadığı ikinci ən böyük hücumdur.

İŞİD-K kimdir?

Terror aktının arxa planı ilə bağlı xüsusilə sosial media üzərindən yayılan manipulyasiya xarakterli xəbərlərə baxmayaraq, İŞİD terror təşkilatına bağlı olan, Əfqanıstan və İranda fəaliyyət göstərən İŞİD-Xorasan Əyaləti (İŞİD-K) hücumu rəsmi media orqanı “Amaq” Xəbər Agentliyi üzərindən müxtəlif görüntü və videolarla üzərinə götürüb. Bəs İŞİD-K kimdir? Məqsədi nədir? Necə inkişaf edib? Niyə Rusiyanı hədəf alıb? Son sualdan başlasaq, İŞİD-K 2017-ci ildən Rusiya ilə müharibə şəraitində olduğunu bəyan edir.

2014-cü ildə yarandığı gündən bəri Rusiyanı təhdid edən İŞİD-K-nın “Crocus City Hall”a hücumdan bir həftə əvvəl Kaluqadakı sinaqoqa planlaşdırdığı hücumun Rusiya kəşfiyyatı tərəfindən qarşısı alındığı da mediaya bildirilib. İŞİD-K-nın məqsədi, silahlı quruluşu və necə inkişaf etdiyi haqqında əsasən aşağıdakıları söyləmək olar.

İŞİD-K 2013-cü ildə “Əl-Qaidə”nin İraq qolundan ayrılaraq, İŞİD-in Pakistan-Əfqanıstan bölgəsindəki aparatına verilən addır. İŞİD-K ilk dəfə 2015-ci ildə Xorasan və ətraf bölgələrdə meydana çıxıb. İŞİD “Pakistan Talibanı”nı tərk etmiş yaraqlıları öz sıralarına cəlb edərək, İŞİD-K-nı yaradıb. İŞİD-K-nın silahlı quruluşunu, İŞİD-in onurğa sütununu təşkil edən üzvlər kimi, Suriya və İraqdan Əfqanıstana qaça bilən və ya qaçmasına göz yumulan və müxtəlif ölkələrlə yanaşı, xüsusilə Tacikistan, Özbəkistan, Çeçenistan, Hindistan, Banqladeş və Çindən gələnlər təşkil edir.

Bu məqamda “qaçmasına göz yumulan” ifadəsinə diqqət çəkməkdə fayda var. Bu açıqlamanın nə demək olduğunu anlamaq üçün 2017-ci ildə Amerika Birləşmiş Ştatlarının (ABŞ) başçılıq etdiyi koalisiya qüvvələri ilə İŞİD yaraqlılarının Suriyanın Rəqqa şəhərində bağladıqları gizli razılaşmadan danışmaq lazımdır. BBC kimi beynəlxalq media qurumları tərəfindən geniş işıqlandırılan saziş haqqında müxtəlif etibarlı açıq mənbə məlumatlarına nəzər saldıqda aşağıdakı məqamlar diqqəti cəlb edir.

2017-ci ildə Rəqqada olan 250 İŞİD silahlısı və ailələri Suriyada İŞİD-ə qarşı mübarizə adı altında qurulan, ABŞ və Britaniyanın rəhbərlik etdiyi koalisiya ilə onurğa sütununu PKK terror təşkilatının Suriya qolu olan Suriya Demokratik Qüvvələrinin (SDQ) təşkil etdiyi ortaq əməliyyatla Rəqqadan təhlükəsiz bir şəkildə təxliyə edildi. Təxliyə edilən İŞİD üzvləri arasında təşkilatın aparıcı silahlıları ilə yanaşı, çoxlu sayda əcnəbi döyüşçü də var idi.

Sözügedən 250 İŞİD yaraqlısı Rəqqa ABŞ-nin dəstəklədiyi YPG terrorçuları tərəfindən ələ keçirilməzdən əvvəl yüzlərlə avtomobil karvanı ilə şəhəri tərk edib. Onlarla əcnəbi İŞİD yaraqlısı silah və sursatla dolu 10 TIR ilə ABŞ və YPG-nin nəzarəti altında Rəqqadan sağ-salamat çıxıb. Beynəlxalq mediada yer alan açıq-aydın məlumatlara baxmayaraq, nə ABŞ və Britaniyanın rəhbərlik etdiyi koalisiyanın, nə də koalisiyanın dəstəklədiyi PYD/YPG-nin razılaşmadakı rollarını etiraf etmək istəmədikləri anlaşıldı.

İŞİD-K-nın Orta Asiyadakı yüksəlişi və yayılması

Bəs bu silahlılar hara getdilər? Bu silahlıların hər nə qədər İraq və Suriyanın dərinliklərinə dağıldıqları, xarici silahların əksəriyyətinin isə ölkələrinə geri qayıtdıqları Qərb mediasında yer alsa belə, İŞİD-ə bağlı ünsürlərin Afrikanın Sahel bölgəsində və Xorasanda son aylarda artan fəallıqları nəzərə alındıqda, sözügedən qrupların xüsusilə Əfqanıstana, daha sonra isə Sahelə keçid etdikləri irəli sürülə bilər.

Çünki bu şəxslər ciddi qarşıdurma təcrübəsi olan, silah və partlayıcı maddələrdən yaxşı istifadə edə bilən, gizli şəkildə ölkə dəyişdirərək, hərəkətlər planlaşdıra bilən, kəşfiyyat apara bilən, kripto kommunikasiya və kommunikasiya texnikalarından istifadə edə bilən, ideoloji cəhətdən İŞİD-ə ciddi bağlı olan silahlılardır. Ona görə də bu şəxslərin Xorasan və Saheldə İŞİD-in yüksəlişində aparıcı rol oynadıqlarını asanlıqla təhlil etmək olar. Xorasan və Sahelə sağ-salamat keçən yaraqlıların hədəf dayanacaqlarının məhz bu bölgələr olması da çox əlamətdardır.

Əvvəlcə “Niyə Xorasan?” sualını vermək lazımdır. Bu sualın cavabı Xorasan və onun ətrafının, yəni Əfqanıstanın strateji mövqeyi ilə bağlıdır. Bu strateji mövqe beynəlxalq sistem baxımından müxtəlif nöqteyi-nəzərlərdən qiymətləndirilə bilər. Xorasanda İŞİD-in güclənməsi yaxın illərdə Çin və ABŞ arasında qlobal rəqabətdə həlledici rol oynaya bilər. Məlum olduğu kimi, Əfqanıstan Çinin “Bir Kəmər-Bir Yol” təşəbbüsünün təhlükəsizliyində mühüm rola malikdir. Bu səbəbdən Çin Pakistana təsir göstərmək və Əfqanıstanla münasibətləri yaxşılaşdırmaq üçün mötədil və itaətkar “Taliban” administrasiyası istəyir.

İŞİD-K-nın bu seçimə zərər vurma potensialı var. Bundan əlavə, Çin Şərqi Türküstan vasitəsilə öz ölkəsində İŞİD-in dəstəklədiyi terror təhlükəsi ilə üzləşə biləcəyini proqnozlaşdırır. Buna görə də İŞİD-K-nın Orta Asiyada artması və yayılması Çin üçün birbaşa təhlükə və riskdir. Bu vəziyyətin Çinin maraq və strategiyalarına vura biləcəyi zərər çərçivəsində ABŞ üçün üstünlük verə biləcək bir vəziyyət ortaya çıxır. Çinin Afrika coğrafiyasında iqtisadi və siyasi təsiri getdikcə artsa da, bu investisiyalar hələ başlanğıc mərhələsindədir. Çin Afrikanın bir çox bölgələrində mədən əməliyyatları, uzunmüddətli liman icarələri və müxtəlif infrastruktur tikintiləri kimi irimiqyaslı kommersiya investisiyalarına malikdir.

Bununla belə, bir çox yoxsul Afrika ölkələrinin də Çinə böyük məbləğdə borcu var. Bütün bu hadisələr Çinin Afrikadakı təsirini artırır. Bu səbəbdən də Sahel mərkəzli İŞİD terrorunun yaxın illərdə Afrikada sabitliyi əhəmiyyətli dərəcədə pozması tamamilə mümkündür. Bu vəziyyət Çinin Afrika ilə bağlı planlarını ciddi şəkildə poza bilər. Nəticə olaraq bütün bu qiymətləndirmələr işığında ağla “İŞİD hədəfindəki ölkələri necə seçir?” sualı gəlir.

İŞİD niyə Qərbi və ya ABŞ-ni hədəf almaq əvəzinə Rusiya, Türkiyə, İran və Orta Asiyada hücumlar planlaşdırır? Bu kontekstdə İŞİD rəhbərliyinin subpodratçılıq etdikləri qüvvələrin himayəsi altında hərəkət etdiyi düşünülə bilər.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İŞİD   Qərbi   ABŞ  


Bizi "telegram"da izləyin