Moldovadakı separatçılar Moskvadan üz döndərir? – BAXIŞ BUCAĞI

2022/03/1647431817.jpg
Oxunub: 205     13:41     05 Mart 2024    
Fevralın 28-də Tiraspolda qondarma “Dnestryanı”nın separatçı “deputatları”nın qurultayı çağırılıb. Moskvada gözləntilər var idi ki, qurultay 2006-cı ildə “Dnestryanı”nın suverenliyini elan etməsinə və könüllü olaraq Rusiya Federasiyasına birləşməsinə razısınızmı?” sualı ilə keçirilmiş referendumun nəticələrini əsas qəbul edərək, Dnestryanı bölgəni öz tərkibinə qəbul etmək vəsatəti ilə Rusiyaya müraciət edəcək.

Rusiya Prezidenti Putinin illik mesajının dərci növbəti günə planlaşdırılmışdı və Tiraspolun “çelobitie”si fürsət ola bilərdi ki, Federal Məclis ən azından “Dnestryanı”nı müdafiə etmək üçün bəyanat qəbul etsin. Görünür, Tiraspol son dərəcə ehtiyatlı variant seçib: qurultay çağırıldı, Rusiyaya göndərilən ərizə qəbul edildi, ancaq bu, diplomatik dəstək və iqtisadi yardım xahişi ilə oldu. Moskvanın reaksiyası adekvat idi: Xarici İşlər Nazirliyi “Dnestryanı”nın xahişinin nəzərə alındığını və Rusiyanın kifayət qədər səy göstərəcəyini bəyan edib.

Hakimiyyətə yaxın mətbuatın münasibəti isə tamam başqadır. Düzdür, Tiraspol açıq təbliğat hücumuna məruz qalmır, ancaq eyhamlardan belə başa düşülür ki, onların Moskvadan prinsipial olaraq narazılıqları var: Niyə “Dnestryanı” Rusiya ilə müharibənin ilk günlərindən tanınmayan bölgə ilə sərhədi bağlayan Ukraynanı qınamayıb? Görünür, Moskva Dnestryanı bölgənin əhalisinin üçdə birinin etnik ukraynalı olmasından, onların əksəriyyətinin Ukrayna vətəndaşlığı almasından və Tiraspolun Kiyevə qarşı istənilən sərt “hərəkəti”nin daxili ziddiyyətlərə səbəb ola biləcəyindən heç də narahat olmur.

Yaxud bəlkə də məhz belə bir ssenari əvvəlcədən planlaşdırılıb ki, vəziyyət bundan irəli gələn nəticələrlə birlikdə Dnestryanıdakı rus əhaliyə qarşı Ukraynanın “təşkil etdiyi və himayədarlıq etdiyi aqressiya” kimi təqdim olunsun. “Regnum”un şərhçisi Tiraspol konfransında “Rusiya dövlət rəmzlərinin olmadığını, presedenti olmayan bir şeyi, çıxış edənlərin isə Ukraynanı tənqid edən bir kəlmə də demədiyini” müşahidə edərək, Dnestryanının “siyasi elitası”nın Avropa İttifaqı ilə münasibətlərdə Rusiyaya “diplomatik çevikliyi tövsiyə etdiyini” ələ salır.

O həmçinin qeyd edir ki, Dnestryanıdan çıxış məsələsində “Moldovanın müvafiq strukturları ilə əməkdaşlıq tendensiyası” mövcuddur. Əslində bu o deməkdir ki, bölgədə yaşayan əhali Moldova qanunlarını tanıyır və Moldova vətəndaşı kimi xaricə gedib qayıdır. Prinsipcə, Dnestryanı Rusiyanın Qərblə qarşıdurmasının forpostu və ya “Rusiya dünyasının uzaq qərb sərhədi” olmaq niyyətində olmadığını və problemin sülh-danışıqlar yolu ilə həllinə üstünlük verdiyini açıq şəkildə bildirdi.

“Ola bilsin ki, bu, taktiki geri çəkilmədir, bəlkə də bu, Dnestrin sol sahilinin elitasının seçimidir, lakin problemin həlli əsaslı şəkildə Ukraynadakı müharibənin nəticəsi ilə bağlıdır”, - deyə “Regnum”un məqaləsinin müəllifi sözlərini yekunlaşdırıb.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moldova   Dnestryanı  


Bizi "telegram"da izləyin