Tatarıstandakı zavod Mərkəzi Asiyadan buraxılan PUA-larla vurulub? KTMT-nin qurucu üzvü Rusiyanı vurur?

2024/04/1712131973.jpg
Oxunub: 4051     15:34     08 Aprel 2024    
Aprelin 2-də Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ilk dəfə olaraq Tatarıstan səmasında Pilotsuz Uçuş Aparatları (PUA) peyda olub. Bu münasibətlə Dövlət Dumasının deputatı, Müdafiə komitəsinin üzvü, general-leytenant Andrey Qurulev sensasion fikir bildirib.

O bildirib ki, PUA-ların Ukraynadan buraxılması ilə bağlı heç bir təsdiqedici fakt yoxdur. Qurulev PUA-ların Orta Asiya respublikalarından birinin ərazisindən buraxıla biləcəyini mümkün hesab edib. Rusiya Dövlət Dumasının deputatı, yüksək rütbəli hərbçi problemi dəqiqləşdirməsəydi, bu fikri fərziyyə kimi qiymətləndirmək olardı. Belə ki, Qurulev bildirib: “Şimalda və şimal-qərbdə (Mərkəzi Asiyanın şimalında və şimal-qərbində) yerləşən çöl bölgələri praktiki olaraq yaşayışsızdır və nə havadan, nə də radar qurğuları ilə izlənmir, hər şeyi ora gətirmək olar”.

Mərkəzi Asiyanın şimal və şimal-qərb bölgələri Qazaxıstan ərazisindədir, Qazaxıstan isə KTMT-nin qurucu üzvü və Rusiyaya dost ölkədir. Rusiya Prezidenti Putin sonuncu dəfə ötən ilin noyabr ayının əvvəlində Astanaya səfər edib, tərəflər bütün sahələrdə əməkdaşlığın səviyyəsini yüksək qiymətləndiriblər. Məhz Astanada Vladimir Putin Qızıl Orda və Rusiyanın tarixi və mədəni ortaqlığı haqqında danışıb.

Bir neçə ay ərzində nə dəyişib ki, Qurulev PUA-larla Mərkəzi Asiyanın “praktiki olaraq yaşayış olmayan ərazilərindən” Rusiyaya qarşı istifadə etməyin mümkünlüyünə şübhə edir? Sual yaranır ki, bəs niyə KTMT öz məsuliyyət zonasının hava məkanına nəzarət etmir? Orta Asiya ölkələrinə etimad o qədərmi böyükdür ki, bu “qırılma” ehtimalı istisna edilib? Rusiya Dövlət Duması deputatının bu bəyanatına Mərkəzi Asiyadan necə reaksiya verəcəklər, reaksiya verəcəklər, yoxsa susacaqlar? Bu başqa sualdır.

Bu olduqca vacibdir ki, Ukrayna müharibəsinin kritik mərhələsində, ekspertlər ya Rusiyanın genişmiqyaslı hücumunu, ya da tükəndirici mövqe hərbi əməliyyatlarının daha bir-iki il uzadılmasını proqnozlaşdıranda, Moskva demək olar bütün tərəflərdən ya düşmən, ya da ən azından dost olmayan ölkələrlə əhatə olunduğunu ifadə edir.

Üstəlik, əgər indiyə qədər Avropa ilə həmsərhəd olan və ya Avropaya can atan keçmiş sovet respublikaları “şübhəli” idisə, general Qurulev artıq oxları Mərkəzi Asiyaya, konkret olaraq Qazaxıstana tuşlayır. Göründüyü kimi, Avropa İttifaqının Mərkəzi Asiya ölkələri ilə enerji və kommunikasiya əlaqələrinin dərinləşdirilməsi perspektivi rol oynayır. Rusiya Prezidenti Putin “Krokus Siti Hol” terror aktından sonra vəziyyəti “çox çətin” kimi qiymətləndirib. Rusiyada işləyən minlərlə insan Tacikistanı və digər Mərkəzi Asiya ölkələrini tərk edir.

Putin hüquq-mühafizə orqanlarını ksenofobiya və islamofobiya ictimai təzahürlərinə yol verməməyə çağırıb. Bu kontekstdə Dövlət Dumasının deputatının şübhəsi nəinki qeyri-adi səslənir, hətta dövlətlərarası münasibətlərdə də əlavə gərginlik yarada bilər.

Moskva dəfələrlə Qərbin “ikinci cəbhə açmaq” planının olduğunu bəyan edib. Bəs Qərb KTMT-nin məsuliyyət zonası olan Mərkəzi Asiyada özünü o qədər gücləndirib ki, praktiki olaraq yaşayış olmayan ərazilərdə PUA-ların buraxılması üçün infrastruktur yaradıb və operatorlar hazırlayıb? Əgər belədirsə, onda KTMT nə təqdim edir? Yeri gəlmişkən, təşkilata sədrlik edən ölkə Qazaxıstandır.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tatarıstan   PUA   KTMT   Rusiya  


Bizi "telegram"da izləyin